“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 17:53

Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş “Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı” layihəsinin rəsmi açılışını keçirib.
Layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşların sistemli şəkildə müəyyənləşdirilməsi, dəyərləndirilməsi və inkişaf etdirilməsidir. Bu təşəbbüs, şirkət strukturunda yalnız rəhbər heyətə deyil, eyni zamanda mütəxəssis bazasında olan istedadlara da liderlik imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edir.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, “Veysəloğlu” MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, İdarə Heyətinin üzvləri, şirkət direktorları və layihə çərçivəsində seçilmiş yüksək potensiallı mütəxəssisləri təmsil edən 80 nəfər iştirak edib.
Tədbir zamanı layihənin mərhələləri, tətbiq olunan qiymətləndirmə metodikaları, fərdi inkişaf planlarının məzmunu və mütəxəssislər üçün nəzərdə tutulan imtiyazlar təqdim olunub. Yüksək potensiallı əməkdaşlar üçün təşkil olunan bu layihə şirkətin liderlik ehtiyatı yaratmaq, daxili irəliləyiş imkanlarını gücləndirmək və dayanıqlı insan kapitalı formalaşdırmaq istiqamətində atdığı strateji addım kimi dəyərləndirilib.
Tədbirdə Dünya Bankının gender məsələləri üzrə məsləhətçisi və ADA Universitetinin təlimçisi Şəmsiyyə Mustafayeva da qonaq qismində iştirak edərək layihənin inklüzivlik və gender baxımından əhəmiyyətini vurğulayıb. Layihə həm iştirakçılar, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndirilib və insan resurslarını əhatə edən innovativ təşəbbüs kimi dəyərləndirilib.
Bu layihə “Veysəloğlu” MMC-nin insan resursları strategiyasında yalnız rəhbər heyət üçün deyil, həm də mütəxəssis səviyyəsindəki istedadlar üçün uzunmüddətli inkişaf imkanları yaratmağa yönəlmiş qabaqcıl yanaşmasının bariz nümunəsidir. Bu dərəcədə əhatəli şəkildə həyata keçirilən layihə, mahiyyət etibarilə ölkədə ilk təşəbbüslərdən biri hesab olunur, korporativ liderliyin inklüziv və davamlı modelinin formalaşmasına xidmət edir.