Məhkəmə Rüfət Səfərovu ev dustaqlığına buraxmayıb

Dünən, 12:17           
Məhkəmə Rüfət Səfərovu ev dustaqlığına buraxmayıb
Fevralın 26-da Binəqədi Rayon Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun ev dustaqlığına buraxılması haqda müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Vəkillər Cavad Cavadov və Elçin Sadıqov məhkəməyə müvəkkillərinin günahsız olduğunu, həmçinin həbsdə qalmasına və istintaqdan yayınmasına heç bir əsasın olmadığını bildirsələr də, məhkəmə vəsatəti təmin etməyib.

Səfərov çıxışında ona qarşı irəli sürülən ittihamların saxta olduğunu bildirib. “Mən tamahkar olsaydım, prokurorluqda qalardım, indi də yüksək vəzifələrdə idim. İndi mənə gülməli ittihamlar verirlər, guya tamah niyyətiylə dələduzluq eləmişəm. Qırmızı imperiyanın repressiyalarının tüğyan etdiyi vaxtında xeyli hakim və prokurorlar güllələnmişdi. Səbəb onların qanunsuz təqib əmrlərini yerinə yetirməkdən imtina etmələri olmuşdu. Təəssüf ki, bu gün bizim məhkəmə-hüquq sistemindən buna cəsarət edəcək nümunə görə bilmirik”, o deyib.

Rüfət Səfərov ötən il dekabrın 3-də həbs olunub. O, Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham olunur. Cinayət işində iddia olunur ki, Səfərov torpaq alqı-satqısı adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb, sonra isə onların arasında mübahisə düşüb və Səfərov İmamquliyevi vurub.

Hüquq müdafiəçisi isə həmin gün axşam evə qayıdarkən maşından düşəndə bir nəfərin ona hücum etdiyini və ətrafdan polislərin qaraja daxil olub, onu saxladığını bildirir.

Səfərov ötən il ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqları sahəsində mükafata layiq görülüb. O, həbsindən bir neçə gün əvvəl mükafatı qəbul etmək üçün ABŞ-a getməyə hazırlaşırmış. Mükafat dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günüdə keçmiş ABŞ Dövlət katibi Antoni Blinken tərəfindən ona təqdim ediləcəkdi.

Səfərovun rəhbərlik etdiyi “Müdafiə Xətti” təşkilatı Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə hesabatlar hazırlamaq və həbsdə olan fəalların və jurnalistlərin müdafiəsini təşkil etməklə məşğul olub.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Onların 4 nəfərini hüquq müdafiəçiləri təşkil edir.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.