İcra başçısı kabinetindən boylansa; İH qabağındakı yaşıllıq “işğal”da – Reportaj
15-03-2018, 00:01
Paytaxtın Xətai, Nizami, Nərimanov, Sabunçu rayonlarında satışa çıxarılmayan bircə icra hakimiyyətlərinin binaları qalıb.
İcra hakimiyyəti başçıları səkiləri, yolları, yaşıllıqları qarış-qarış iş adamlarına verərək böyük pullar qazanırlar.
► İH-dən boylananda…
AzEuroNews.com-un məlumatına görə, o ərazilərdən biri də Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısındakı yaşıllıq massividir.
Əməkdaşımızın verdiyi məlumata görə, Sabunçu RİH binası önündə geniş bir yer hasarlanıb. Şam ağaclarının olduğu yerdə xeyli vaxtdır tikinti işləri aparılır.
Rayon icra başçısı Adil Vəliyev İH-nin pəncərəsindən irəli boylanıb müşahidə edərsə, orda hansı işlərin getdiyini görə bilər.
Yəni, həmin yaşıllığın mühasirəyə alınması Sabunçu İH-nin iradəsindən kənarda mümkün deyil.
Bu ərazinin hər iki tərəfdən qapıları qıfıllanıb. Qapıların arasından baxanda fəhlələrin işlədiyinə şahid olduq.
Amma İH-nin qarşısındakı yaşıllığın yerinsə nə inşa olunduğu məlum deyil. Giriş qapısında məlumat lövhəsi belə yoxdur.
► Kühüldağının yeni razinləri…
Sabunçu rayonunda satılan ərazilər İH-nin qabağındakı massivlə məhdudlaşmır. Bakıxanov qəsəbəsində səkilərin kənarında harda boş yer varsa satılıb, hasarlanıb.
İstərsə “Kristal” restoranına gedən yolda, istərsə ara məhəllərdə, istərsə də ATS-dən Qaraçuxura dönən istiqamətdə…
Bakıxanov 100 il bundan əvvəl Kühüldağı adlandırılıb. Kühüldağı mağara deməkdir. Tarixi məlumatlara görə, talançı dəstə başçısı Stepan Razin hələ 1667-ci ildə Xəzər dənizi vasitəsilə Abşerona gəlmiş, burada dağdakı mağarada düşərgə salaraq soyğunçuluq və amansız qarət məqsədilə ətraf kəndlərə basqınlar etmişdi.
Sovet hakimiyyəti illərində burada salınmış yaşayış məntəqəsi Stepan Razinin adı ilə adlandırılmışdı.
Ancaq deyəsən indi yerli məmurlar S.Razinin yerini tutmaqdadırlar. Sabunçu İH, Bakıxanov bələdiyyəsi və icra nümayəndəliyi təzə obyektlərin tikilməsi üçün boş yer saxlamayıblar.
Xatırladaq ki, A.Vəliyev icra hakimi postuna təyin olunana qədər biznes fəaliyyəti ilə məşğul olub.
O, 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro style” LTD şirkətində aktiv fəaliyyət göstərib. Sonra şirkətin idarəçiliyini oğluna həvalə edib.
“Porsche Bakı” mərkəzi, “Audi” və “Wolksvagen” kimi nəhəng avtomobil satışı mərkəzlərinin ona məxsus olduğu çoxdan məlumdur.
“Sarı gəlin”, “AQAT” şadlıq saraylarının da biznes şəbəkəsinə daxil olduğu bildirilir. RİH-nin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.