Yasamala “müjdə”: Kərəm Həsənovun MTN işinə qarışan kadrı Cəlilabadı tar-mar etmişdi - Faktlar

16-03-2018, 00:43           
Yasamala “müjdə”: Kərəm Həsənovun MTN işinə qarışan kadrı Cəlilabadı tar-mar etmişdi - Faktlar
Cəlilabadı tar-mar edən Əziz Əzizov “sərgüzəşt”lərini Yasamal rayonunda davam etdirəcək

Onun Cəlilabad icra başçısı postundan getməsi rayonda toy-bayrama səbəb olub.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxın adamı kimi ictimaiyyətə məlum olan Ə.Əzizovun gedişi Cəlilabadda sevinclə qarşılansa da, onun yerinə komitə sədrinin daha bir kadrının gətiriləcəyi gözlənilir.

Buna baxmayaraq, Cəlilabadda bitən Ə.Əzizov erası sakinlərin ürəyincə olub. Çünki iş adamlarından tutmuş sıravi sakinlərə, fermerlərdən ticarətçilərə qədər hamı bir nəfər kimi onun əməllərindən cana doymuşdu.

Onun rəhbərliyi dövrdə Cəlilabadda heç bir abadlıq-quruculuq işləri həyata keçirilməyib.

Rayonun mərkəzində bir-iki gözoxşayan inzibati binaların fasadları təmir edilərək prezident səfərlərində ona göstərilib.

Ə.Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub. Bu işini məmur vəzifəsində olduğu dövrdə inkişaf etdirib.

O, Bakıda tikinti biznesi ilə məşğul olur. Odur ki, Yasamala icra başçısı təyinatı ikiqat onun üçün düşərli olub. Çünki Yasamal kimi strateji rayonda tikinti biznesini genişləndirəcək.

Əzizov tikinti sektoruna sərmayəni bibisi oğlu Pərvin Əliyevin əli ilə yatırıb. Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var.

Bunların içərisində ən qiymətli olanı isə Xırdalanda "AAAF Park”ın girişində fəaliyyət göstərən "Makromart” univermağıdır.

Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki, bir neçə milyon dollara başa gəlmiş həmin ticarət obyektinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur. Ancaq sözügedən ticarət mərkəzi Ə.Əzizovla K.Həsənovun şərikli məkanıdır.

İcra başçısı rayondakı bütün çörək sexlərinin fəaliyyətini iflic hala salıb.

O, özünə şəxsi çörək zavodu açaraq bütün sexlərdəki çörək istehsalını qadağan edib. Rayondakı bütün çörək istehsalı və satışı başçının monopoliyasındadır.

Hətta rayondakı təndirxanaları dağıtdırıb. Təndirxana demir, özəl sex demir, hamısını bağlatdırıb.

Rayonda bir dənə də olsun təndir görə bilməzsiniz. Hamısı başçının göstərişi ilə sökülüb. Az qalır ki, evdə bişən çörəklərə də müdaxilə etsin.

Bununla belə, K.Həsənov Ə.Əzizovun Yasamala icra başçısı getməsinə müvəffəq olub. O, siyasi rəhbərliyi inandırıb ki, Bakının bu əhəmiyyətli rayonuna rəhbərlik edəcək şəxsin boynu “qıldan incədir” və iqtidara sədaqətlə xidmət göstərəcək.

İddialara görə, Ə.Əzizov böyük ziyafət məclisi təşkil edib və K.Həsənovun bu təyinatda xüsusi rolundan danışıb. O, komitə sədrinin onların ağsaqqalı olduğunu dilə gətirməklə təşəkkürünü çatdırıb.

Cəlilabaddan gələn son xəbərlərdə isə deyilir ki, Ə.Əzizov rayondakı obyektlərini təhvil verməyib. Əksinə, K.Həsənovun patronluğu altında həm Yasamala, həm Cəlilabada nəzarət olunacaq.

Ən maraqlısı budur ki, Ə.Əzizov K.Həsənovla bərabər onun qudası olan Gəncənin meri Elmar Vəliyevə də güvənir.

Görünür ki, siyasi hakimiyyətin ən yüksək eşelonuna çıxış imkanları olan sözügedən məmurların təqdimatı əsasında Ə.Əzizov Yasamala icra başçısı təyin olunub.

Yeri gəlmişkən, Bakı Apellyasiya Məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun sifarişi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə mənzilinə tapança qoyulub həbs olunmuş Mətləb Mustafayevə bəraət hökmü verdikdən sonra çoxları Kərəm Həsənovun karyerasına ciddi zərbə vurulduğunu güman edirdi.

Çünki Bakı Apellyasiya Məhkəməsində və Bakı Hərbi Məhkəməsində keçirilən uzun müddətli, çoxsaylı iclaslardan sonra Mətləb Mustafayevin şərləndiyi tam təsdiqini tapdı.

Həmin ərəfədə əslən Cəbrayıl rayonundan olan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qohumları vasitəsi ilə Mətləb Mustafayevə ismarıc göndərib adının hallandırılmaması müqabilində ona mənzil, külli miqdarda pul təklif etdiyi söhbətləri də yayılmışdı.

Kütləvi informasiya vasitələrində gedən müraciətin yayılmaması üçün həmin müraciətin dərc olunduğu qəzetlərin onun yaxınları tərəfindən köşklərdən alınıb məhv edilməsi xəbərləri də gündəmdə idi.

Yaxınları ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Cəliabad rayonunun sosial iqtisadi inkişafı üçün ayrılmış vəsait hesabına aparılmış tikinti, abadlıq işlərini Kərəm Həsənovun adı ilə bağlayırdılar.

O və yaxınları rayon əhalisi arasında elə fikir formalaşdırmışdılar ki, Cəlilabad rayonunda aparılan bütün yenilikləri onun adı ilə bağlanılırdı.
Hətta metronun "20 Yanvar” stansiyası ətrafında Cəlilabad rayonuna sərnişin daşıyan, taksi xidməti ilə məşğul olan şəxslər bəzən Cəlilabad sözünü "Kərəmabad” sözü ilə əvəzləşdirirdilər.

Əslində, Əziz Əzizovun Cəlilabad rayonunda başçı işlədiyi dövrdə rayonda tikilmiş saysız-hesabsız ticarət, iaşə, xidmət obyektləri Kərəm Həsənovun, Rüstəm Şahbazovun, Əziz Əzizovun yaxın qohumlarına məxsus olduğunu çoxları bilirdi.

Kərəm Həsənov nə vaxtsa Əziz Əzizovun məcburi köçkün qohum əqrabasının, balakənlilərin, zaqatalalıların, Rüstəm Şahbazovun tələbə yoldaşlarının, qubalılıların, qazaxlıların, Rafiq Cəlilovun lənkəranlı qohumlarının adına rəsmiləşdirilmiş obyekt və torpaq sahələrinin öz adlarına keçirilməsi zamanı problemlər yaşamayacaqlarına heç kim zəmanət verə bilməz.

Məsələn, götürək elə X-in adına çıxarışı olan "SİTİ MAİL” yaşayış kompleksindəki 2 ədəd hər birinin dəyəri 1 milyon ABŞ dolları olan 3 otaqlı mənzili (bu mənzillərin kimin adına rəsmiləşdirildiyi bizə məlumdur.

Lakin həmin əməliyyata görə o şəxsə müəyyən məbləğ ödənildiyinə görə onun adını hallandırmırıq).

Hamıya məlumdur ki, Bakı şəhərində ilk inşa olunan binalardan biri olan həmin binada mənzilin 1 kvadratmetrinin qiyməti 5 min ABŞ dolları civarında olub.

Görəsən, X-də o qədər vəsait haradan idi, yaxud həmin vəsaiti ödəyən şəxs bu məbləği haradan əldə etmişdi?

Cəlilabad rayonun kəndlərinə çəkilən asfalt döşənmiş yolların inşası bir qayda olaraq bu işdə heç bir səriştəsi, təcrübəsi olmayan, Kərəm Həsənova, Əziz Əzizova və Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin əmisi oğlanlarına yaxın şəxslərə tapşırılırdı.

Bu yolların tikintisinə külli miqdarda pul ayrılmasına baxmayaraq, səriştəsiz iş adamları tərəfindən tikildiyi üçün ömrü çox qısa olub tez-tez sıradan çıxdığı üçün yenidən Kərəm Həsənovun və Əziz Əzizovun "daxili imkanları” hesabına təmir olunur.

İndi bu bioqrafiya və reputasiyanın sahibi Yasamalın icra başçısı vəzifəsində çalışacaq. Nə deyirik, xeyirli olsun, Əziz müəllim!!! (siam.az)
teref.az olaraq adları çəıkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.