Üç adamı “vurulan” Samir Şərifovun Beynəlxalq Bank erası bitirildi - Təfərrüat
19-03-2018, 00:15
Maliyyə naziri Samir Şərifov Azərbaycan Beynəlxalq Bankının yeni tərkibinin formalaşmasında ciddi zərbə aldı. Bu, xeyli zamandır yazılanlara təsdiq idi
FİA.Az yazır ki, Müşahidə Şurasının əvvəlki tərkibində naziri 3 sadiq kadrı təmsil olunmuşdu və hər üçü də yeni tərkibdən uzaqlaşdırılıb.
Bu azmış kimi, ABB-də ən çox pay sahibi olan dövləti təmsil edən Maliyyə Nazirliyinə bu dəfə yalnız bir nəfər yer ayrılıb. O da nazir Samir Şərifovun digər müavini Emin Hüseynovdur.
Ancaq Emin Hüseynovun yuxarıda qeyd edilən tərcümüye-halından aydın görünür ki, o, Samir Şərifovun müavini olsa da, onun təsir dairəsində deyil.
Arayış üçün deyək: Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.
Əvvəlki tərkibdə yer alan nazir müavini Azər Bayramov şuranın sədri olmaqla bankın idarə olunmasında əsas fiqurlardan biri olub. Bu məsələdə ona nazirliyin daha 2 nümayəndəsi də yardımçı olublar.
Və bütün bunlar da Samir Şərifovun ABB-də hər tərəfli ciddi söz sahibi olmasını şərtləndirib. Lakin budəfəki tərkibdə o "üçlük" daha yoxdur.
Samir Şərifovun bu bank üzərində təsirini minimuma endirmək məqsədi daşıyıb. Baxmayaraq ki, “öz ipini kəsən” iclasa da elə özü rəhbərlik edib.
Bundan başqa, o da iddia olunur ki, Samir Şərifovun birdən-birə şuradakı 3 təmsilçsinin “vurulması” da təsadüfi deyil və bunun çox ciddi səbəbləri var.
FİA.Az xəbər verir ki, maliyyə nazirinin ABB-dəki hökmranlığına son qoyuldu. Onun ABB-nin başına açdığı oyunlar Cahangir Hacıyevin məsuliyyətindən az olmayıb. Odur ki, S.Şərifov erası bitir və ABB yenilənir. Nazirin təsir imkanları azaldılır.
ABB-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri məhkəmə iclaslarında deyib ki, Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri olub və onlar bankda oturub bütün qərarlara qol çəkiblər.
Cahangir Hacıyev: “Amma ittiham aktında Audit Komissiyası, Müşahidə Şurası, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır.
Maliyyə naziri Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada mənim yanımda əyləşməlidir. Bunu sübut edən faktlarım var”.
Bu çıxışlarından sonra maliyyə naziri C.Hacıyevə mətbuat vasitəsilə cavab verdi. Samir Şərifov Beynəlxalq Bankın borcları barədə danışarkən bildirirdi ki, bankın sabiq rəhbərliyi kobud səhvlərə yol verib.
Başlanğıcda ABB-nin 5-6 milyarlıq problemli aktivlərindən söhbət gedirdisə, sonradan bu məbləğ 10 milyardı aşdı və bununla da qalmayıb, qısa zamanda 20 milyardı haqladı.
Sadalanan rəqəmləri topladıqda hələlik 19,4 mlrd. manatlıq böyük bir vəsaitdən söhbət gedir. ABB cəmi iki ildə 20 milyarda yaxın pulu “udub”. Cəmiyyəti düşündürən ölkənin bir illik büdcəsinə bərabər borcun mənbəyidir.
Proses qeyri-şəffaf keçirildiyindən zərərli aktivlərin həcminin 3 dəfədən çox artmasının gerçək səbəbi barədə məlumat yoxdur. Hökumətdə isə israrla susurlar.
Bankın fəaliyyətinin şəffaflığının təmin edilməməsi, hesabatlılığın olmaması da cəmiyyətdə neqativ rəylər formalaşdırır.
Artıq 2018-ci ilin birinci rübü başa çatmaq üzrədir, web-saytında ABB-nin ən son maliyyə hesabatı 2016-cı ilin 6 ayına dairdir.
Halbuki, bankın nəinki 2016-cı il, eləcə də 2017-ci ilin tam hesabatı indiyə qədər açıqlanmalıydı.