Məktəb direktorları “vinetka” alverinə qoşulub
19-03-2018, 00:18
Ekspertlər hesab edirlər ki, şagirdlərə nəyisə məcbur edən direktorlar qanunları pozur
Son zamanlar orta məktəblərdə pul yığımı ilə bağlı apardığımız sorğular nəticəsində məlum olub ki, bu işlə məşğul olan şəbəkələr mövcuddur. İşbazlar hər cür vasitələrlə şagirdlərdən pul yığılması haqda yollar düşünürlər.
Belə mənfi hallardan biri də məktəblərdə xatirə şəkil kitabçası (vinetka) adı ilə qurulan tələlərdir. Bu şəkil kitabçasını hazırlayan şəbəkələr bir valideyndən nə az, nə çox - 40-50 manat arası pul alırlar. Halbuki sözügedən məhsulun maya dəyəri qat-qat aşağıdır. Təəssüfedici hallardan biri də budur ki, belə işbazlar bəzi məktəb direktorları ilə "isbirliyi” qurublar.
"Sağlam Mühit və Sağlam Gələcək” İctimai Birliyinin icraçı direktoru, araşdırmaçı-yazar Vüsal Hətəmov mövzu ilə bağlı "Reytinq”ə deyib ki, bu hala təkcə məktəblərdə deyil, eyni zamanda bağçalarda da rast gəlmək olur:
"Dəfələrlə olub ki, bizə valideynlər bu cür hallardan şikayət edib. Valideynlər haqlı olaraq bildirir ki, maya dəyəri 3-5 manat olan vinetka 40-50 manata bizə satılır. Sumqayıtda bu hallar təkcə məktəblərdə deyil, bağçalarda da baş verir. Çox kasıb valideynlər var ki, vinetka pulu verə bilmədiklərindən ailə-uşaq yanında utanc hissi keçirir. Valideynlər şikayət edir ki, biz bağçada, məktəbdə yüksək məbləğdə vinetka pulu verə bilmədiyimiz üçün uşaqlarımız soyuq münasibətlə üzləşirlər”.
V. Hətəmov qeyd edib ki, məsələ ilə bağlı əlaqədar qurumlar ciddi məşğul olmalıdır: "Vinetka puluna gücü çatmayan ailələrdə böyüyən şagirdlərin psixoloji sarsıntısı sabah onlarda cəmiyyətdən qisasalma hissini ortaya çıxaracaq. Belə olan halda hansı sağlam gələcəkdən danışa bilərik?!”.
Təhsil üzrə ekspert Kamran Əsədov isə təəssüflə bildirib ki, bir çox orta məktəb direktoru fotostudio ilə iş birliyinə girib hər vinetkadan faiz alır. Onun sözlərinə görə, bu, qanun pozuntusudur:
"Hətta şagirdlər həmən o fotoqrafın işindən narazı olsalar da, direktor məcburi olaraq həmən fotoqrafla işləməli olduqlarını deyir. Mənə bununla bağlı çoxsaylı şagird, valideyn müraciət edib. Hər dəfə demişəm ki, bu müstəqil və sərbəst seçim əsasında həyata keçirilir. Bütün sinifin razılığı əsasında fotoqraf seçilir. 2011-ci ildə qəbul edilmiş orta məktəblərin nümunəvi nizamnaməsində var. Belə ki, təhsil müəssisələri məktəbdənkənar fəaliyyətlə bağlı 3 tərəfli müqavilə imzalanıb, müəyyən edilmiş xidmətlərin göstərilməsi üçün cəlb edə bilərlər. Amma bu zaman da seçim şagirdlərinin öhdəsində olur. Çünki bu, məcburi xarakter daşımır. Şagirdlərin hüquqları var ki, məktəbdə öz xidmətini təklif edən özəl sektorun təklifini qəbul etməsinlər. Bu tipli xidmətlər heç bir halda məcburi ola bilməz. Bunu edən direktor qanunu pozur”.
fia.az