NAZİRİN POLİS RƏİSİ OĞLUNUN GÖRÜNMƏMİŞ ÖZBAŞINALIĞI-FOTOLAR

31-05-2018, 00:30           

Nazir Yavər Camalovun oğlu, Bakının Nizami rayon Mühafizə Polisi İdarəsinin rəisi Elşən Camalov tabeliyindəki polis əməkdaşlarından Nərimanov rayonundakı özünə məxsus “Montenapaleone” restoranının mühfizəsində istifadə edir…
«Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun oğlu, Nizami rayon Mühafizə Polisi İdarəsinin rəisi Elşən Camalov atasının və Şirvan RİH-in başçısı Mərdan Camalovun Bakıdakı obyektlərinin, villalarının qorunması üçün tabeliyində olan polis əməkdaşlarını müqaviləsiz olaraq bu obyektlərin mühafizəsində işlədir. O, bizim yaşadığımız binanın ikinci mərtəbəsindəki «Montenapaleone” restoranını əcaib fəaliyyət məkanına çevirib. Burada hər axşam bərbəzəkli xanımların gəliş-gedişi, onların keyfli səs-küyü dincliyimizi pozub, ailə-uşaqlarımıza, ağbirçək-ağsaqqallara hörmətsizlik gətirən vəziyyət yaradıb. Nazirimiz Ramil Usubovun bunlardan yəqinki xəbəri yoxdur və aidiyyəti qurumlardan bu vəziyyətə dair tədbir görülməsini xahiş edirik…».
Bu sözlər Bakının Nərimanov rayonu, Məmməd Araz küçəsi 25-29 ünvandakı doqquzmərtəbəli yeni yaşayış binasında və ətraf binalarda yaşayan sakinlər adından «Təzadlar»ın elektron poçtuna daxil olan şikayət məktubundandır…

Nazir oğlu rəisi olduğu polis idarəsini işçilərini başqa rayonda necə işlədir?

…Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, məmurlar və onların ərköyün övladları həddi aşmamalı, özbaşınalıq etməməlidir. Hətta çıxışlarının birində özbaşınalıq edən məmur övladlarına belə bir mesaj da vermişdi: “Onların güvəndiyi adamı vəzifəyə mən qoymuşam, lazım gələndə mən də çıxardacağam”.
Sonrakı gedişat göstərdi ki, prezident İlham Əliyev sözünün üstündə duraraq, bir necə məmur övladının yol verdiyi qanunsuzluğa və özbaşnalığa görə atalarını vəzifədən çıxartdı. Adlarını sadalamağa ehtiyac yoxdur. Onsuz da bu adlar hamıya məlumdur.
Bu yazımızda da məmur övladının qanunsuzluğundan danışacağıq. Amma maraqlıdır ki, bu məmur övladı özü də məmurdur. Söhbət müdafiə sənayesi naziri Yavər Camalovun oğlu, Nizami rayon Mühafizə Polisi İdarəsinin rəisi Elşən Camalovdan gedir. Onu da yaxşı bilirik ki, dövlət məmurunun və polisin bizneslə məşğul olması qadağandır. Təbii ki, istər Yavər Cavalov, istərsə də oğlu Elşən Camalov da bunu yaxşı bilirlər. Ona görə də bizneslərini başqalarının adına rəsmiləşdiriblər. Amma istər “Niaqara” restoranı, əyləncə mərkəzi olan “Olimp Star”, istərsə də Məmməd Araz küçəsi 25-29 ünvanda, 9 mərtəbəli yeni yaşayış binasının 2-ci mərtəbəsində yerləşən “Montenapaleone” restoranı olsun, kimdən soruşsan, əsl sahiblərinin ya Yavər Camalov, ya da Elşən Camalovun olduğunu deyəcəklər (Elə bizə də elə dedilər, bu barədə az sonra). Çünki “xalqın gözü tərəzidir”- deyimi elə-belə yaranmayıb.
“Niaqara” və “Olimp Star”-dan fərqli olaraq, “Montenapaleone” restoranı barədə son vaxtlar redaksiyamıza daha bir şikayət daxil olub. Şikayətçilərin bildirdiyən görə, Nizami rayon Mühafizə Polisi İdarəsinin rəisi Elşən Camalova məxsus olduğu bildirilən bu restoranda, mütəmadi dava-dalaş, səs-küy artıq adət halına çevrilib. Restoranda səhərə qədər davam edən səs-küy və dava-dalaşdan həmin binada yaşayan sakinlərin günü göy əskiyə bükülüb. Bir çox insanlar bu restoranın əlindən evlərini satıb başqa yerə köçmək məcburiyyətində qalıblar. Restorana axşam saatlarında əyləncə məqsədilə gətirilən miniyubkalı… xanımların davranışları isə lap bezdirici hala gəlib. Şərəf ləyaqətini qoruyan sakinlər neyləməlidir ki?!
Elşən Camalov özünün, atasının və əmisinin obyektlərinin qorunması üçün tabeliyindəki polisləri göndərir. Məsələn, “Niaqara” restoranı, “Olimp Star” əyləncə mərkəzi, elə “Montenapaleone” restoranı, həmçinin Yavər Camalovun və qardaşı Mərdan Camalovun Türkanda, Novxanıda, Fatmaidə olan villaları da bu sayaq qorunan obyektlərdəndir. Yavər Camalova məxsus Türkandakı villanın ərazisi dənizin kənarında böyük bir ərazini zəbt edib. Hətta dənizdən gələn kater polisin müşayəti ilə, birbaşa həyətə daxil olur. Həmin villanı da Nizami rayonu Mühafizə Polisi İdarəsinin əməkdaşları qoruyur. Maraqlıdır ki, Bakının hansı rayonunun ərazisində yerləşməsindən asılı olmayaraq, həmin obyektləri və villaları qorumaq üçün məhz Elşən Camalovun tabeliyində olan mühafizə polislərindən istifadə edilir.
Əvvəlla, hər obyektin yerləşdiyi ərazidə həmin rayonun Mühafizə Polisi İdarəsi var. Görünür, bu ailə öz obyektlərini başqa polislərə etibar etmirlər. Bu da bir qanunsuzluqdur ki, başqa rayonun ərazisindəki obyekti qorumağa Nizami rayonun Mühafizə Polisi müqaviləsiz olaraq ora göndərilir. Doğrudan da, o obyektlərin heç birinin Mühafizə Polisi ilə müqaviləsi yoxdur. Bu səbəbdən qeyri-qanuni olaraq həmin polislər ailənin obyektlərini qorumağa göndərilir. Nizami rayonu ərazisində müqavilə ilə qorunan obyektlərə isə polislər bir gündən- bir çıxmağa məcbur olurlar. Çünki polis çatışmazlığı üzündən birgündənbir posta çıxan polislərə, elə adi qaydada olduğu kimi əmək haqqı verilir. Yəni əlavə günlər üçün heç bir əmək haqqı verilmir.
Nizami rayon Mühafizə Polisi İdarəsində baş verən digər qanunsuzluqlar barədə indii söhbət açmaq istəmirəm, çünki yazımızın mövzusu bu deyil. Həmin məlumatların tərəfimizdən dəqiqləşdirilməsi gedir. Ona görə də bu mövzuya növbəti yazılarımızda qayıdacağıq. İndi isə gələk şikayətin əsas mövzusu olan “Montenapaleone” restoranına…

Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları məsələni araşdırmalıdır, çünki…

Bizə həmin restoran barədə məlumat verən Məmməd Araz küşəsinin 25-29 ünvanında yaşayan C.Məmmədov, N.Səmədov, T.Nuriyev, D.Allahverdiyev və başqa sakinlər bildirdilər ki, restorana yüngül əxlaqlı qızların gəlişi daha dözülməzdir. Orada yeyib-içəndən sonra bu qızlar və onları gətirənlər arasında düşən davanın, səhərə qədər səslənən gur musiqinin səsindən evdə yatmaq mümkün olmur.
Deyilənləri yerində yoxlamaq üçün Azadlıq prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsinə yaxın yerdə, 25-29 ünvanda yerləşən “Montenapaleone” restoranına baş çəkdik. Əlbəttə, bu restoranda yeyib-içməyə bizim cibimiz imkan verməz. Amma jurnalist kimi müşahidə aparmağa imkanımız vardı.
Söhbətimiz zamanı sakinlər onu da bildirmişdilər ki, ora axşam 19:00-dan sonra gəlmək lazımdır. Onda ora gələn dövlət nömrə nişanlı bahalı maşınları daha çox görə biləcəksiniz.
NAZİRİN POLİS RƏİSİ OĞLUNUN GÖRÜNMƏMİŞ ÖZBAŞINALIĞI-FOTOLAR

Restoranın ətrafında xeyli müşahidə apardıq, müxtəlif şəkillər çəkdik, videoçəkiliş apardıq… Mənzərə doğrudan da acınacaqlı idi. Restorandan xeyli aralıda isə əraziyə polis formasında DİN-nin emblemi olan bir nəfər nəzarət edirdi. Təəccübləndim ki, axı mühafizə polisinin qolundakı emblemdə MP, yəni Mühafizə Polisi yazılır. Yadıma düşdü ki, axı şikayətçi sakinlərdən biri buna aydınlıq gətirmişdi… Araşdırmanın nəticəsində müəyyən etdik ki, Elşən Camalov bu yöndə, hətta DİN rəhbərliyini də aldatmaq qərarına gəlib. Bildiyimiz kimi, Daxili İşlər Nazirliyinin tabeliyində olan “Çevik” polis alayı (ÇPA), Mühafizə Polisi (MP), Post-Patrul Xidməti (PPX), Dövlət Yol Polisi (DYP) və s. qurumlar var. Həmin polislər təmsil etdikləri qurumun emblemini mütləq geyimlərində gəzdirirlər. Bəs Elşən Camalovun polisləri nə edir? Necə ki, müqaviləsiz polisləri obyektlərdə işlədir, həmin polislər də qanunsuzluq edərək qollarındakı MP emblemini, iz azdırmaq üçün, dəyişdirib DİN emblemi yapışdırırlar. Bununla da rəis Elşən Camalov nazirliyə də kələk gəlmək istəyir. Yəqin ki, hörmətli nazir R.Usubov bu qanunsuzluğa qarşı öz sözünü deyəcək.



Müşahidəmizin digər detalları da maraqlıdır. Restoranın yerləşdiyi Məmməd Araz küçəsi olan həmin hissədə yolun bir tərəfi üç zolaqlıdır. Ancaq restorana gələn bahalı maşınlar yolun 2 zolağını zəbt edərək, avtomobillərin hərəkəti üçün yalnız bir zolaq saxlayırlar ki, bu da böyük tıxaca səbəb olur. Nərimanov rayonu ərazisində olan bu yerə nəzarət edən Dövlət Yol Polisinin əməkdaşları nədənsə bu halı görmək istəmirlər. Ya həmin yerdən gözü yumulu keçirlər, ya da görmək istəmirlər. İctimai asayişin hər gün pozulduğu yerdə dövr edən Post –Patrul Xidmətinin əməkdaşları isə ümumiyyətlə, belə bir restoranın olduğunu, sanki unudublar. Ancaq təqdim edilən şəkillərdən də görürsünüz ki, Post-Patrul Xidmətinin maşını düz restoranının qarşısından keçir. Nə bağlanan yolu, nə də restoranda yaranan xoşagəlməz halları görmürlər.
***
Müşahidə zamanı sakinlərin dediklərinin daha bir detalı öz təsdiqini tapdı. Həm bahalı maşınlar restorana yan alırlar, həm də bu maşından və taksi ilə gələn yüngül həyat tərzli qızlar yavaş-yavaş restorana yığışırlar. Şəkillərdə taksidən və bahalı maşından düşən xanımlara fikir verin... Gələn maşınlar isə heç də sadə maşınlar deyil. Burada hər cürə markadan olan bahalı maşınlar görmək olar. “Range Rover” markalı avtomobil qısa müddətə ərazidə görünüb gedir (dövlət nömrə nişanını sirr saxlayırıq). Daha sonra ərazidə “Mercedes S klass”, “Audi”, “Bentley”, hətta son model “Galenvagen” də göründü. Bəzi maşınların içərisində sürücü olduğundan təbii ki, şəklini çəkmək mümkün olmurdu. Ancaq çəkilən şəkillərdən də görünür ki, maşınlar həm bahalıdır, həm də qeyd etdiyimiz kimi, geniş yolun 2 zolağını tamam bağlayıblar. Bu qanunsuzluqlar isə təbii ki, polislərin gözü qarşısında baş verir.
***
Bir sözlə, dövlətdə yüksək vəzifə tutan Camalovlar ailəsi öz şəxsi maraqlarını önə çəkərək vəzifələrindən yalnız şəxsi kapitallarını artırmaq üçün istifadə edirlər. Onları bu vəzifəyə təyin edən prezident cənab İlham Əliyevin məlum tövsiyyəsini isə deyəsən heç eşitməyiblər. Elə isə yadlarına salırıq. Prezident cənab İlham Əliyev müşavirələrdə məmurlara xəbərdarlıq edərək deyib: “Hər bir məmur xalqa xidmət etməlidir, xalqın birinci xidmətçisi isə mən özüməm”. Görünür, müdafiə sənayesi naziri Yavər Camalov, onun qardaşı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Yavər Camalovun oğlu, Nizami rayon Mühafizə Polisi İdarəsinin rəisi Elşən Camalov ayrı dövlətdə yaşayırlar. Tutduqları vəzifədən isə öz biznes maraqlarını qorumaq üçün istifadə edirlər. Ona görə də “Montenapaleone” restoranında baş verən və sakinləri narahat edən bu özbaşnalıqlara hələ ki, “dur” deyən yoxdur. Amma inanırıq ki, uzun illər apardığı ciddi islahatlar nəticəsində polisin adını və nüfuzunu yüksəkliklərə qaldıran, bu səbəbdən adı heç bir qruplaşmada hallanmayan daxili işlər naziri hörmətli Ramil Usubov Elşən Camalovun mühafizə polisi əməkdaşlarının başına açdıqları oyunlara mütləq münasibət bildirəcək və onlar layiq olduqları cəzasını alacaqlar. “Montenapaleone” restoranı barədə isə yəqin ki, həm Daxili İşlər Nazirliyi, həm də Bakı şəhər İcra Hakimiyyəti ciddi tədbir görəcək.
***
Əks tərəf kimi Eəşən Camalovun da mövqeyini öyrənmək istədik. Lakin dəfələrlə növbətçi hissəsinə etdiyimiz zənglərə cavab olaraq bildirdilər ki, rəis ərazidədir. Bir neçə dəfə də idarəyə getsək də görüşə bilmədik, müavini Elşad müəllim bildirdi ki, Elşən müəllim göstəriş verib ki, məni heç bir jurnalistlə görüşdürməyin.
Hər halda, biz jurnalist olaraq əks tərəf kimi, adı çıkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Elçin Məmmədli
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az

Səbuhi
(foto və videoçəkilişlər müəllifindir)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.