67 saylı MİS-in rəisi Keşlədə zibil qablarının “ekskursiyasını” təşkil edib – Foto + Video
31-05-2018, 08:40
Bakı şəhəri, Nizami rayonu Keşlə qəsəbəsinin “Avromed” dərman firmasının mərkəzi ofisinin yerləşdiyi məhəllənin yüzlərlə sakini Azinforum.az İnformasiya Portalına müraciət edərək, acınacaqlı durumla üzləşdiklərini bildirirlər. Sakinlərin sözlərinə görə, artıq 15 günə yaxın bir vaxtdır ki, onlar sözügedən məhəllədə zibil atmağa qab tapa bilmirlər və bunun da nəticəsində həmin ərazidəki küçələrdə zibil aşıb-daşır. Sakinlər deyir ki, vəziyyətin bu hala düşməsinin başlıca səbəbkarı həmin əraziyə məhsul olan 67 saylı Mənzil İstismar Sahəsinin rəisi Hüseynağa adlı məmurdu. Həmin bu şəxsin başlıca vəzifəsi küçələri zibildən təmizlətdirmək olduğu halda, etdiyi “novatorluq” hesabına əks nəticəyə imza atmış olub. Sakinlərin bizə ünvanladığı müraciətdə qeyd edilir ki, indiyə kimi həmin məhlədəki 5 zibil qabı sabit bir yerdə olub:
“ Bir neçə il bundan əvvəl, əslən Naxçıvandan olan bir şəxs zibil qablarına yaxın bir yerdə özünə iki mərtəbəli bir ev tikdi. Bütün məhəllə sakinləri bilir ki, illər əvvəl məhz o gəlib zibil qabalrı olan əraziyə yaxın bir yerdə özünə imarət ucaldıb. Sonra zibil qabları ona mane olmağa başladı. Ötən il onları götürtməyə cəhd etdi, amma məsələ mediada işıqlandırılandan sonra, məsələyə rayonun icra başçısı səviyyəsində müdaxilə olundu və həmin adam istəyinə çata bilmədi. Həmin vaxt da, bu işlərə rəhbərlik edən MİS rəisi Hüseynağa idi. 15 gün bundan əvvəl səhər oyananda gördük ki, zibil qablarının yerində MİS adından plakat vurulub və həmin əraziyə yaxınlaşmaq qadağan edilib. Elanda həmçinin yazılıb ki, vətəndaşlar bundan sonra zibilləri – ya saat 11-dən 12-yə kimi zibil aparan maşına , ya da uzaq bir məsafədə olan məktəbin yanındakı zibil qutularına boşaltmalıdır. Sakinlər bu qərarla razılaşmır. Zibil qutuları ordan götürüləndən sonra, sakinlər zibil daşıyan maşına rast gəlmir deyə, kim torbaları hara gəldi tullayır”.
Qeyd edək ki, bu məzmunda şikayət bizə bir neçə gün əvvəl edilib. Azinforum.az olaraq vəziyyəti aydınlaşdırmaq üçün rayondakı bəzi səlahiyyətli şəxslərlə əlaqə saxladıq. Onlar bildirdilər ki, zibil qabları ordan ətrafda yaşayan sakinlərin ünvanladığı şikayətin əsasında götürülüb. Yenə də çox qəribə vəziyyət yaranın və belə bir sual meydana çıxır: qabların ətrafında yaşayan 10-15 nəfərə görə, minlərlə insanın yaşadığı məhələ antisanitariyanın hökm sürdüyü bir məkana çevrilməlidir? Səlahiyyətli şəxslər vəziyyəti belə izah edirlər ki, məhəllə sakinlərindən heç kim həmin zibil qabları ona yaxın yerə qoyulmasını istəmir.Buna görə də, məsələnin həlli uzanır. Əgər MİS rəisi zibil qablarına qoymağa yer tapmırsa, onda nə məntiqlə onları könə yerindən götüzdürüb? Bir neçə gün əvvəl, biz məsələni ictimailəşdirəndən sonra, MİS iki ədəd zibil qabını “Babək” prospektinə yaxın yerdə, yol kənarına qoyub. Lakin həmin əraziyə yaxın yerdə “obyekti” olan Qurban adlı şəxs həmin qabları ordan götüzdürüb. Çox maraqlıdır ki, səlahiyyətli şəxslər bu məsələdə məsuliyyəti məhəllə sakinlərinin üzərinə ataraq, onların qarşısında “yer tapın qoyaq” kimi şərt irəli sürü. Sakinlər isə hesab edir ki, zibil qabları üçün ən məsləhətli yer elə köhnə məkanıdır. Sonda sakinlər bizə bildirdilər ki, onların qənaətinə və məlumatına görə, real vəziyyət icra başısından gizlədilir: “Biz əminik ki, icra başçısını aldadırlar. O, məhlədəki mənzərəni görsə, həmin dəqiqə əməli tədbir görər. Sizi əmin edirik ki, məsələyə müdaxilə olunmasa, vəziyyət daha da acınacaqlı hal alacaq”.