Batin alimi yazır: Əhli-sünnə və onların ağlasığmaz sirləri

21-01-2023, 09:44           
Batin alimi yazır:
Əhli-sünnə haqqında bu gün informasiya vasitələrində çoxlu məlumatlara rast gəlmək olar. Bu məlumatlara görə əhli-sünnə, daha dəqiqi "əhli-sünnə vəl-cəmaa" - "Məhəmməd peyğəmbər və onun əshabələrinin yolunu gedənlər" mənasındadır. Bu yolun nə demək olduğunu aydınlaşdırmaq üçün biz ilk növbədə müqəddəs Quran kitabına müraciət etməliyik.
Quranı diqqətlə oxuyanlar bilir ki, bu kitabda söhbət bilavasitə yəhudi peyğəmbərlərindən gedir. Allah bu İsrail oğullarını bəşəriyyətdən üstün yaratmış, Quran kitabını da məhz onlara göndərmişdir. Yəhudilərin əsas kitabı isə, yalnız samitlərlə yazılmış Tövrat kitabıdır. Yəhudi müdriklərinə görə, Allah dünyanı yaradarkən bu kitaba baxıb, yaradırmış. Başqa sözlə, Quran kitabı - dünyanın yaradılışı ilə bağlı olan sirli Tövrat kitabının davamıdır və biz də ilk növbədə bu kitaba nəzər salmalıyıq.

Tövrat kitabında müsəlman ümməti, yəni ümmə rəmzi "am" kimi, yəni "M" samiti ilə verilmişdir və vahid dildə danışan ilk "insanlara" aid edilərək - "am əhəd səfa əhəd" kimi qeyd olunur. Səfa, yəni "SF" rəmzi bizlərə sufi kimi tanışdır ki, sufizm də samitlər üzərində qurulmuş kamil fəlsəfədir. Bu o deməkdir ki, biz peyğəmbərimiz və əhli-sünnənin həqiqətlərini anlamaq üçün, samitlərlə bağlı olan ilk "insanların" sufi dilini, sufi məntiqini əsas tutmalıyıq.
Sufizmdə, hər şeyin mahiyyəti İlah olduğu kimi, hər sözün də daxili, yəni batini mənası, sözü təşkil edən samitlərdir. Samitlərin sağa və ya sola oxunuşunun mənaya təsiri yoxdur. Bəzi oxşar samitlər eyni məna verir.
Bütün qədim yazılar, ilk varlıqların sufi məntiqi ilə yazıldığı üçün, hamısının əsl mənaları, onların batini mənalarıdır. Bu mənalar isə hər şeyin mahiyyəti olan İlaha və ondan yaradılmış Allaha aid olmalıdır. Sufizmdə Allaha aid olmayan yazı şirk sayılır ki, bu da bağışlanmazdır.
Sufi məntiqndə İlahı dərk etmənin yolu - qam-şamanın ekstatik durumu ilə bağlı olan türkün tərikə yoludur. Tövrat, yəni Torah rəmzi özü batini mənada "tərikə yolunu gedən türk" deməkdir. Qədim yəhudilər, yəni Xəzər (Azəri) Türk bəgləri sufi məntiqini "tarqum" adlandırırdılar ki, bu da tərikə anlamındadır. Onlar Tövrata "ktuv Aşuri" deyirlər və bu da "Azəri kitabı" fikrini ifadə edir.
Tərikə yolunu gedən türk, bəqa fazasında, yəni bəglik məqamında ilkin materiyaya, İlaha qovuşur. Bu səviyyədə o, İlahdan yaradılışın bütün sirlərini, bütün elmləri tam kamil səviyyədə öyrənir. Məhz bu türkəçarə yolu ilə qədim Azəri türkləri, yəni Assur teurqları hər şeyi dərk etmiş və rituallarla İlahdan göydə nəhəng Allah yaratmışlar. Başqa sözlə, yəhudilər - "Allah dünyanı yaradanda Tövrata baxıb, yaratmışdır" dedikdə, türk bəginin ekstatik durumda "dünyanı" yaratması nəzərdə tutulur. Bu haqda mən kitab və məqalələrimdə çox yazmışam.

Sufi məntiqində əhli-sünnə rəmzi "hl-snn" kimi oxunur və buradakı hl rəmzi, qədim mənbələrdəki hal, xel, gel, ilah, eloah və s. rəmzlərlə eyni mənalıdır. Sünnə, yəni snn rəmzi isə qədim mənbələrdə sünnü kimi qeyd olunaraq hunn-xunnlara və kənanlılara aid edilir.
Mətnlərə görə sünnü, yəni hunnlar - böyük və qüdrətli tayfalar birliyi yaratmış və nəhəng çöl imperiyası qurmuşdular. Bu hunn imperiyasının yaradıcısı və hökmdarı Teomanın oğlu Mode (Modun) və ya Mete xan olmuşdu. Ömürlük seçilən və 24 tayfa birliyinə başçılıq edən hunn hökmdarı şanyuy adlanırdı.
Batini mənada Teoman rəmzi Teo-Amon, yəni qədim Misirin Amon Allahı deməkdir. Misirdə Mode/Mete rəmzi - firon Amonun göydə yaratdığı Atum Allahı mənasını verir. Sünnü-xunnların yaratdığı çöl imperiyası və böyük tayfalar birliyi qədim Misir yazılarında - Xanaanda yaradılan və "Eyni kökdən olan xalqların Böyük Birliyi” kimi keçir və ümumi ad olaraq Ruten adlanırdı. Digər mənbələrdə Ruten rəmzi Qall, Gel və Kelt xalqlarına aid edilir. Batini mənada Ruten (RTN) rəmzi, qədim Misirdə Allah mənasını verən Neter rəmzi ilə eyni mənalıdır və türk mənbələrindən bu rəmz Tanrı kimi məlumdur. Başqa sözlə, sünnü-hunnların böyük tayfa birliyi və çöl imperiyası - qədim Misir Tanrısı və İlkin materiya sahələri, yəni İlahla bağlıdır.

Mənbələrdə Ruten - Aşağı və Yuxarı torpaqlara bölünürdü ki, Yuxarı Ruten mətndə Livanon adlanırdı və buradan Aşağa Ruten adlanan Suriyaya eniş var idi. Bu torpaqların xalqlarını - "möhkəmləndirilmiş şəhərdə" yaşayan kiçik şahlar idarə edirdilər. Bu şahlıqlarda əsas rolu - amoreylər torpağındakı Oront elində yerləşən Kadeş şahı oynayırdı. Bu rəmzləri anlamaq və əhli-sünnə həqiqətlərini tam açmaq üçün biz, qədim Misir tanrısı Rutenə sufi məntiqi ilə daha dərindən nəzər salmalıyıq.
Sufi məntiqndə Livanon rəmzi - Tövratdakı Lbnun, yəni Alban rəmzidir. Buradakı amoreylər, Albaniya əhalisi olan marlar, yəni midiyalılardır ki, onlar da Midiyanın Kadus, yəni Kadeş elində yaşayırdılar. Qədim mənbələrə görə, amoreylər ölkəsi olan Kadeş - Aziru şahlığıdır. Aziru rəmzi isə Suriya rəmzi ilə eyni mənalı olub, qədim Misirdə Asar, yəni Osiris Allahını və onun göydəki ölüm şahlığını - cənnəti bildirirdi.
Digər tərəfdən, mənbələrində Gel və Ruten (Tanrı) dedikdə - firon Amonun Geliopol şəhərində yaratdığı kosmik Atum Allahı nəzərdə tutulur ki, Atum rəmzi də Mete/Mode kimi Midiya rəmzi ilə eyni mənalıdır. Mətnlərdə Gel şəhəri (Geliopol) də Aşağı və Yuxarı hissələrdən ibarət qeyd olunur. Burada Aşağı Misir, Aşağı Gel - yerdəki Midiya eli, Yuxarı Misir, Yuxarı Gel dedikdə isə Midiya göylərində yaradılmış Asar-Osiris Allahının ölüm şahlığı, yəni cənnət nəzərdə tutulurdu. Bu o deməkdir ki, qədim mənbələrdə Midiya dedikdə, özündə iki dünyanı - yerdəki fiziki və göydəki ruhlar dünyasını birləşdirən Atum Allahı və ya Ruten (Tanrı) başa düşülməlidir.

Mən, "Великая тайна самаритянского пятикнижия, потопа, Мардука глазами суфии-батинида" adlı məqalədə iki dünyanın bir "bədəndə" yaradılması texnologiyasını açıb göstərmişəm (sayt: https://firudin.blogspot.com/2021/04/blog-post.html?m=1). Burada xüsusi qeyd etmək yerinə düşər ki, qədim Misir mənbələrində, göydəki dünyanın insanları (ruhları), ürəyin ölümdən sonrakı fəaliyyəti mənasında maddi göstərilir. Başqa sözlə, qədim yazılarda, göydəki Allahlar elində, yəni cənnətdə baş verən hadisələr də fiziki aləmdəki kimi, real hadisə kimi qeyd olunurlar. Mən, "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə, firon Amonun göydə yaratdığı Osiris şahlığı və onun yaradılma üsulu haqda geniş izah vermişəm və göstərmişəm ki, türk mənbələrində Taş Oğuz dedikdə - yerdəki Oğuz eli, İç Oğuz dedikdə isə göydə yaradılmış Oğuz eli başa düşülməlidir (sayt:
https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Məhz İç Oğuz eli mətnlərdə Göytürk Xaqanlığı, yəni göydəki Türk Xaqanlığı adlandırılır.
Alban mənbələrində sünnü-hunnların çöl imperiyası - paronterlərin Sünikdə tikdikləri səhra kimi qeyd olunur. Mətnlərdə bu səhra və oradakı Lazar monastırı - "mələklərin yaşadığı məkan və müqəddəs səhra" adlandırılır. Buradakı Lazar rəmzi El-Azər, yəni Osiris Allahının Eli deməkdir. Qədim yəhudilər, yəni Xəzər Türk bəgləri, paronterlərin tikdiyi bu müqəddəs səhranı Paran/Faran səhrası adlandırırdılar. Məhz buradakı Sinay, yəni Süni (Sünik) dağından Musa peyğəmbərin qırx illik səhra səyahəti başlayırdı. Başqa sözlə, Gel şəhərinin göylərində yaradılmış Livanon-Alban dünyası burada ilkin materiyadan, yəni İlahdan yaradılmış çöllük, səhra kimi rəmzləndirilmişdir. Sünik göylərindəki bu müqəddəs çöllüyün sahibləri də Alban mənbələrində Süni sülaləsinin Ərmən şahları sayılırdı. Mənbələrdə Ərmənşahlar - Xelat (Gel-Gelat) elinin Azərbaycan Atabəglər Ailəsi kimi qeyd olunur və məhz bu ailə qədim Misir yazılarında "Eyni kökdən olan xalqların Böyük Birliyi” adlanırdı. Gel-Xelat elində Azərbaycan Atabəgi Nəsirəddin Məhəmməd Sökmən, göydə Osirisin ölüm şahlığını yaratdıqdan sonra özünü Şahi Ərmən, yəni Ra-Amon Allahı adlandırmışdı. Bu isə o deməkdir ki, Sünikin şahlar nəsli, yəni Süni sülaləsi olan əhli-sünnə şahları faktiki olaraq Ra-Amon Allahının varisləridir.

Hunnların başçılarının şanyuy adlanması da onun Süni sülaləsinə aid olması ilə bağlıdır. Çünki, sufizmdə Süni rəmzi ilə Şanyuy rəmzi eyni mənalı rəmzlərdir. Əhli-sünnə ifadəsi də bu xalqlar birliyinin Süni (Sünik), yəni Sina dağında "doğulduqları" üçün yaranmışdır. Bu əhli-sünnə şahlarının banisi mənbələrdə Hayk adlanır ki, bu da qədim Misirin Heka/Hak fironları nəsli mənasındadır. İran mənbələrində bu nəsil əhli-Haq adlanır və Azəri farnbaqları, yəni Osiris Allahının firon-bəgləri deməkdir. Erməni (Alban) mənbələrində Sünikin Süni şahzadələri dedikdə, böyük və məşhur Gelarküni nəsli nəzərdə tutulur. Məhz bu nəslə, iki dünya arasındakı keçid mənasında olan "möhkəmləndirilmiş şəhəri" qorumaq tapşırılmışdı.
İbn Sina, "Yakzan oğlu Hayy haqqında traktat"ında iki dünya arasında olan keçiddən geniş yazır. O, bu Bərzax keçidinin Şərq tərəfində, yəni cənnətdə yaşayan mələkləri - cinlər və hinnlər adlandırır. Lakin İbn Sina yerdəki bu keçidi qoruyan Süni şahlarını da mələk adlandırır. O cənnətdəki mələkləri, yəni ölümsüzlük qazanmış Azər-Osiris Allahlarını - "hökmran və idarəçilər", yerdəki Süni şahlarını isə "icraçı və sərəncamçılar" adlandırır. Quran bu şahlar nəslini "mühafizlər və nəcib mirzələr" kimi qeyd edir. Digər tərəfdən, İbn Sina göy mələklərinin istədiyi zaman yerə enmələri ilə eyni zamanda, yerdəki icraçı mələklərin də istədiyi vaxt göy dünyasına səyahət edə bilmələrini qeyd edir. Sufizm bu səyahəti "suluq" adlandırır. Mənbələrdə "dağ və səhralarda dolaşan qüdrətli midiyalılar" dedikdə məhz bu icraçı mələklərin göylərə suluq səyahəti nəzərdə tutulur. Sufilər suluğu həm də yaylağa, qışlağa edilən köç kimi, yəni köçərilik kimi rəmzləndirmişlər ki, batini mənada "köç" rəmzi "xaç" rəmzi kimi "İç Oq", yəni İç Oğuz deməkdir. Başqa sözlə, sufilər köç, köçərilik dedikdə, ruhun göydəki cənnətə, yəni İç Oğuza köçü, səyahəti nəzərdə tutulmalıdır.
İbn Sinanın yazdığından belə çıxır ki, Qurana görə, "Allaha qulluq üçün xüsusi olaraq təmiz və qızğın oddan yaradılmış cinlər" elə hunnlardır. Batini mənada da cin rəmzi hun rəmzinin ərəbləşmiş variantıdır. Digər mənbələrdə cinlər əsasən əzraillər kimi qeyd olunurlar ki, bu rəmz də Azər-Eli, yəni Asar-Osiris Allahları elinin ölüm mələyi mənasındadır. Bu o deməkdir ki, sünnü-hunnlar elə Osiris Allahlarıdır. Bizlərə Osiris Allahı - ölümsüzlük qazanmış Xızır (Hızır) kimi tanışdır və bu rəmz Xəzər rəmzi kimi batini mənada Hu-Azər, yəni Azər Allahı fikrini ifadə edir.

Azər Allahı qədim mənbələrdə Aşur kimi də keçir və Sina-Süni (Sünik) dağına aid edilərək İsna-Aşəriyə kimi yazılır. Sufi məntiqində İsna-Aşəriyə rəmzi - "Sina dağında yaşayan Süni şahlarının Azər Allahı və onun eli" deməkdir. Bu el isə Gelat, Xelat kimi də tanınan, qədim Misirdə isə Gel eli kimi qeyd olunan Gelarküni elidir.
Gelarküni rəmzi batini mənada Gelar və küni rəmzlərindən yaranmışdır və burada Gelar rəmzi qədim mənbələrdə Allah və Onun mülkü ilə bağlı qeyd olunur. Bu rəmz türklərin Erlik tanrısı ilə də eyni mənalıdır. Küni rəmzi isə çox dərin mənalar verir ki, bunlardan biri də Kənan, yəni Xanaan/Xunn/Hunn mənasıdır. Başqa sözlə, Gelarküni elə Gelar-Hunn deməkdir. İordan, "Qetlərin mənşəyi və işləri" adlı kitabında Gelarküni rəmzini Qaliurunni (Gelar-Unni) kimi yazır və Qetlərin, yəni Qutilərin (Xudaların) şahı ilə əlaqələndirir. İordan, Qetlərin şahı dedikdə məhz Misir fironu olan Amonu nəzərdə tutur. O, firon Amonun ekstatik durumda, ruhunun İlahla vəhdətini - Qaliurunnilərin cinlərlə cütləşməsi kimi rəmzləndirir ki, məhz bu "cütləşmədən" hunnlar əmələ gəlmişlər. Bu o deməkdir ki, hunnlar və ya ilk sünnülər, firon Amonun qamlıq məqamında, ruhunun İlahla vəhdətindən törəmişlər.
Qamlıq (şamanlıq) məqamı insanın ekstatik durumu ilə bağlıdır və bu durum ilkin materiyanın təbii halıdır. Kitabi Dədə Qorqudda "Qamu yerdə Əhədsən, Allahü Səmədsən" ifadəsi keçir ki, bu da Allahın - "qam elində, yəni cənnətdə Əhəd (Xuda) olması" fikrini ifadə edir. Qam rəmzinin ərəb variantı cem, camaadır ki, bu da əhli-sünnə ilə bağlıdır. Bildiyimiz kimi, əhli-sünnə tam olaraq "əhli-sünnə vəl-cəmaa" kimi yazılır. Buradakı "vəl" rəmzi sufizmdə vəli, vilayə, levi, alevi və s. kimi rəmzlərlə eyni mənalıdır. Sufi məntiqində vəli rəmzi Məhəmməd peyğəmbərin müqəddəslər nəslinə aiddir və onların da özəllikləri "birdən görmə", "görülməyən və başa düşülməyən şeyləri görmə", "hər şeyin aydınlaşması" mənasındadır ki, bu da qamlıq məqamında "görmədir".
Lakin vəl rəmzi həm də qədim yəhudilərin, yəni Xəzər Türk bəglərinin Leviin qolunun Levi tayfasıdır. Sufizmdə Leviin rəmzi Alban, Levi nəsli isə alevi vəliləri mənasındadır. Bu isə o deməkdir ki, sufi-batinilərə görə "əhli-sünnə vəl-cəmaa" rəmzi - "Gel elindəki Süni dağında İlahdan yaradılmış Allahın varisləri və cənnət əhli olan Süni şahları" deməkdir. Bunlar Quranda - "peyğəmbər olaraq göndərilmiş müjdəçilər və xəbərçilər" adlanan və vahid dildə danışan ilk varlıqlardır. Bütün dinlərdə bu ilk varlıqların ümumi bir obrazı da var ki, bu da axirətdə gələcək Mehdi obrazıdır. Musəvilikdə və xristianlıqda bu obraz - axirətdə gələcək Allah mənasındadır və sufi məntiqində Məhəmməd peyğəmbər də bu obrazdır. Batini mənada Məhəmməd rəmzi - "qamlıq məqamında olan maq Maad" deməkdir ki, buradakı Maad rəmzi qədim Misirin Maat və Atum Allahıdır. Məntiqi baxımdan bu elə "Qamu yerdə Əhəd (Allah) olan" deməkdir. Başqa sözlə, Məhəmməd rəmzi - yaradılışın əvvəlində var olmuş və bir də axirətdə göydə yaranacaq kosmik Atum Allahı deməkdir ki, biz ona Allahu-Əkbər deyirik. Məhəmməd peyğəmbərin şəxsiyyət kimi təqdim edilməsi də, Atum Allahının ruhunun, qədim Misir Allahı Amonun Şu ruhu ilə bağlıdır. Qədim Misir fəlsəfəsinə görə, ayrıca obraz kimi də yaradılmış firon Amonun Şu ruhu, axirətdə doğulacaq bir insanın bədəninə köçəcək. Sufizm bunu tənasüh adlandırır. Xristianların İsa adlandırdığı bu Şu ruhunu Xəzər Türk bəgləri Yeşua, yəni Ya-Şiə kimi qeyd edirlər. Mən, "Иисус Христос - новый царь Кавказской Албании" adlı məqalədə göstərmişəm ki, İsa peyğəmbərin obrazı bilavasitə Qafqaz Albaniyası ilə bağlıdır (sayt: https://firudin.blogspot.com/2020/12/blog-post_25.html?m=1). Albaniya dedikdə isə sufi-batinilər göydəki Nəbi-Elini, yəni cənnəti nəzərdə tuturlar. Alban mənbələrinə görə axirətdə bu "dünya", Albaniyanın Süni şahlarının Gelarküni nəslindən bir nəfərə əbədi veriləcək.
Yazdıqlarımdan çıxan nəticə odur ki, qədimdə əhli-sünnə dedikdə ilk yaradılmış İlahi varlıqlar nəzərdə tutulur. Qədim Misirdə onlar "Qor Allahının yolu ilə gedənlər" adlanırdı ki, bu da onların göydə İç Oğuz eli, yəni cənnət yaradıb, orada ölümsüzlük qazanmaları ilə bağlıdır. Onların varisləri isə yerdə, yəni Taş Oğuzda qalmış padişahlar və peyğəmbərlər nəsli olan Albaniyanın Süni şahları nəslidir. İslamda, göydəki İç Oğuz cənnətinə köç edən bu ilk varlıqlar - mühacirlər, Taş Oğuzda qalan varislər isə ənsarilər (nizarilər) adlanır.
Sufizmdə şiə və şiələrin əhli-beyti dedikdə göydəki ruhlar evi, yəni İç Oğuz dünyası, əhli-sünnə dedikdə isə yerdəki beytin, yəni Taş Oğuz elinin Süni şahları və onların yolu ilə gedənlər başa düşülməlidir. Qədim yazılardan çıxan nəticəyə görə, axirətdə yerdəki Süni şahları nəsli var-dövlətə aldanıb, Allahdan dönürlər. Axirət məhkəməsində, Allahın Şərqdəki Türk ordusu, yəni göydəki İç Oğuz bəglərinin ruhları (Osiris Allahları) yerdə məhkəmə qurub, Haq yolundan dönmüşləri cəzalandırırlar. Kitabi Dədə Qorquddakı "İç Oğuza Taş Oğuz asi olub, Beyrəyin öldüyü boy"nda söhbət məhz bu axirət məhkəməsindən gedir.
Sufizmə görə, ümumiyyətlə bütün qədim yazılarda qeyd olunan müharibələr iki hadisəyə həsr olunmuşdur. Bunlardan birincisi - ilk Oğuz bəglərinin göylərə qalib gəlib, İlahdan Allah yaradaraq dünyanın sahiblərinə çevrilmələri, ikincisi isə axirətdə, cənnətdəki ruhların, yəni hunnların yerdəki varisləri ilə "müharibəsi", yəni axirət məhkəməsidir. Sufi-batinilərdə sünni şiə qarşıdurması da İç Oğuz və Taş Oğuz qarşıdurması mənasındadır.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
17.01.2023
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.