Milli Qəhrəman Fred Asifin 71 yaşı tamam oldu...
26-07-2023, 12:10
Bu gün Milli Qəhrəman, Qarabağ müharibəsində qəhrəmanlıq göstərib şəhid olmuş döyüşçü Asif Məhərrəmovun doğum günüdür. Teref.az “Fred Asif” ləqəbi ilə tanınan döyüşçünün həyat yolunu yaxınlarının, döyüşçü yoldaşlarının dilindən təqdim edir:
Qısa arayış:
Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 11 uşaqdan ibarət ailənin ilk övladı olub. Uşaqlığı yoxsulluq içində keçən Asif idmana marağı ilə seçilib. Uşaqlıqdan boks və futbolla ilə məşğul olub. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1971-ci il oktaybrın 31-də Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. 8 ay həbsdə yatdıqdan sonra çıxır. Onun həyatında həbs bununla bitməyib. 1976-cı ildə Asif təsadüf nəticəsində "Təcili yardım" maşınını vurulmasına görə, 4,5 il həbsdə yatır.
1980-ci illərin sonunda həbsxanadan qurtardıqdan sonra, Asif Moskvadakı dostlarının yanına gedir. Qarabağda müharibə başladıqdan sonra vətənə qayıdıb və döyüşlərdə iştirak edib. Asif Məhərrəmova "Fred" ləqəbini 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə veriblər.
Fred Asif barədə qardaşı Ədalət Məhərrəmov danışır:
- Asif evimizin böyüyü idi. Ona görə hamımızın qayğısına qalırdı. Ailədə 11 uşaqığ. Uşaqlığımız Ağdamın ən gözəl yerində, imarətin yanında keçib. Asifin gəncliyində həyatı gətirmədi. Bir neçə dəfə həbsxanada yatdı.80-cı illərdə Ağdamda 5 oğlan var idisə, onlardan biri də Asif idi. Özü də Allahverdi Bağırov, Eldar Bağırovla dostluq edirdi. Onlar gəncliklərindən dost idi. Evimiz də imarətin yanında idi. Yaxınlıqda stadion var idi. Orada idman edirdik,
futbol oynayırdıq. Evimizin pəncərəsindən baxanda Pənahəli xanın gümbəzi, Natəvan xanımın qəbri görünürdü. Uşaqlığımız bax belə bir yerdə keçib.
Ədalət Məhərrəmov qardaşı Asifin təkcə Ağdamda deyil, Moskvada da böyük nüfuz sahibi olduğunu deyir. Bu hələ Qarabağ müharibəsindən əvvəlki zamana təsadüf edir.
- Asif Moskvadan qayıtdıqdan sonra imarətdə bir restoran tikdi. Burada insanlar gəlib, istirahət edirdi. Pənah xanın ağ evi var idi. Evin damı ağ olduğu üçün oranı “ağ dam” adlandırırdılar. Elə Ağdam sözü də oradan götürülüb. Ağdamda işlərimiz də yaxşı idi. Ta ki, ermənilər müharibəni başlayana qədər. 1991-ci ildən könüllülər dəstələri yığıldı. Biz 5 qardaş da müharibəyə qatıldıq. Özümüz də Qarabağ qazisiyik. İlk gündən dedik ki, siyasətə qarışmırıq. Məqsədimiz yalnız vətənin müdafiəsidir. Asif müharibənin ilk günlərində 1991-ci ilin 15 noyabrında “Haqq Cəbhəsi” batalyonunu yaratdı. Biz də həmin batalyonda döyüşmüşük. Asif 1991-ci il 31 dekabrnda Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdi. Qabqacıl xüsusiyyətlərini görən o vaxtki, müdafiə naziri Dadaş Rzayev Asifə polkovnik-leytenant hərbi rütbəsi verdi. Asifin hərbi təhsilsiz olmasına baxmayaraq, 859 saylı batalyonun ilk komandiri oldu.
- Bildiyimə görə qardaşınızla Ulu Öndər Heydər Əliyev arasında 45 dəqiqəlik bir görüş olub. Nədən danışmışdılar həmin görüşdə?
- Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbuluna olmuşdu. O zaman ən uzun çıxışı o eləmişdi, 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını çatdırmışdı. Heydər əliyev bilirdi ki, Asif bölgəni yaxşı tanıyır. Həm də döyüşün, müharibənin sirrlərini bilirdi. Qatır Məmməd dünyasını dəyişəndən sonra iyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırtdırdı. O zaman narahatçılıq vardı ki, Bakıda təxribat hazırlanır. Asif Heydər Əliyevlə 3 saat söhbət elədi və ona bildirdi ki, "nə mən, nə də mənim ətrafımdakılardan heç kim bu işlərə qarışmırıq". Biz həqiqətən də siyasətə qarışmırdıq. Həmin vaxt Ağdamdan texnikanın böyük hissəsi Murov əməliyyatı adı altında Gəncəyə aparılmışdı. Əslində məqsəd Gəncə qiyamı idi. Asif də Heydər Əliyevlə görüşdə bu problemi diqqətə çatdırmışdı. O zamana artıq Papravənd tərəf ermənilər tərəfindən tutulmuşdu.Çətin günlər başlayırdı.
Ədalət Məhərrəmov qardaşının son döyüşünü və yaralanmasından danışarkən o günləri yenidən xatırladığını deyir.
- Asif 24 iyun 1992-ci il Naxçıvanik kəndi uğrunda gedən döyüşdə ağır yaralanmışdı. Müalicə olunandan sonra yenidən döyüşlərə qayıtdı. 1992 - ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vurmuşdular, onun maşını aşmışdı. Asifin ağ ciyəri ciddi zədələnmişdi və ağzından qan gəlirdi. Milli Qəhrəman adına təqdimatı onda yazdılar. Amma o addan imtina edirdi. Deyirdi ki, müharibə bitsin, torpaqları alaq ondan sonra medal məsələsinə baxarıq. Asifi həmin vaxt 3 gün Ağdamda saxladılar. Sonra Bakıya gətirdilər.Artıq onun səhhətində ciddi problemləri var idi. Ciyərləri də xəstə idi. Həmin bu ərəfədə Ağdamda vəziyyət daha da gərginləşdi. Ayın 22-də “KQB” nin müavini Əliyevi vurdular. Ardınca Ağdam batalyonundan olan Asifgili yeməkxanada bombaladılar. Bu artıq Ağdamın son günləri idi. Ağdam siyasi oyunların qurbanı oldu. Biz kifayət qədər döyüşürdük...
- Ağdamın işğalı xəbərini eşidəndə hansı reaksiyanı verdi, qardaşınız?
- Ağdamda artıq vəziyyət çıxılmaz vəziyyətdə idi. Biz Ağdamda beşmərtəbə deyilən yerdə dayanmışdıq. Gördük ki, texnikaların üzərində ruslardan ibarət hərbçilər var. Onlar havaya “qələbə” atəşi açırdılar. Aralarında azsaylı erməni də var idi. Gördük ki, artıq çıxılmaz vəziyyət yaranıb. Ağdamdan belə çıxdıq. Döyüşçülərimizin əksəriyyəti də həlak olmuşdu. Həmin gün Fred Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. O xəstə olanda Heydər Əliyev dedi ki, səni müalicəyə göndərək. Amma Asif bundan imtina etmişdi. O deyirdi ki, müalicəni Ağdamın başı üzərindən qara buludlar çəkildikdən sonra etdirəcək. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıtdı. Vəziyyəti daha da pisləşdi.Müalicənin də xeyiri olmadı. Yaltada müalicəyə göndərilmişdi. 1994-cü ilin iyulun 1-də vərəmdən orada vəfat etdi.Ondan sonra Bakıya gətirib, II Şəhidlər Xiyabanında dəfn etdik.
Qardaşım sağlığında medaldan imtina etdiyi üçün Milli Qəhrəman medalını 1998-ci ildə anama verdilər. O vaxtdan Milli Qəhrəman adı rəsmiləşdirildi.Özü sağlığında bunu görə bilmədi.
Milli Qəhrəman Fred Asifin həyatda yadigarı Azər adlı bir oğlu var. Azər Məhərrəmov atasını 16 yaşında olarkən itidiyi üçün xatirələrinin az olduğunu deyir. Uşaqlığı müharibə illərinə düşən Milli Qəhrəmanın övladı atası ilə bağlı xatirələrini bölüşür:
Uşaqlığım Ağdamın Əhmədavar kəndində keçib. Ağdamın çıxacağında, Xankəndi tərəfinə gedən yolda yerləşirdi kəndimiz. Mən nənəmlə qalırdım. Bütün hadisələr gözümün önündə baş verirdi. Həmin vaxt kəndimizin batalyonuna “Ala Yaqub” başçılıq edirdi. Onu həbs etdikdən sonra kəndin müdafiəsi başsız qaldı. Belə çətin vəziyyətdə yerli əhali öz hesabına kəndimizi qoruyurdu. 10 gün müqavimətdən sonra Sürət Hüseynovun batalyonu köməyə gəldi. Bir gün qaldıqdan sonra texnikalaraını götürüb, Bakıya getdilər. Kənd tam müdafiəsiz qaldığı üçün ermənilər hücum etdi. Elə həmin gün biz də kəndimizi tərk etdik.
O vaxt 16 bu gün 35 yaşında olan Azər Məhərrəmov qol güləşi üzrə respublika çempionudur. Uşaq vaxtlarında Ağdamı tərk edən Azər Məhərrəmov idman sahəsində bir sıra uğurlar qazanıb.O, atası ilə son görüşündən və onun arzusundan danışır:
- Atam xəstə ağır vəziyyətdə hospitalda yatırdı. Onun yanına getdim. Görüşümüz bir xeyli çəkdi. Ümumi vəziyyətdən söhbət edirdik. Ağdamın işğalı ona çox pis təsir edirdi. Qəbul edə bilmirdi. Bir yandan da xəstəlik onu üzmüşdü. Məni hərbçi kimi görmək istədiyi dedi. Amma bu mənə qismət olmasa da, oğluma qismət olur. Övladım Teymur 13 yaşındadır. Hazırda Rusiya Federasiyasında həm orta məktəbdə, həm də hərbi məktəbə hazırlıq ixtisası üzrə oxuyur. Bu həm də mənim atamın arzusudur. Mən hərbçi ola bilməsəm də, oğlum olacaq.
Milli Qəhrəmanı yaxından tanıyan Qarabağ qazisi Rey Kərimoğlu da onunla bağlı xatirələrini bölüşür. O, Fred Asifin bu günə kimi deyilməyən igidliyindən danışır:
- Qəhrəmanlığın forması müxtəlifdir. Mən Fred Asifin bu günə kimi deyilməyən qəhrəmanlığından danışacam. Bu qəhrəmanlığa qədər Fred Asifin Xocalıdan çıxan dinc sakinlərin qarşılanmasında böyük rolu olmuşdu. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirdi və bundan sonra ordakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olundu. Bu ölkə üçün böyük nəticə idi. Həmin hərbi hissə əsasında Azərbaycanın ilk 859 saylı hərbi minaaxtaranlar mərkəzi yaradıldı. Bu onun müharibə dövründə ən böyük qəhrəmanlığı idi. Bu qəhrəmanlıq nəticəsində milyardlarla dollar dəyərində ölçülən silah-sursat ölkəmizə qaldı. Maşın-maşın silah-sursat, minalar Ağdam işğal olunmamışdan əvvəl digər rayonlarımıza daşındı. Hərbi hissədən dağıdılmış texnikaların böyük əksəriyyəti Asifin rəhbərliyi ilə geri qaytarıldı. Bu indiyə kimi deyilməsə də, çox ciddi bir məqam idi. Asifin canında döyüş ruhu var idi. Onun ağciyərləri xəstə olduğu üçün səngərə getməyi həkimlər qadağa etmişdi. Buna baxmayaraq o ağzından qan axa-axa səngərlərdə can qoyurdu. Bax, budur əsl qəhrəmanlıq.femida.az
P.S. Nurəddin Xoca, "Boz Qurd" batalyonun komandiri. Qarabağ qazisi:
-Fred rəhmətlik həyatda heç bur situasiyada dəyişməyən, vətənpərvər, millətçi, Millətini, torpağını, Vətənini sevən biri idi. Cəsur, mərd idi. Komandir kimi əskərlərinin qədrini bilirdi. Dosta dost, düşmənə düşmən idi. Hərbi təhsili olmasada fitri istedada malik idi.Ən əsası isə əskərləri arxasınca apara bilirdi. Balatlyon onun bir əmri ilə arxaya baxmadan irəli gedirdi.
Ruhu şad, Tini uçmaq olsun dostum, səngərdaşım Fred Asifin!!
Teref.az