Azərbaycan adının mənasını izah edən 12 fərziyyə - Hələb şəhəri müəmması və haliblər

8-08-2023, 11:18           
Azərbaycan adının mənasını izah edən 12 fərziyyə -
IV hissə
Yazımızın əvvəlki hissəsində qeyd etdik ki, Türkmənistanın Daşoğuz vilayətinin Üstyurt yaylasında Hələb adlı çox qədim bir şəhərin xarabalıqları vardır. Onu da vurğuladıq ki, Üstyurt yaylası qədim alanların as tayfasının və qədim oğuzların yazır boyunun vətəni olmuşdur. Mövcud dəlillərin hamısı onu göstərir ki, as və yazır, əslində, eyni tayfaya məxsus etnonimlərdir.
Məlum olduğu kimi, Suriyanın da ən böyük və ən qədim şəhərlərindən biri Hələb adlanır. Bu şəhərin adı ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür:
“Hələb şəhərinin adı ərəb dilindəki şəhba (mərmər) sözündən yaranmışdır. Belə ki, bu ərazidən ağ mərmər əldə edilirmiş”.
“Hələb sözü ivrit dilindəki süd (חלב) sözündən törəmişdir. İbrahim Peyğəmbər orada öz qoyunlarını sağıb əldə etdiyi südün hamısını kasıblara verirmiş”.
Amorit dilində dəmirə və ya misə hələb deyilirmiş. Çünki həmin ərazidə zəngin dəmir və mis yataqları varmış”.
Üçüncü fərziyyəni yadımızda saxlayaq və qədim yunan şairi Rodesli Appolloniusun (e.ə. 295–215) “Argonautika” adlı poemasının bu hissəsinə nəzər salaq: “Polifem öz həyatını haliblərlə döyüşdə itirdi. Bu, skif xalqıdır. Haliblər Termodontun arxasında yaşayan skiflərdir. Haliblər dəmir mədənlərini kəşf edərək, onların emalı ilə məşğul olurlar. Onlara Aresin oğlu Halibin şərəfinə hələblər deyilir. Kallimah onları belə xatırladır: Yerdən çıxan bu şəri (dəmiri) kəşf etmiş haliblərin soyu kəsilsin”.
Qədim yunan filosofu Aristotel (e.ə. 384–322) “De Mirabilibus Auskultationibus” adlı əsərində yazırdı: “Haliblər öz ölkələrindəki çay qumunu bir neçə dəfə yuyurlar. Sonra onu oda davamlı adlandırılan daşla birlikdə xüsusi sobalarda əridirlər. Bu yolla əldə edilən metal başqa dəmir növlərinin hamısından üstündür. O gümüşü rəngdə olur və paslanmır”.
Qədim Roma şairi Postumius Festus Avienus (305–375) yazırdı: “Sonra tibarenlər, onlardan yuxarıda isə haliblər yaşayırlar. Buranın ölüm saçan dəmirlə zəngin çöllərini dəmirçi çəkiclərinin səsi bürüyüb. Onların arxasında Assuriya torpaqları və mənsəbini Armen silsiləsindən götürüb Amazon qəbiləsinin yaşadığı torpaqların yaxınlığından axan Teriodont çayı yerləşir”.
Qədim yunanlar hesab edirdilər ki, dəmiri haliblər kəşf etmişlər. Ehtimala görə, yunan dilindəki “xalivas” (polad) sözü məhz saka xalqının halib tayfasının adından yaranmışdır.
Qədim yunan tarixçisi və coğrafiyaçısı Strabon (e.ə. 64 – e. 24) “Coğrafiya” adlı əsərinin XII kitabının 19–20-ci hissələrində yazırdı: “İndiki xaldeylərə (xaldilərə) keçmişdə halib deyirdilər. Onların yaşadıqları bölgənin tam qarşısında Farnakiya yerləşir. Farnakiyanın sahil hissəsi palamut ovlamaq (axı bu balığı ilk dəfə burada ovlamağa başlamışlar) üçün münasibdir. Quru hissəsində isə dəmir mədənləri var. Əvvəllər hətta gümüş mədənləri də olub. Homerin dövründə isə halibləri alib adlandırırdılar”.
Bəzən xaldiləri (halibləri) Mesopotamiyanın qədim sakinləri olmuş məşhur xaldeylərlə eyniləşdirirlər. Lakin bu iddianı hələ ki, əsaslandırmaq mümkün olmamışdır. Məlumat üçün qeyd edək ki, Mesopotamiya xaldeyləri haqqında ilk informasiya e.ə. 878-ci ilə aiddir. Xaldey adını əvvəlcə altı tayfadan ibarət xalq, sonradan isə maqlar kastası daşımışdır.
Şərqdə onları sehrbaz, alim, filosof, riyaziyyatçı, astronom, astroloq hesab edirdilər. Əslində, Mesopotamiya xaldeylərini Anadolu xaldilərinə (haliblərə) yaxınlaşdıran da elə budur. Anadolu xaldiləri (haliblər) dəmirçi idilər. Qədim zamanlarda isə dəmirçiyə sehrbaz və maq kimi baxırdılar.
Ardı var...
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.