Zəngi dərəsi nə zamandan Zəngəzur oldu?
6-11-2023, 00:07
Ermənilər tarixi torpağımız olan Zəngi dərəsinə Zanqadzor deyirlər. Erməni dilində dzor dərə deməkdir.
Naxçıvanla Qarabağ arasındakı mahalın adı Zəngəzur yox, Zəngi dərəsidir.
Zəngilər kimdir, hansı xalqın əcdadlarıdır? Bu problem Azərbaycan tarixçiləri tərəfindən lazımınca öyrənilməmişdir.
Zəngilər Azərbaycanın elitar türk nəsillərindən biridirlər. Onlar yüz ilə yaxın Qəzvin və Mosul şəhərlərinin hakimi olublar.
Avropanın tanınmış tarixçilərindən K.E.Bosfort 1971 ci ildə nəşr olunan "Müsəlman sülalələri" əsərində zəngi nəsilləri haqqında ətraflı məlumat vermişdir.
Sülalənin banisi atabəy Zəngi, Səlcuqlu Məlik şahın sərkərdəsi Ak Sunqurun nəslindəndir. Onun övladları 1127-1222 ci illərdə İraqın Mosul şəhərinin və ətrafındakı kəndlərin hakimimi olmuşlar.
Monqol işğalı başlayanda zəngilərin hakimiyyətinə son qoyuldu. Onlar oymaqlara bölünüb Qara dənizlə Xəzər dənizinin, Qafqaz dağları ilə Zaqros dağlarının arasına səpələndilər.
Osmanlı ordusunun qərargahının 1721 ci ildə tərtib etdiyi "Dəftəri- müfəssəli-Tiflis" də göstərilir ki, zəngilər şamlılarla birlikdə Gürcüstanın Baydar nahiyəsində yaşayırlar.
Orta əsr tarixçilərinin əsərlərində zəngilərin yaşadıqları kəndlər, şəhərlər, yaylaq və qışlaqlar zanqadzor yox, Zəngibar, Zəngişalı, Zəngi dərə, Səngi Muğan adlanır.
Azərbaycanda Araz çayının bir qolu Zəngibar, Pirsaat çayının bir qolu Zəngi dərə, həmçinin İrəvan mahalındakı çayın da adı Zəngi çayı idi. Ağdamın böyük kəndlərindən biri indiyədək Zəngişalı adlanır. Zəngilan şəhərinin adı da zəngilərlə bağlıdır.
Cənubi Azərbaycandakı Zəncan şəhərinin də adı Zəngi olmuşdur. Sami dillərinin təsirilə "g" səsi "c" səsinə çevrilmişdir. -an fars dilində çoxluq anlamı yaradan şəkilçidir. Zəncan, Zəngan zəngilər deməkdir.
Arxaik türk panteonunda Zəngi baba mifoloji obrazı var. Mifik düşüncəyə görə Zəngi baba buzovları yırtıcılardan, xəstəliklərdən qoruyurdu.
Şəbnəm Xatun
Teref.az