AZƏRBAYCAN TÜRKÜ! ƏCDADLARINI YAXŞI TANI!
8-11-2023, 14:58
Hicri tarixlə 455 – ci ilin zilhiccə ayında (miladi tarixlə 1063 – cü ilin noyabr – dekabr ayları) 30 yaşlı Alp Arslan böyük Səlcuq dövlətinin sultanı elan olundu. 456 – cı ilin rəbiüləvvəl ayında (1064 – cü ilin fevralında) sultan 180 minlik ordu ilə Reydən Ruma doğru hərəkətə başladı. Mərənd şəhərində dayanan sultana « azsaylı bir dəstə ilə rumluları pərişan edən əmir Tuğ Təkin» də qoşularaq ona bələdçilik etməyə başladı.Tuğ Təkin gürcülərin diyarının rumlular üçün artım, küfr və zülm ocağına çevrildiyini bildirdi. Sultan o dövrdə Bizansla böyük Səlcuq dövlətinin sərhəddində yerləşən və « İslamın alınmaz qalası» adlandırılan Naxçıvana çatdıqda oğlu Məlikşahı burada qoyaraq, özü Borçalıdakı Ağcaqalaya gəldi. Məlikşah Sürməli, Qarabağdakı qalaları möhkəmləndirərək Borçalıda atasının ordusu ilə birləşdi. Tiflis və Dumanis müsəlman əmirliklərinin hakimləri sultanın yanına gələrək, Bizans tərəfindən qızışdırılan gürcü feodallarının törətdikləri haqsızlıqlardan ona şikayət etdilər. Sultan Alp Arslan Аzərbaycan parçalandıqdan sonra Bizansın əlinə keçmiş Qars, Ani, və Lorunu (Dağ Borçalısı) böyük Səlcuq imperatorluğuna qatdı. bölgədə əmin-amanlığı təmin edən sultan Alp Arslan paytaxtı İsfahana qayıtdı.
460 – cı ildə (miladi təqvimlə 1067 - 1068) Bizans tərəfindən dəstəklənən abxaz – gürcü hakimi IV baqratın bərdəni qarət etməsi sultanın qərbə doğru yeni yürüşə çıxmasına səbəb oldu. 1067 – ci ilin dekabrında sultan Alp Arslan Tiflis əmiri Əli ibn Cəfər və Gəncə hakimi Fəzlun ibn Əbüləsvarın müşayiətilə Tiflis şəhərinə gəldi. Sultan Tiflisdə olarkən Bizans imperatoru Roman IV Diogenin 300 minlik ordu ilə Azərbaycan üzərinə yeridiyini eşitdi. Bizans imperatorunun ordusunda ermənilər, farslar, gürcülər, Qərbi Avropa cəngavərləri, yunanlar, ruslar, çərkəzlər, habelə xristian oğuzlar, peçeneqlər və xəzərlər də var idi. Mənbələrin verdiyi məlumata görə Bizans ordusunda 400 mindən çox əsgər, 1000 araba silah, 400 araba nalbənd ləvazimatı, 1200 döyüşçünün qulluq etdiyi və hər biri 1 ton daş atan taranlar var idi. Bizans ordusunun yerlə – yeksan etdiyi Minbicə şəhərinin əhalisi kömək üçün sultan Alp Arslana müraciət etdilər. Sultan Alp Arslanın ordusunda isə cəmi 15 min atlı var idi. 14 avqust 1071 – ci ildə sultan Əhlətlə Malazgird arasındakı əz – Zöhrə adlanan yerə gəldi və Savtəkin Аlxası Bizans imperatorunun yanına sülh danışıqlarına göndərdi. Təkəbbürlü imperator elçiyə belə söylədi « bizim atlar axşam Təbrizdə su içəcək, səhərisi isə Reydə danışıqlar apararıq!» . Savtəkin isə imparatora belə cavab verdi: « Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o zaman atların süvariləri siz olmayacaqsınınz !» . Döyüşdən əvvəl sultan öz döyüşçülərinə belə müraciət etdi: “ Kim istəyirsə çıxıb gedə bilər çünki, burada nəyəsə icazə, və ya qadağa qoyan sultan hakimiyyəti yox, Allahın hökmü keçir! ” Bizans imperatorunun ordusunun sağ və sol cinahlarında xristian oğuzlar və peçeneqlər, qoşunun arxasında isə Andronik Dukanın başçılıq etdiyi erməni – gürcü – yunan və s. xalqlardan ibarət dəstələr yerləşdirilmişdi. Qarşılarında öz soydaşlarının olduğunu bilən xristian oğuzlar və peçeneqlər səlcuqlular tərəfinə keçdilər. Axşama yaxın döyüş başa çatdı.Bizans imperatoru əsir tutulsa da Аlp Аrslan onu azadlığa buraхdı. Sultan Alp Arslana əmirəlmömin əl Qaim biəmrillahdan gələn təbrik məktunda yazılmışdı : « Dinin dirəyi, ərəblərin və əcəmlərin hakimi, bütün müsəlmanların sultanı, müslümlərin pənahı, əmirəlmöminin gücünün təsdiqisən ! «
Sultan Аlp Аrslan 465 – ci il rəbüiləvvəl ayının sonuncu şənbə günü (miladi təqvimlə 8 dekabr 1072 – ci il) vəfat etdi və Mərvdə atası ilə əmisinin yanında dəfn olundu.
Kərəm Hətəmoğlu Məmmədli
QEYD: Kərəm müəllimin ruhu şad olsun! Türk millətinin tarixinin tədqiqində əvəzsiz idi....