“Monqol İrənzəmin” və ya İranın monqol sınağı

13-02-2024, 00:01           
“Monqol İrənzəmin” və ya İranın monqol sınağı
Tarix əsrlər boyu siyasi hakimiyyətin təbliğat vasitəsi olub. XX əsrdə isə tarix təbliğat vasitəsindən siyasi hakimiyyətin manipulyasiya silahına çevrilib. Hakimiyyətlər müxtəlif siyasi məqsədləri və şəxsi ambisiyalarını reallaşdırmaq məqsədilə tarixi saxtalaşdıraraq, ondan istifadə ediblər. Saxtalaşdırılan tarix siyasi hakimiyyətə xalqların yaddaşına nəzarət etmək, lazım olduqda kütlələri hakimiyyətin ətrafında səfərbər etmək imkanı verib. İranın müasir siyasi hakimiyyəti və onun nəzarəti altında yaradılan tarixi narrativlər də oxşar məqsədlərə xidmət edir. Bu narrativlər İran tarixinin yüksək səviyyədə farslaşdırılması, İran tarixinin səhifələrindən qeyri-farsların izlərinin silinməsi ilə müşayiət olunur. Bakı Araşdırmalar İnstitutunun səhifəsində dərc edilmiş Munxnaran Bayarlxaqvanın Yaşasın Monqol Böyük İranı-İranzəmin adlı məqaləsinin əsasında müasir İran tarixşünaslığındakı saxtalaşdırmaların tənqidi təhlili durur.[1] Müəllif əsas diqqəti İranın Monqol dövrü tarixinin saxtalaşdırılmasına yönəldir, Çingiz xanın Hitler, Monqol işğallarının isə soyqırımla eyniləşdirilməsinin tarixin kobud şəkildə saxtalaşdırılmasından başqa bir şey olmadığını iddia edir. İddiasını əsaslandırmaq üçün müəllif diqqəti Monqol işğalları dövründə iki istiqamətdə- siyasi və sosial həyatda baş vermiş dəyişikliklərə yönəldir. Lakin, təəssüf ki, İran tarixçilərini saxtakarlıqda ittiham edən müəllifin özü iddialarını əsaslandırmaq üçün qeyri-elmi üsullardan istifadə edir.

Siyasi prosesləri təhlil edərkən Bayarlxaqva iki iddia irəli sürür: 1) Monqol işğalları ərəfəsində İran siyasi cəhətdən parçalanmış və dağınıq vəziyyətdə idi və bu səbəbdən də şəhərlərin dağıdılması, insanların kütləvi qırğınlarını yalnız monqolların adı ilə bağlamaq qeyri-elmidir; 2) İranın həyatına uzun illər davam etmiş siyasi xaosdan sonra siyasi sabitlik gətirən və uzun əsrlərdən sonra İranı vahid imperiya altında birləşdirən Monqol hökmdarları olub. Birinci iddiaya cavab olaraq qeyd edə bilərik ki, 13-cü əsrin əvvəllərində Monqolların ilk hücumları dövründə İran ərazisində həqiqətən də siyasi sabitlik və vahid siyasi hakimiyyət yox idi və məhz bu və digər səbəblər üzündən İran Çingiz xanın hücumları qarşısında müdafiəsiz qaldı. Lakin Monqolların nə birinci, nə də ikinci işğalı İrana sabitlik gətirmədi. İranın Çingiz xanın sağlığında baş vermiş ilk işğalı İran üçün dağıdıcı olmuşdu.[2]

Bu dağıdıcı hücumlardan 30 il sonra Hülakü xanın rəhbərliyi altında İranın ikinci işğalı başlanmışdı. 1258-ci ildən, yəni Hülakü xanın Abbasilər xilafətini dağıtdıqdan sonra İranda qalmasının, Təbrizi özünə paytaxt seçməsinin əsas səbəbi isə çox güman ki, ordusunun Ayn -Calut (1260) döyüşündə Baybarsa məğlub olması, siyasi ambisiyalarını reallaşdıra bilməməsi olmuşdu.[3] Çünki Hülakü xan təkcə Misir Məmlüklərinə qarşı döyüşməmiş, uzun illər qohumu Berke ilə vətəndaş müharibəsində olmuşdu. Bu düşmənçiliyin arxasında siyasi ambisiyalarla yanaşı dini qarşıdurma da var idi. Qızıl Ordanın başında duran Berke xan İslamı qəbul etmişdi, Hülakü xan isə İslamın qatı düşməni idi. Vətəndaş müharibələri və hakimiyyət uğrunda çəkişmələr Hülakü xanın yaratdığı dövlətdə uzun illər səngiməmişdi. Dünyasını dəyişən hökmdarların ölümündə isə rəqibləri ittiham edilərək edam olunmuşdular. Bu məlumatlar Monqol işğallarının İran ərazisinə siyasi sabitlik gətirmədiyini təsdiqləyir. İstənilən müharibə və hərbi qarşıdurma böyük maliyyə vəsaiti tələb etdiyindən bu qarşıdurmalar hər zaman əhalinin müxtəlif yollarla talan edilməsi ilə nəticələnirdi. Yəni monqolların hökmdarlıq dövrü siyasi təlatümlərlə yanaşı sosial kataklizmləri də artırmışdı. Bütövlükdə Monqol işğalları dövründə İran əhalisinin dördə üç hissəsi məhv edilmiş, geniş əkin əraziləri isə otlaqlara çevrilmişdi.[4] Təəssüf ki, müəllif monqolların İran hökmranlığının siyasi problemləri ilə bağlı iddialarını əsaslandırarkən mənbələrdən qərəzli istifadə etmiş, şəxsi mövqeyini təsdiqləyən məlumatları konteksdən çıxararaq təqdim etmişdir.

Monqol işğalı altında olan ərazilərdə ikili qanunvericilik, yəni həm Çingiz xanın Yasası, həm də İslam dininə söykənən qanunlar tətbiq edildiyindən əhali ikiqat təzyiq altında qalırdı. Monqolların daxili çəkişmələri, işğalçı və vətəndaş müharibələri İran iqtisadiyyatını ciddi şəkildə sarsıdaraq maliyyə böhranına səbəb olmuşdu. Bu böhrandan çıxmaq üçün atılan addımlar isə hətta yəhudi qırğınına gətirib çıxarmışdı. 1291-ci ildə Arqun Xanın sevimli vəziri yəhudi mənşəli alim Səid əl-Dövlə, onun yüksək vəzifə tutmuş bütün qohumları, dəstək verdiyi yaxınları və tanışları edam edilmiş, dövlətin ərazisində yəhudilərin təqibləri başlanmışdı. Bir qayda olaraq, Monqol hakimlərinin ən yaxın məsləhətçiləri və dövləti idarə edənlər yerli əyanlar idi. Arqun xanın dövründə Səid əl-Dövlə, Qazan xanın dövründə Rəşid əl-Din bütün dövlət işlərinə və xəzinəyə nəzarət edirdlər.

Hülakü xanın varisləri tədricən Buddizmdən kənarlaşmağa başlayırlar. Hakim təbəqənin tədricən yerli əyanlarla yaxınlaşması, qarışıq nigahlar monqolların farslarla, İranın şimalında yaşayan türklərlə assimilyasiyasını sürətləndirir. Bu proses Qazan xanın (1295-1304) dövründə daha da genişlənir. Hakim təbəqə İslamı qəbul etdikdən sonra digər dinlərin nümayəndələrinə qarşı təqiblər bərpa olunur. Müəllifin iddiasının əksinə olaraq dini və etnik tolerantlıq Elxani dövlətinin erkən dövrü üçün keçərli olub və monqollların İslamı qəbul etməsinə qədər davam edib.[5]

Qazan xan hakimiyyətini möhkəmləndirdikdən sonra Pekinə tabe olmaqdan imtina edir, rəsmi sənədlərdə və sikkələrdə böyük xanın adının qeyd olunması təcrübəsindən imtina olunur. Qazan xan özünü Elxan deyil, Xan adlandırmağa başlayır. Bütün bu faktlar Elxani dövlətinin Monqol İmperiyası hakimiyyətindən çıxaraq müstəqil dövlətə çevrildiyinə dəlalət edir, eyni zamanda müəllifin iddiasının əksinə olaraq, Qazan xanın monqollarla eyni əxlaqi-mədəni dəyərləri bölüşmədiyini də təsdiqləyir. İranı işğal edən Buddist Hülakü xanla Elxani dövlətinin hökmdarı, xristian kimi böyümüş, siyasi ambisiyalarına çatmaq üçün müsəlmanlığı qəbul etmiş Qazan xan arasında mənəvi əlaqə o qədər də böyük deyildi. Qazan xanla Böyük Monqol İmperiyası xanlarını onların yalnız eyni xanədana mənsub olması birləşdirirdi.[6]

Bayarlxaqva sosial proseslərlə də bağlı iki yanlış iddia irəli sürür: 1) birinci işğaldan fərqli olaraq ikinci işğal o qədər də dağıdıcı olmamış və elm adamlarına, tacirlərə, bürokratik aparatın nümayəndələrinə, dini azlıqlara qarşı mərhəmət nümayiş etdirilmişdir; 2) ikinci işğaldan sonra monqol hökmdarları elmin, mədəniyyətin inkişafına ciddi dəstək göstərmiş, tarixi abidələrin, məscidlərin bərpası, tikintisinə maliyyə ayırmışdılar. Monqolların İranın birinci və ikinci işğalı zamanı törətdikləri dağıntıların həcmini və öldürülən insanlaırn sayınıı müəyyən etmək bu yazının məqsədindən uzaqdır, onun üçün də mən bu məsələyə toxunmayacağam. Lakin monqolların işğal siyasətini əks etdirən tarixi mənbələrdə birinci və ikinci işğalların xüsusiyyəti arasında ciddi fərq qeyd olunmayıb.[7] Monqolların ikinci işğalı zamanı mərhəmət göstərilmiş insanlar bu mərhəmətə görə külli miqdarda maliyyə vəsaiti ödəyirdilər. Bununla yanaşı etiraf etməliyik ki, monqollar Xilafətin hakimiyyəti altında ciddi diskriminasiyaya uğramış etnik və dini azlıqlara, xristianlara, yəhudilərə, ermənilərə qarşı tolerantlıq nümayiş etdirmiş, onların bilik və bacarıqlarından məharətlə istifadə etmişdilər. Bunların içərisində, müəllifin də qeyd etdiyi kimi, monqolların birinci yürüşü zamanı dağıdılan Tus şəhərindən olan fars mənşəli Nəsir əl-Din əl-Tusi, yenə də monqolların dağıtdığı Nişapur şəhərindən olan fars mənşəli Ziya əl-Cuveyni, yəhudi mənşəli Səid əl-Dövlə və Rəşid əl-Din Həmədani kimi mütəfəkkirlər var idi. Böyük bir ərazini işğal etmiş monqolların bu əraziləri idarə edəcək büroktatik aparata, nomenklaturaya ehtiyacları var idi. Monqollar yaxşı döyüşçü, lakin təcrübəsiz idarəçi idilər. Monqolların özlərinin bürokrat yetişdirəcək məktəbləri olmadığından ilk əvvəllər bu məqsədlə çin və uyğur mütəxəssislərdən istifadə ediblər.[8] Monqollar eyni zamanda işğal edilmiş ərazilərdən imperiyanın mərkəzi şəhərlərinə müxtəlif millətlərin bacarıqlı və savadlı insanlarını toplayırdılar. Bu insanların sayı, sözsüz ki, böyük bir imperiyanı idarə etmək üçün yetərli deyildi. Məhz bu səbəbdən monqollar işğal etdikləri ərazilərdə dillərini, adət-ənənlərini bilmədikləri xalqları idarə etmək üçün yerli bürokratlardan istifadə edirdilər. İranda bir neçə məşhur irsi bürokrat ailəsi var idi. Əl-Juveyni ailəsi onlardan biri idi. Monqol hökmdarları tərəfindən yüksək dövlət vəzifəsinə təyin edilən bu insanlar bölgələrdə əsas vəzifələri qohumları və yerliləri arasında bölüşdürməyə çalışırdılar. Elxani dövlətində əsas idarəçilər monqollar deyil, yerli əyanlar idi.

Bayarlxaqva haqlı olaraq yazır ki, monqollar işğal etdikləri İranda elmin, mədəniyyətin inkişafına dəstək veriblər. Bu dəstəyi göstərən Qazan xan artıq monqol ənənələrindən və mədəniyyətindən uzaqlaşmış, yerliləşmiş, müsəlman hakimə çevrilmişdi.[9] Doqquz illik hakimiyyəti dövründə bir sıra islahatlar keçirmiş Qazan xan monqollara Buddizmi qadağan etmiş, onları öyrəşdikləri köçəri həyat tərzindən oturaq həyat tərzinə keçirməyə cəhd göstərmiş, işğal olunmuş ərazilərin həyat tərzinə uyğunlaşdırmağa çalışmışdı.[10]

Tarixə Elxanilər dövləti kimi daxil olmuş Monqolların İran hökmdarlığı 70 ildən bir qədər çox davam etmişdir. Bu dövrün böyük hissəsi işğalçı və vətəndaş müharibələri ilə müşayət olunmuş, İran cəmiyyətində ciddi sosial problemlər yaratmışdı. Sonuncu Elxani hökmdarlarından yalnız Qazan xanın hakimiyyət illəri İran üçün uğurlu sayıla bilər. Bu tarixi dövrün müasir İran tarixşünaslığında “qaranlıq” bir dövr kimi təqdim olunması, sözsüz ki, monqolların İranı ənənəvi oturaq həyat tərzindən qopararaq özlərinin köçəri adətlərinə tabe etmək cəhdləri ilə izah olunmalıdır. Lakin monqollar qeyd edilən sosial-siyasi səbəblər üzündən bu cəhdlərdən imtina etmiş, yerli əhalinin dilini, dinini və mənəvi dəyərlərini qəbul edərək assimilyasiyaya uğramışdılar. Bu prosesdə İranı idarə edən yerli bürokratik aparatın xidmətləri danılmazdır.

Təəssüf ki, Bayarlxaqva İranın monqol dövrü tarixinin yalnız müsbət çalarlarını təqdim etməyə cəhd göstərmiş, onun qaranlıq tərəfləri haqqında susmağa üstünlük vermişdi. Müəllifin iddialarını əsaslandırmaq üçün müasir İran tarixşünaslığının monqol dövrünə aid tədqiqatlardakı saxtakarlıqları təhlil etməsi daha məntiqli olardı. Lakin bunun əvəzinə müəllif tarixə ekskurslar etmiş, istinaq etdiyi mənbələrdən qərəzli istifadə etmiş, monqollara aid olmayan bir çox uğurları monqolların adına yazmış, yanlış nəticələrə gəlmişdir.
Qeydlər və istinadlar:

[1] Munxnaran Bayarlxaqva, “Yaşasın Monqol Böyük İranı – İranzəmin,” Baku Research Institute, 2023, https://bakuresearchinstitute.org/yasasin-monqol-boyuk-irani-iranzamin/.

[2] Saunders J.J. The History of the Mongol Conquests. University of Pennsylvania Press, 2001; Morgan, D. O. “The Mongol Armies in Persia”. Der Islam. 1979, 56 (1): 81–96; David O. Morgan. The Mongols. Oxford and Walden: Backwell, 2007; Timothy May. The Mongol Conquests in World History. London: Reaktion Books, 2011.

[3] Halperin, Charles J. “The Kipchak Connection: The Ilkhans, the Mamluks and Ayn Jalut”. Bulletin of the School of Oriental and African Studies, University of London. 2000, 63 (2): 229–245; May, Timothy. The Mongols outside Mongolia. The Mongol Empire. Edinburgh: Edinburgh University Press, 2018; Reuven Amitai-Preiss. Mongols and Mamluks: The Mamluk-Īlkhānid War. 1260-1281. Cambridge University Press, 1995; Reuven Amitai-Preiss. In the Aftermath of ‘Ayn Jâlût: The Beginnings of the Malmûk-Îlkhânid Cold War”. Al-Masaq (10): 1–21. 1990.

[4] Steven R.Ward. Immortal: A Military History of Iran and Its Armed Forces. Georgetown University Press, 2009.

[5] Hope M. Power, Politics, and Tradition in the Mongol Empire and the Īlkhānate of Iran. Oxford: Oxford U.P., 2016

[6] Foltz R. Religions of the Silk Road, Palgrave Macmillan: 2010.

[7] May T. The Mongol Art of War: Chinggis Khan and the Mongol Military System. Yardley, PA: Westholme Publishing, 2007.

[8] Thomas T. Allsen, “The Yüan Dynasty and the Uighurs of Turfan in the 13th Century,” in China among Equals: The Middle Kingdom and Its Neighbors, 10th-14th Centuries, ed. Morris Rossabi (Berkeley and Los Angeles: University of California Press, 1983.

[9] The Legacy of Genghis Khan: Courtly Art and Culture in Western Asia, 1256–1353. Edited by Linda Komaroff, Stefano Carboni and the METROPOLITAN MUSEUM OF ART. New York: Metropolitan Museum of Art, 2002.

[10] Hope M. Power, politics, and tradition in the Mongol Empire and the Ilkhanate of Iran. Oxford University Press, 2016; Charles Melville, “Padshah-i Islam: the conversion of Sultan Mahmud Ghazan Khan. Cambridge: Middle East Center, 1990.
Şəlalə Məmmədova
Tarix elmləri doktoru və BDU-nun sabiq prorektorudur. Hazırda ABŞ-da Vudro Vilson Mərkəzinin Kennan İnstitutunun tədqiqatçısıdır.
bakuresearchinstitute.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.