Hansı səbəbdən Ağalar Vəliyevin "qələmi qırılıb"... - İTTİHAM VAR

16-10-2015, 11:41           
Hansı səbəbdən Ağalar Vəliyevin "qələmi qırılıb"... - İTTİHAM VAR
Maaşları kəsilən işçilərin əsas narazılıq etdikləri şəxs Milli Məclisin üzvü Ağalar Vəliyevdir. Buna səbəb də təmir-bərpa işlərinin həvalə olunduğu "Azəraqrartikinti” ASC-nin deputata məxsus olmasıdır.

İşlərə nəzarəti A.Vəliyevin yaxın adamı Emil Hacıyev həyata keçirir. Mətbuatda zaman-zaman tikinti ilə əlaqədar yayılan məlumatlarda bu şəxs barəsində heç də xoşagələn xəbərlər getməyib.

"Yeni Müsavat”ın 15 iyul sayında yanan binada gördükləri işlərinin müqabilində verilməli olan pullarının bir hissəsini ala bilməyən iş icraçısı Cəfər Şərbətov və Yaşar Hüseynovun şikayətləri dərc olunmuşdu. Şikayətçilər Emil Hacıyevin ünvanına ağır ittihamlar səsləndirmişdilər.

E.Hacıyev isə öz növbəsində həmin şəxsləri onu qəzet vasitəsilə şantaj etməkdə, bu yolla ondan pul almağa çalışmaqda günahlandırmışdı. Hətta onları "kişi kimi çörəkpulu qazanmağa” çağırmışdı.

E.Hacıyevin bu fikirləri yaranan narazılığın üzərinə sanki benzin töküb. Qəzetə yenidən müraciət edən şikayətçilər onun yalan danışdığını bildirdilər.

Cəfər Şərbətov deyir ki, E.Hacıyevin kişilik söhbəti etməsi münasibətləri şəxsi müstəviyə çəkir: "27 iyunda bizə verdikləri kağızı dana bilməzlər. Orada hansı məbləğə iş gördürüblərsə, yazılıb. Emil deyir ki, guya biz yalan danışırıq, bizə artıq pul verilib. Hətta kişilik söhbəti edir. O, tamamilə yalan danışır. Burada hər bir halda başqa söhbətlər ortaya çıxır. O deyir ki, mən küçə uşağı deyiləm. Amma yanımda Yaşara dedi ki, "səni torbada oğurladaram”.

Dediyi sözləri indi danır. Bəs bu, kişilikdir, Emil? Biz sadəcə haqqımızı tələb edirik. Deyirik ki, işlədiyimizin pulunu verin. Özünün iştirakı ilə razılaşma olub. Deyib ki, 50 qəpiyi nəzərə alarıq, darıxmayın. Hətta dedi ki, sizin işdə 50 qəpik nəzərə alınmasa, ərizə yazıb işdən çıxacam. Biz də ona inanıb işləyirdik. Elə zənn edirdik ki, bizə ürəyi yanır. Normal insan bilirdik. Mənə problemi bağlamaq üçün 200 manat pul təklif etdi. Dedim ki, pulu qoy cibinə... Dindar adamam, mənə o pul lazım deyil. Sən kimsən ki, mənə minnət qoyub, pul verirsən. Dindar adamam, haqqı nahaqqa vermərəm. Heç vaxt haram pul yemərəm. Haram yeyən olsaydım, Emil kimi yuxarıda oturardım. 1 manat 20 qəpiyə malyar işi gördürərlər? Özü də prezidentin nəzarəti altında olan binadır. Öz evinə o qiymətə malyar vurdurarlar? Əgər camaat bilsə, aləm bir-birinə dəyəcək.

Emil deyir ki, guya bizim gördüyümüz iş bərbad halda olub. Əgər belədirsə, onda ustalarımı niyə işdə saxlayıb? Hazırda orada işləyirlər. O ustaların telefon nömrələri də məndədir. Hamısını işə mən qəbul etmişəm. Əgər bərbad iş görürdüksə, onda Emil telekanalları aldadır? Bütün çəkilişlər işlədiyimiz otaqlarda aparılırdı. Emil müsahibə verirdi ki, işlər yüksək səviyyədə gedir. Belə çıxır ki, o, bütün respublikanı aldadır.

3-4 otaqda gedən işləri bütün binaya aid edirdilər. Halbuki başqa yerlərdə işlər getmir. Kişilikdən söhbət gedirsə, kişilik budur. Təmiz danışmaq lazımdır. Biz şantaj yolu ilə niyə pul tələb etməliyik? Lazım gələrsə, alacağımız 3 min manatı yetimlər evinə, Müdafiə Fonduna köçürərəm. O pul alınmalıdır. Emil özünü küçə uşağı hesab edib bu cür sözlər danışır. İşçiləri qorxutmaq üçün bütün yollara əl atır. Əgər bərbad iş görmüşüksə, çağırıb sübut eləsin. Bərbad iş görmüşüksə, bizi bir ay orada necə saxlayıb? Sanki bizi işə tələsdirən, çəkiliş gələndə göstərmək üçün çalışan insan bu deyildi?

İnsan danışanda Allahının olduğunu unutmamalıdır. Prezidentin tapşırıq verdiyi binada belə hərəkət edirlərsə, görün digərlərində vəziyyət necədir. Gördürdükləri işin qiymətini kim görsə, dəhşətə gələr. 5 milyon manat ayrılan binadır. Nə yeyinti edirlərsə, özləri bilər. Pullarımızı versinlər. Fəhlə işlətmişik, pullarını versinlər. Cibimizdən pul verməyə imkanımız olsa, verərik. Azərbaycanda çinliləri də bu qiymətə işlətmirlər. Onlar 2 manata işləyirlər. Amma bunlar millətimizi 1 manata işlədəcək səviyyədə olan insanlardır. Deyirlər ki, işsizlikdir. Yalandır, hər yerdə iş var”.

Şikayətçi lazım gələndə yanan binada gedən işlərlə bağlı şok faktlar açıqlayacağını bildirdi: "Orada keyfiyyətli iş alınmayacaq. Hətta ev sahiblərinin özləri də narazılıq edəcəklər. Onu indidən görürəm. Orada elə şeylər baş verir ki, indi demək istəmirəm. Lazım gələndə açıqlayacam. Bunları desəm, bütün sakinlər ayağa qalxacaq.

Bunu Emil müəllim də çox gözəl bilir. Onun deməyi ilə biz naziri də aldatmalı idik. Deyirdi ki, nazir gələndə nə desəm, onu edərsiniz. Açılası çox şeylər var. Söhbət kişilər arasında qalmalıdır. Ona görə də susuram. Balaca bir məmur at oynadırsa, görün, ölkə nə gündədir. Bütün bunlarla bağlı prezidentə müraciət edirəm. Araşdırma aparılsın. Onda hər şey üzə çıxacaq”.

Ağalar Vəliyevin deputatlığı sual altındadır
Məlumatda deyilir ki, Qaradağdan 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinə "sürgün edilmiş” Ağalar Vəliyev YAP-ın siyahısındakı "qurbanlıq namizədlərdəndir”.

İnformasiyada bildirilir ki, YAP heç də bütün dairələr üzrə 100 faizli qələbə qazanmaq fikrində deyil. Əslində bu əvvəlki seçkilərdə də belə olub və hakim partiya hansısa dairədən irəli sürdüyü namizədin seçilməyəcəyinə əmindir, sadəcə olaraq seçkilərin "demokratikliyini”, hər yerdə YAP namizədinin qalib gəlmədiyini isbatlamaq üçün bu addımı atıb. YAP-ın əvvəlcədən də bilindiyi kimi "uduzacağı” dairələrdən biri isə Ağalar Vəliyevin namizədliyini irəli sürdüyü 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsidir. Maraqlıdır bəs, Ağalar Vəliyev niyə "vurulur”, YAP-ın ondan imtinasının səbəbləri nədir?

Bütün bu sualllara cavab tapmaq məqsədilə çox da uzaq olmayan keçmişdə meydan.tv-də yay ımlanmış yazını təkrar dərc etmək qərarına gəldik. Savash.org olaraq hesab edirik ki, yuxarıdakı sualların ətraflı cavablarını bu yazıda tapa biləcəksiniz...

Mayın 19-da Bakıda çoxmərtəbəli binada baş verən yanğın insan tələfatı ilə bitdi. Cavabdeh qurumlar yanğına səbəbini binanın üzlənməsi üçün istifadə edilən penoplast üzlüklərin olması ilə əsaslandırdılar. Bundan sonra Bakıda təhlükə yaranmaması üçün penoplastla üzlənmiş binaların üzlüklərini sökməyə başladılar. Eyni zamanda yanmış binada (Azadlıq prospekti, 200/36 ünvanında) da bərpa işləri başladı. Bərpa işləri ilə bağlı tender keçirilmədi və ilkin dövrdə bərpanın kimə tapşırılması gizli saxlanıldı. Baş nazirin müavini Abid Şərifov jurnalistin yanan binadakı təmir işlərinin sifariş edildiyi şirkətin adı ilə bağlı sualına "Səə nə var, Alabala” deyərək, həm dövlət qulluqçusu statusunu, həm də jurnalisti təhqir elədi. Sonradan yanan binanın hansı şirkətə verilməsi məsələsi mətbuata aydın oldu, amma həmin "Alabala” deyilən günü təmirin tapşırıldığı şirkətin rəhbərinin elə Abid Şərifovun arxasında durması nüansını jurnalsitlər nəzərdən qaçırdı.

Bəli, Binəqədi rayonunda yanan binanın təmiri "Azəraqrartikinti” ASC-yə həvalə olundu. ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Onu, 1996-cı il, iyunun 19-da eks-prezident Heydər Əliyev "Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin edib. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış "Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində çalışır. Bir dövlət müəssisəsinin özəlləşdirilməsi və yumşaq desək, "əldən çıxarılması” onun vasitəsilə həyata keçirilir.

Qısa arayış: "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərirdi və bu qurum 1961-ci ildə qeyri-dövlət mülkiyyəti əsasında yaradılmış "Başkolxozlararasıtikinti” Idarəsinin hüquqi varisi idi. Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları verilməklə adı bir neçə dəfə dəyişdirilərək, "Başkolxozsovxoztikinti” Idarəsi, "Azəraqrarsənayetikinti” Birliyi, "Azəraqrartikinti” Istehsalat Birliyi, "Azəraqrartikinti” Dövlət Şirkəti adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin "Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” 1997-ci il 2 dekabr tarixli 646 saylı Fərmanı ilə "Azəraqrartikinti” Dövlət Şirkəti ləğv edilərkən şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 11 mart 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə "hədiyyə” edilib.

Öyrəndik ki, "Azəraqrartikinti”nin səhmlərinin bölgüsü qapalı aparılıb və kollektiv arasında səhmlər bölünüb. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi olub, Səhmdarların sayı məlum deyil. Amma indiyədək təxminən 200 dəfə əqd bağlanıb (səhmlərin albğı-satqısı ilə bağlı). Son aylar isə müəssisənin səhmləri bazarda sürətlə yığılır, 2600 manat qiyməti olan səhmlər üçün, deyilənə görə, işçilərə 300 manat pul verib alırlar.

Əslində "Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevə səhmlərin neçə faizinin məxsus olması ilə bağlı konkret informasiya əldə edə bilmədik. Çünki Səhmdar Cəmiyyət illik hesabatını nə saytında, nə Kütləvi Informasiya Vasitələrində açıqlamır, hesabatlarının şəffaflığını təmin etmir.

"Azəraqrartikinti” ASC özəlləşərkən tabeliyində bir çox rayon filialı da var idi. Bəziləri isə özəlləşmə həyata keçirildikdən sonra yaradıldı və anında tam gücüylə fəaliyyətə başladı. Bir sözlə, "Azəraqrartikinti” ASC 40 filial və törəmə şirkətlə özəlləşdirildiyi ildən dövlət tenderleri almağa başladı...

"Azəraqrartikinti” ASC-nin eyni zamanda qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93 ünvanında daha iki şirkət də qeydiyyatdadı. Bunlardan biri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin adına qeydiyyatdan keçmiş "PZ Servis” MMC, ikincisi, qardaşı oğlu Ramin Vəliyevin adına təsis olunmuş "Azital Inşaat” MMC.
Deputatın müəssisəsinin rayon filiallarının rəhbərlərinin də adına olan şirkətlər var.

Bunlar:
* "Azəraqrartikinti”nin Saatlı filialının rəhbəri Bəybala Əkbərov həm də "Muğan LTD” MMC-nin təsisçisidir.
* "Azəraqrartikinti”nin Neftçala filialının rəhbəri Imanqulu Əliyev eyni zamanda "Bərpaçı Dizayner” MMC nin rəhbəridir.
* "Azəraqrartikinti”nin Bakı 3 sayı filialının rəhbəri Sabir Qaragözov daha 2 şirkətin təsisçisidir; "Qaragözova” MMC və "Tərəqqi-2008″MMC.
* "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Şəki yerli tikinti materialları istehsalı filialının rəhbəri Nəsib Növbərov həm də "Şəki şirkəti” adlı başqa bir müəssisənin də təsisçisidir.

"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti həmçinin bir sıra layihələrin icrasını aşağıdakı şirkətlərlə müştərək şirkətlər quraraq həyata keçirib: Italiyanın "Eleca”, "Impronta”, Fransanın OTV şirkəti, Türkiyənin "Metabronz”, "Turan Xəzinədarlığı”, PIM PROCE, "ŞUKO”, "QRANITAS” şirkətləri, Rusiyanın "Foton” firması ilə, Almaniyanın "Rayzinq”, PERI, "VIRTGEN” şirkətləri…

Yəqin ki, bunlar hamısı deyil. Amma Azərbaycan hökuməti şəffaflıq və demokratiya prinsiplərinə zidd gedərək, məmurların və AR Konstitusiyasına əsasən bizneslə məşğul olması qadağan olunmuş şəxslərin əməllərini ört-basdır etmək məqsədilə Vergilər Nazirliyinin bazasını bağladığı üçün daha geniş məlumatlar əldə edə bilmirik. Halbuki birbaşa və ya ona məxsus törəmə, eləcə də asılı təsərrüfat cəmiyyətləri ilə birlikdə ümumi bazarda payı 35 faizdən çox olan təsərrüfat subyektləri bazarda hökmran mövqe tutan sayılırlar. Dövlətdən aldığı lisenziyalar, sifarişlər, idxal kvotaları vasitəsilə bazara əhəmiyyətli təsir göstərə bilən təsərrüfat subyektləri də inhisarçı sayılırlar. Belə şirkətlərin mallarının və xidmətlərinin təklif edilməsi şərtlərinə, onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid bilgilər şəffaf olmalıdır. Azərbaycan Dövlət Neft Fondu, Əhalinin Sosial Müdafiəsi Fondu və s. kimi tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, eyni zamanda "Azərsutikinti”, "Azəraqrartikinti”, "Kapitalbank”, Azərbaycan Beynəlxalq Bankı, "Azərsığorta” və s. kimi dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair bilgiləri hər kəsin əli çatacağı veb-resurslara yerləşdirməlidirlər.

Milyonlarla manat dəyərində tenderlər

"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin tenderlərinin hamısını müəyyənləşdirmək təəssüf ki, bizə müəssər olmadı. Biz sizin üçün 1998-ci ildən 2014-cü ilə qədər "Azəraqrartikinti”nin aldığı tenderlərin bir hissəsini müəyyən etdik və bir neçə dövlət qurumunun saytından müəyyənləşdirə bildiyimiz fərqli vaxtlarda aldığı tenderlərin siyahısını təqdim edirik. Dövlət qurumlarının saytlarında tenderlərin hamsının məbləği göstərilməsə də, göstərilən rəqəmlər artıq milyonlardan xəbər verir. 1998-ci ildən bu günə kimi müəssisə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ədliyyə, Müdafiə, Mədəniyyət və Turizm, Səhiyyə, Təhsil nazirliklərinin, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyin, Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının, Baş Prokurorluğun və digər sifarişçilərin xətti ilə xeyli sayda müqavilə icra edərək başa çatdırıb, yaxud icra olunmaqdadır.

Bu sahədə araşdırmalar göstərdi ki, tender.gov.az "http://tender.gov.az/” saytı verilən tenderlərin heç 50%-ni də əhatə eləmir. Sifarişini müəyyən elədiyimiz tenderlərin bəziləri üçün ayrılan məbəği müəyyənləşdirmək imkansız idi. Aşağıdakı 2 cədvəldə 1998-ci ildən 2014-cü ilə qədər adı çəkilən şirkətə verilən tenderlərdən müəyyənləşdirdiklərimizi əks etdirmişik. Bunların birində məbləği müəyyən olunan tenderlər, digərində məbləği müəyyən olunmayan tenderlər əks olunub. Sadəcə məbləğini müəyyən etdiyimiz tenderlərin ümumi həcmi 85 milyon 634 min 637 manat edir. Bunlara "AZƏRAQRARTIKINTI”yə verilməsi fakti müəyyən olunan, amma ayrılan maliyyəsi müəyyən olunmayan tenderləri və ümumiyyətlə, bizim üçün də əlçatmaz olan sifarişləri nəzərə alsaq, həmçinin bu sifarişlərin əksəriyyətinin rəsmi qurumlardan verilməsinə diqqət etsək, bu şirkətə göstərilən "əlahiddə” münasibət maraq doğurmaya bilmir.

Leyla Əliyeva və Pərvin Zeynalovun 2011-ci ildə "Neft tenderləri: Aysberqin görünməyən tərəfləri” başlığı ilə dərc olunmuş araşdırmasında isə "Azəraqrartikinti”nin bu tenderlərdə iştirakı ilə bağlı aşağıdakı məlumat var:

"Rəsmi mətbuatda tender elanı belə verilməyib. Layihələr isə 20-30 podratçıya yüklənib. Konkret, qəsəbələrdə ”Azəraqrartikinti” SC-yə məxsus 4 müəssisə – "Füzuli” ATF, "Bərdə” ATF, "Ağcabədi” ATF, "Gəncə” Yol Tikinti Firması, "Azəri Servis” LTD, "Şəms-95″, ”Alıbəyli”, "Inşaatçı”, "MIH” LTD, "Imişli” Yol Tikinti, "Azərisutəchizattikinti” SC, "Şəki-62″, ”Bakıelektrikşəbəkətikinti” ASC, "Azərikəndtikinti” ASC, "Elnur-2″ MMC, ”Meliorator Tikinti və Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti, ARTIM Məhdud Məsuliyyətli Cəmiyyət, türk və azərbaycanlı iş adamlarının birgə müəssisəsi olan "IMAY” şirkətləri işləyib. Sənədlərə əsaslansaq, qəsəbələrin salınmasında ən çox iş "Azəraqrartikinti” SC-dədir – evlərin tikintisində 29%, sosial obyektlərdə isə 42% işi Səhmdar Cəmiyyətin nəzdində olan müəssisələr görüb. SC işləri həmin müəssisələrə məhz subpodratçı təşkilatlar kimi həvalə edib. Əslində müəssisələr birbaşa şirkətin özünə məxsusdursa, onlar işi subpodratçı kimi görməməlidilər”.

Qeyd edək ki, əldə edə bildiyimiz tender məlumatlarında göstərilən məbləğlər 90 milyon manatdan yuxarıdır. Sadəcə göstərilən rəqəmlər…

"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri və Milli Məclisin deputatı Ağalar Vəliyev Prezidentin Fərmanı ilə 2010-cu ildə "Əməkdar mühəndis” fəxri adına, 2012-ci ildə isə "Şöhrət” ordeninə layiq görülüb.

Eyni zamanda, "Azəraqrartikinti” ASC yol-körpütikinti firmasinın rəhbəri Maqsud Əvəz oğlu Gülməmmədov 2012-ci ildə, "Aqrartikinti”nin Sabirabad filialinın rəhbəri Vaqif Əlövsət oğlu Məmmədov 2012-ci ildə, "Aqrartikinti”nin Bakı 1 saylı filialının rəhbəri Xudayar Hənifə oğlu Rəhimov 2010-cu ildə, müəssisənin Füzuli ixtisasquraşdırma filialının rəhbəri Nazim Qaçay oğlu Şükürov 2014-cü ildə, "Azəraqrartikinti”nin Bakı tikinti mexanikləşdirmə filialının rəhbəri Ibrahim Qənbər oğlu Muxtarzadə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanıyla "Tərəqqi” medalı ilə təltif olunublar.

Jurnalistlərin "millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: "Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”.

Ağalar Vəliyevə və onu bu statusa gətirənlərə həmin qanunu bir daha xatırladırıq.

Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi:

1. Ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

"…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər”.(7news.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.