Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı

Bu gün, 09:49           
Xalqımızın qan yaddaşı: 20 Yanvar... -
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar
faciəsindən artıq 35 il ötür. 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə
xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın
mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün
uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq
üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş
etdirdi.
20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq
düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını,
ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Həmin gün Sovet
ordusunun bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.
Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və
rayonlarda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz
həbs olundu.
Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli
faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı.
Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz
idi. Belə ağır bir vaxtda Ulu Öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət
altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq,
yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet
ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat
vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının
cəzalandırılmasını tələb etmişdi.
20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət
vermək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra
mümkün oldu. Ulu Öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə
hər zaman böyük diqqətlə yanaşırdı. Ümummilli Lider hər il yanvarın 20-də
Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların
qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan "Əbədi
məşəl" abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin
xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu Öndər Heydər Əliyevin
2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar
günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı
verilib.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin
sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il
yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə
kompleksinin önünə əklil qoyur, həmçinin 1990-cı ilin yanvarında şəhid
olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca
tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin
gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.
1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı göstərdiyi
qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq uğrunda
mübarizə əzmimizi qıra bilməz. 44 günlük müharibə və 2023-cü ildə həyata
keçirilən bir günlük lokal antiterror tədbiri bir daha xalqımızın yenilməz,
məğrur olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı cənab İlham
Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Qələbəni qazandı.
Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, həmişə
qəlbimizdə yaşayacaq. Qəhrəman Vətən övladlarının mübarizə yolu
gələcək nəsillər üçün əsl örnəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.