Heydər Əsədov bura da əl gəzdirməlidir - Nəzarətsizlik...

4-05-2015, 10:01           
Heydər Əsədov bura da əl gəzdirməlidir - Nəzarətsizlik...
Redaksiyamıza daxil olmaqda davam edən məlumatlarda Dövlət Baytarlıq Xidmətinin paytaxtın 8-ci mikrorayon ərazisində yerləşən Respublika Baytarlıq Laboratoriyasının fəaliyyətinə dair ciddi etirazlar öz əksini tapmaqdadır. Artıq mövzuya dair dərc etdiyimiz ötən materiallarda da qeyd etdiyimiz kimi, laboratoriyanın yaxın ətrafında yerləşən binaların sakinlərindən və laboratoriyada olan bəzi mənbələrdən aldığımız həmin məlumatlarda laboratoriyanın rəhbəri Fizuli Quliyevin qeyri-qanuni əməlləri nəticəsində qurumun öz funksiyalarını icra edə bilməyəcək bir vəziyyətə gətirildiyi qeyd olunur. Mənbələrin iddialarına görə, bu gün Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti bir çox neqativ hallarla diqqəti cəlb edir. Fizuli Quliyev isə rəhbərlik etdiyi laboratoriyanın işində müxtəlif maxinasiyalara və dövlət vəsaitlərinin mənimsənilməsinə rəvac verməklə, bu kimi halların mövcudluğuna şərait yaradır. Məlumatları təqdim edən mənbə öz iddialarını konkret misallarla isbatlayır. Məsələn, məlumatda bildirilir ki, əvvəllər ölkəyə idxal olunan hər hansı ərzaq məhsulunu laborator müayinədən keçirmək üçün məhsulun bütün həcmi təqdim olunmalı idi. Laboratoriyanın əməkdaşları isə öz seçimlərinə əsasən, həmin məhsuldan müəyyən olunmuş qədərini analiz üçün götürürdülər. Bu gün isə bu prosedur Fizuli müəllim tərəfindən xeyli “sadələşdirilib”. Belə ki, ölkəyə məhsulu idxal edən şəxs həmin məhsuldan (bəlkə də heç həmin məhsuldan deyil) müəyyən qədər laboratoriyaya təqdim etməklə, idxalın bütün həcminə laboratoriyanın rəyini ala bilər. Təbii ki, bu zaman Fizuli Quliyevin “hörməti” xüsusi olunmalıdır. Digər tərəfdən də daxil olan məlumatlarda, laboratoriya rəhbərinin müəssisəyə satınalmalar zamanı tətbiq etdiyi maxinasiyalar barədə maraqlı açıqlamalar təqdim edilir. Bu xüsusda bildirilir ki, bir müddət əvvəl cari təmir işlərinə görə “Ultratex-Ə” MMC-nin hesabına 43999 manat, avadanlıq alınması üçün “Azsantexlab” MMC-nin hesabına 17000 manat və bir çox digər köçürmələr də, əslində vəsaitlərin nağdlaşdırılması və mənimsənilməsi üçün həyata keçirilmiş maxinasiyalardır. Xatırlayırsınızsa, son dərc etdiyimiz materiallardan birində mənbələrimizdən birinə istinadən Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının yarıtmaz fəaliyyəti ilə bağlı qurumun tabe olduğu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən yaxın vaxtlarda müvafiq tədbirlər görüləcəyi bildirilmişdi. Bu gözləntiyə səbəb isə mart ayının 6-da “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov tərəfindən ASC-nin, fəaliyyətində nöqsanlara yol verən bir neçə əməkdaşının ciddi şəkildə cəzalandırılması olmuşdu. Bu xüsusda mənbələr vurğulayırlamışdı ki, bu tədbirlər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra struktur bölmələrində keçirləcək “təmizləmə” işlərinin başlanğıcıdır. O cümlədən daxil olan açıqlamalara görə Respublika Baytarlıq Laboratoriyasının rəhbərliyi də artıq nazirliyin “qara siyahısı”na salınmışdır. Lakin aradan keçən müddət ərzində Fizuli Quliyevin “təsərrüfatı”nda hələlik heç bir ciddi təftişə başlanılmayıb. Bununla belə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən tədbirlərin səngidildiyini söyləmək olmaz. Mənbə bildirir ki, Respublika Baytarlıq Laboratoriyasının əsaslı təftişinə başlanılacağı yəqindir. Sadəcə olaraq bu yoxlamanın dəqiq tarixi məlum deyil. İstənilən halda Fizuli Quliyevin yol verdiyi özbaşınalıqlara dair məlumatlar nazirlik rəhbərliyinə təqdim olunub və bu xüsusda müvafiq tədbirlərin görüləcəyi şübhəsizdir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.