Bizim uşaq bağçaları gələcək vətəndaş, şəxsiyyət deyil, rüşvətxor hazırlayır... - İcra başçıları uşaq bağçalarını rüşvət və korrupsiya ocağına çevirdi...

13-01-2023, 08:14           
Bizim uşaq bağçaları gələcək vətəndaş, şəxsiyyət deyil, rüşvətxor hazırlayır... -
Uşaq bağçalarında “ölü canlar” ...

İki gün öncə “Gündəlik Bakı”nın da paylaşdığı xəbəri oxuyanda adam mat-məəttəl qalır. Xəbərdən bəlli olur ki, Bakıda qanunsuz əməllərə yol verməyə, kütləvi mənimsəməyə görə, bağça müdiri barəsində cinayət işi başlanıb. Prokurorluğun rəsmi açıqlamasından bəlli olur ki, araşdırma zamanı körpələr evi-uşaq bağçasının müdiri tərəfindən qulluq mövqeyindən istifadə edilməklə 2018-2022-ci illər ərzində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, bağçada təlim alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasına və faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əməkhaqqı sənədlərinin tərtib edilməsinə yol verilib və faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Təsəvvür edirsiniz, söhbət hansısa nazirlikdən, yaxud komitədən getmir ee, adicə uşaq bağçasından gedir. Burada bu qədər kütləvi mənimsəmə, qanunsuz iş yerləri, “ölü canlar”, saxtakarlıq və daha nələr...
Bu nadir xəbər-zad deyil ee... Az qala uşaq bağçaları ilə bağlı hər gün belə xəbərlər eşidirik. Tam əminliklə deməık istəyirəm ki, bu milli rəzalətdir. Çünki... “Uşaqlar gələcəyimizdir” deyib öyünürük. Belə gələcək olar..? Biz bir millət olaraq gələcəyimizin qeydinə belə qalırıq..?
Bir məsələni anlamaq lazımdır ki, uşaqların tərbiyəsi ilk növbədə ailədən, sonrakı mərhələdə isə bağçadan, məktəbdən asılıdır. Daha bir problem odur ki, uşaq bağçaları icra hakimiyyətlərinin tabeliyinə veriləndən sonra vəziyyət daha da kritik oldu. Sağ olsun ki, cənab Prezident nəhayət uşaq bağçalarını yenidən Elm və Təhsil Nazirliyinin tabeçiliyinə qaytardı. Məlumdur ki, bu gün Azərbaycanda dövlət bağçaları ilə yanaşı, həm də özəl bağçalar fəaliyyət göstərir. Qiymətlər, 300-500 manatdan başlayıb 1000 manata qədər davam edir.
Görəsən bu ölkədə qiymətə-zada nəzarət edən yoxdur..? Günü-gündən bağçaya olan tələbatların artmasını ödəmək üçün yeni bağçaların tikilməsi əvəzinə mövcud bağçalarda geniş otaqları ikiyə bölməklə məsələ həll olunur. Bunlara başa salmaq lazımdır ki, dünyada normativlər var: Tədris otağı 20, uşaq otağı isə 50 kvadratmetr olmalıdır. Normal bağçalarda idman zalı, musiqi, məşğələ otağı, həyət olmalıdır. Bu gün Bakıdakı uşaq bağçalarının əksəriyyətində otaqlar iç-içə, havasızdır. Yataq otaqlarında isə uşaqlar burun-buruna yatır. Hətta bir yataqda ayaq-baş iki uşağın yatma hallarına belə rast gəlinir.
Bircə faktı qeyd edək. Amerikada orta aylıq məvacib 3.7 min dollardır. Aylıq bağça pulu 150-200 dollardır. Yaponiyada bu rəqəm 300 dollardır. Bəs bizdə niyə, 400-500 manat, hətta 1000 manatdır. Çünki bizim bəzi məmurlar uşaq bağçalarına şəxsi biznes kimi baxırlar, məqsəd ancaq pul qazanmaqdır. Bir acınacaqlı rəqəmi də xatırladaq. Azərbaycanda bağçaya gedən uşaqların sayı 2012-cü ildə 30 faiz idisə, indi hazırda bu rəqəm 17 faizə düşüb. Bu milli faciədir ee…83 faiz uşaq bağçaya gedə bilmir. İndi isə konkret olaraq dövlət bağçalarındakı vəziyyətə nəzər salaq. Valideyin deyir ki, bağçaya iki uşaq qoymuşam, ikisi də "hörmətlə". Yalandan deyirlər ki, yer yoxdu, amma “hörmət” edən kimi yer tapılır". Digər valideyin deyir ki, oğlum 1 yaşından uşaq bağçasına gedib. Dedilər, yer yoxdu, pul verdik, yer "boşaldı". Dövlət bağçası idi". Başqa bir valideyin isə bildirir ki, getdim, uşağımı bağçaya qoymaq üçün danışdım, 370 manat istədilər. Tanışlıqla-filan, güclə 300 manata endilər. Ayda da 20 manat verəcəyəm, özü də dövlət bağçasıdır. Bir deyən yoxdur ki, bunun harası dövlət bağçası oldu..? Hələ bu harasıdır..? Hətta dövlət bağçalarında körpələrin, uşaqların qidalanması biabırçı durumdadır. Başqa bir problem isə odur ki, uşaq bağçalarındakı kadrlar, tərbiyəçilər, dayələr heç bir elementar normaya cavab vermirlər. Bağça müdirləri rüşvət hesabına savadsız, təcrübəsiz şəxsləri bağçaya işə götürürlər. Hətta uşaq bağçalarında xeyli “ölü canlar” da var. Yəni adları sənəd üzərində işdə getsə də, onların üzünü görən olmur.
Gündəlik Bakı olaraq gələcəyimiz olan uşaqların problemi ilə bağlı ciddi araşdırmalarımız davam edir və yaxın zamanda belə bağça biznesmenlərinin adını açıqlayacağıq. İndi Təhsil Nazirliyinə verilmiş bağçalara əvvəllər katibə işləmiş şəxslər kuratorluq edir. Bağ qonşularını 30 min manat müqabilində bağçalara müdir təyin etdirirlər. Amma ixtisaslı kadrlar, imtahandan keçən şəxslər kənarda qalır. Bu məsələlərdən gərək ölkə başçısının xəbəri olsun ki, sonra nazir Emin Əmrullayev hərəkətə keçsin-və ya Bakı Baş Təhsil İdarəsinin rəhbəri?
Hamı bilsin, həyat yoldaşı polisdən qovulan şəxsin bu gün hansısa pullar müqabilində bağça müdirəsi təyin olunmasına görə, əziyyət çəkən Şıxəliyevlərə demək istəyirik ki, pulunuzu hədər yerə xərcləməyin. Həmin şəxsin o vəzifədə işləməsi qeyri mümkündür.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.