Neftçalanın gənc başçısı ilə bağlı İLGİNC İDDİALAR... - SƏN DEMƏ...

13-01-2023, 17:46           
Neftçalanın gənc başçısı ilə bağlı İLGİNC İDDİALAR... - SƏN DEMƏ...
Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov geridə qalan iki il ərzində fəaliyyəti ilə heç bir rəğbət qazana bilməyib. Onun rayondakı missiyası elə fəaliyyətsizlik, narazılıq yaratmaq olub. Reportyor.info-ya verilən məlumata görə, M. Seyidov əhalinin problemlərinin həllinə dəstək olmaq əvəzinə, mane olur. Misal üçün gələn şikayətdə deyilir ki, icra başçısı fermer təsərrüfatının inkişafına əngəl törədir. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən “şərtlərlə” qarşılaşırlar. Belə ki, icarə müqaviləsi bitdikdən sonra torpaq elə icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun “şərti” var. Bildirilir ki, torpağın hər hektarına görə 1 000 manat tələb olunur. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və kim 1000 verirsə, ona peşkəş olunur

İddia olunur ki, bütün bu işlərin başında əvvəllər Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda Dairə Seçki Komissiyasının sədri olan Zaur Kərimov dayanır. Bununla bağlı bir qrup fermerin mediaya ünvanladığı müracətdə maraqlı iddialar yer alıb: ”Həsənabad qəsəbə sakini İsayev Asif Əmiraslan oğlu ilə iş birliyinə girərək, rayonun müxtəlif ərazilərində ona torpaq sahələri verib gəlirin on faizinə şərik olub. Ötən il Kürağzı dövlət fond torpağında, dənizin qorunma zolağında Ələkbərov Sərvər Sərdar oğluna hektarı 70 manatdan olmaqla 250 hektar torpaq satıb. Halbu ki, həmin ərazidə Zaur Kərimovla anlaşmadığı üçün İsbat Bayramov adlı fermer haqda inzibati tədbir görülmüşdü. Bu il isə, N saylı hərbi hissənin ərazisini şumlatıraraq əkin sahəsi kimi satmaq istəyir. Torpağın icarə müqaviləsi bitən fermerlərdən 1500 manat pul alaraq torpağın qanunsuz istifadəsinə şərait yaradır. Belə fermerlərdən biri rayonun Boyat kənd sakini Z. Kərimovla bu yaxınlarda eyni qiymətə anlaşıb. Lerik obasında Tofiq adlı şəxsin əli ilə fermerlərdən qanunsuz olaraq xərac yığır. Xol qəsəbəsində isə eyni işi Z. Kərimovun Vüsal adlı adamı görür. Birinci Mayak ərazisində Rəsul adlı şəxs Zaurla anlaşaraq 300 hektar ərazini əkir. Həmin ərazinin bələdiyyə sədri Nağıyev İmamnəzər Z. Kərimovun maxinasiya ortağıdır”.
Bu iddiaların ardınca Z.Kərimov torpaq məsələlərinin onun səlahiyyətinə aid olmadığını bildirsə də ortada konkret zərərçəkmişlər var. Məsələn,
Neftçala rayon sakini birinci Vətən müharibəsi iştirakçısı İslam Bayramov İH tərəfindən aldadılmasını iddia edərək bilirib ki, 2020-ci ilin sentyabr ayında Neftçala rayonu 2-ci Mayak kəndi yaxınlığında yerləşən “Kürağzı dövlət fond torpağı”nda 100 hektar torpaq sahəsi almaq üçün rəsmi qaydada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova müraciət edib:” 2020-ci ilin oktyabr ayında mənə həmin ərazidə monitorinq işləri bitdikdən sonra torpaq ayırılacağı ilə bağlı cavab verdilər”.

O , 2021-ci ilin fevral ayında rayon torpaq komissiyasının sədri Zaur Kərimovun onu dəvət etdiyini, M.Seyidovun tağşırığına əsasən ona torpaq sahəsi veriləcəyini bildirdiyini qeyd edib: “Bütün lazımi sənədləri onlara təhvil verməyimi istədilər. Fevral ayından vaxtı uzatdılar və nəhayət sentyabr ayında iqtisadiyyat bölməsinin baş məsləhətçisi Vüsal Ağabəyov və iqtisadiyyat bölməsinin şöbə müdürü Aqil Quliyevin iştirakı ilə sənədlər hazırlandı, mən 5 yerə imza çəkdim. Mənə “torpaq artıq sənindir, narahat olma” deyib yola saldılar.

Kimsə qeyri-qanuni işlədiyimi deməsin deyə, sənədi tələb etdim. Dəfələrlə Mirhəsən Seyidovun qəbuluna gedib şəxsən özü ilə danışdım ki, dəqiq mən o torpaqda iş görə bilərəmmi? İcra başçısı hər görüşdə mənə dedi ki, torpağı mən sizə vermişəm, heç kim o torpağı sizdən ala bilməz, ora sizindir.

Lakin 10 dekabr 2021-ci il tarixində biz cinayət məsuliyyətinə cəlb olunduq. Bizə torpağı verən şəxslərdən biri Aqil Quliyev məhkəmədə şahid qismində iştirak edərək bizə torpağın verilmədiyini dedi”, deyə İ.Bayramov deyib.

Bildirək ki, Zaur Kərimov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinin yerli şöbəsinin müdiri olub. İşində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Lakin hansısa “sehrli əlin” dəstəyi ilə icra hakimiyyətində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Zaur Kərimovun qanunsuz əməlləri və buna görə işdən çıxarılması barədə mediada da yazılıb.

Rayon fermerlərinin sözlərinə görə Zaur Kərimov torpaq bazarlıqlarını açıq aşkar DSK binasında aparır və bütün fəaliyyətini icra başçısı ilə razılaşdırdığını bildirir. Aldığımız məlumata görə bütün bu fəaliyyəti və qanunsuzluqları ilə bağlı Z.Kərimov Mərkəzi Seçki Komissiyasına çağrılıb və onun vəzifəsi ilə vidalaşacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.