Klinik Uroloji Xəstəxanada pul yığımları - İDDİA

24-06-2016, 14:21           
Klinik Uroloji Xəstəxanada pul yığımları - İDDİA
Qəzetimizin dünənki sayında “Klinik Uroloji Xəstəxanada pullu xidmət problemləri” başlıqlı tənqidi yazı dərc olunmuşdu. Məqalədə, redaksiyamıza daxil olan bəzi məlumatlara əsaslanaraq, akademik M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının fəaliyyətində yer almış müəyyən neqativ hallardan bəhs edilmişdi. Xüsusi olaraq, bizimdovr.az-a təqdim olunan bir çox açıqlamalarda belə bir fikir vurğulanır ki, xəstəxana rəhbərliyinin başı daha çox məhz pul yığımlarının həyata keçirilməsinə qarışdığından, hemodializ xəstələri diqqətdən kənarda qalırlar. Bir çox xəstələrin fikrincə isə, böyrək xəstəliklərinin müalicəsi, eləcə də transplantasiya əməliyyatlarının keçirilməsinə görə, hazırda bəzi xəstəxanalar Klinik Uroloji Xəstəxananı əksər göstəricilər üzrə qabaqlayırlar. Məsələn, rəsmi məlumatlara görə, ötən il respublikamızda 93 böyrəkköçürmə əməliyyatı aparılıb ki, bunun da 81-i Mərkəzi Neftçilər Xəstəxanasının payına düşür. Qeyd edək ki, bu gün Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr regionlarda yerləşən 26 və Bakıda fəaliyyət göstərən 8 hemodializ mərkəzində dövlət hesabına hemodializlə təmin olunurlar. Bu mərkəzlərdə 34 dializ aparatı xəstələrin ixtiyarındadır.

Redaksiyamıza daxil olan məlumatlarda isə, Respublika Klinik Uroloji Xəstəxanasının fəaliyyətində müşahidə olunan müxtəlif problemlər diqqət mərkəzinə çəkilir. Artıq dünənki sayımızda dərc olunmuş məqalədə də qeyd etdiyimiz kimi, bir müddət əvvəl yaxınlarından birinin bu xəstəxanada müalicə aldığını deyən mənbə bizimdovr.az-a verdiyi açıqlamalarda müəssisənin rəhbərliyi və personalı tərəfindən yol verilən qanun pozuntularından ətraflı bəhs etmişdi. Mənbənin iddiasına görə, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Hətta xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Reanimasiya otağının qapısı önündə xəstələrindən xəbər gözləyən vətəndaşlar içəridəki həkimlərə və tibb bacılarına hər gün pul vermək məcburiyyətində qoyulurlar. Qeyd etməliyik ki, dünənki materialın dərcindən sonra, redaksiyamıza Klinik Uroloji Xəstəxanasından daha bir neçə açıqlama daxil olub. Belə ki, xəstəxananın daxilində olan mənbələr dünənki materialda irəli sürülən ittihamları təsdiq edir, eləcə də, bütün bu halların arxasında bilavasitə baş həkim Əli Babayevin durduğunu iddia edirlər. Açıqlamalardan birində deyilir: “Sizin yazdıqlarınınz burada baş verənlərin hələ çox az bir hissəsidir. Baş həkim Əli Babayev bizim urologiya xəstəxanasında elə bir şərait yaratmışdır ki, nə həkimlərin, nə də digər tibbi personalın xəstələrdən pul almamağa heç bir şansı qalmamışdır. Xəstəxanaya gün ərzində girib-çıxanların dəqiq hesabı aparılır və gündəlik baş həkimə təqdim olunur. Eləcə də, ayrılıqda hər bir şöbəyə daxil olanların sayı hesaba alınır. Buraya müayinə, müalicə və hətta sadəcə konsultasiya üçün müraciət etmiş hər bir xəstəyə görə, baş həkim hesab tələb edir. Həmçinin dərman preparatları ilə həyata keçirilən maxinasiyalar da Əli Babayevin əsas gəlir qaynaqlarından biri kimi çıxış edir. Bütün bunlar isə, xəstəxanamızın nüfuzunun düşməsinə, pasiyentlərin (elə həkimlərin də) başqa tibb müəssisələrinə üz tutmasına yol açır...”

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.