Bazar, yoxsa azar- Həftəsonu Xudat şəhərindəki fəaliyyət göstərən bazardakı vəziyyət əsl rüsvayçılıqdır-FOTOSESSİYA
27-02-2017, 09:58

teref.az yazır ki, bu ərazi Xudat şəhərindən Nabrana gedən yolun sağında yerləşir. Biz bilmirik buranın yaşı nə qədərdir. Kimi deyir əlli, kimi də bir az çox. Bildiyimiz budur ki, indi də dəmiryolu xəttləri qalan ərazidən Sovetlər Birliyi dövründə Rusiyaya tərəvəz yola salırdılar, qəbul məntəqəsi idi. Sonralar bir müddət boş qaldı. İndi də kimsə sahiblənib. Bununla işimiz yoxdur. Yəqin hər kimsə pulunu verib, yerini alıb. Problemsə bu deyil. Nəyə görəsə, hər bazar günü Xudat şəhəri və ətraf kəndlərin yüzlərlə sakini buraya yığışaraq alver edir. Yəni bu ərazi həftəsonu Xudatın bazarına çevrilir. Doğrudur, Xudat şəhərində bir babat bazar var. Əslində burada da görüləsi iş çoxdur. Amma bəhs etdiyimiz ərazidə yerləşən bazar əsl rüsvayçılıqdır. Qışda-payızda palçıq dizə çıxır, yaz-yay aylarında isə tozdan nəfəs almaq olmur. Bazar günləri buraya məhsul gətirənlərin böyük əksəriyyəti kənd sakinləridir, özü də aztəminatlı ailələrin nümayəndələridir. Başlarına yağış-qar tökülə-tökülə, ayaqları və satdıqları məhsul palçıq içində, bir-iki manata görə saatlarla üşüyürlər. Hələ bir onlardan yerhaqqı da alırlar. Məgər bura yerdir ki, haqqın da alasan? Biz bu bazarın çürük rəflərindən, gölməçələrindən, biabırçı antisanitariya vəziyyətindən, hasardan asılıb satılan pal-paltardan və sair biabırçı hallardan çox yazmırıq. Çünki “Şimal xəbərləri”nin əməkdaşı bu bazardan bir fotosessiya hazırlayıb. Baxıb özünüz hər şeyi görəcəksiniz.
Deyə bilərsiniz ki, qarşı tərəfin mövqeyini niyə vermirsiniz? Düzü, heç buna ehtiyac da yoxdur. Qarşı tərəfdə duranlar hər həftəsonu bu bazarın lap qarşısından keçib Nabrandakı villalarına gedirlər. Mən hələ Bakıdan gələn yüksək vəzifəliləri demirəm. Onlar da görürlər. Nə faydası? Tədbir ki, görən yoxdur. Rayon rəsmilərini, Xaçmaz rayon gigiyena və epidemiologiya mərkəzinin rəhbərliyini və digər aidiyyatı qurumların başçılarını bu rüsvayçı vəziyyət maraqlandırmır. Yaxşı, biz göz yumduq. Eşitdiyimizə görə, yay aylarında bazara girən xarici turistlərdən biri buranı “Somali bazarı” adlandırıb. Bunu da bazardakılardan biri əməkdaşımıza deyib. Bundan da utanmırıq? O günə qalmışıq ki, bir-iki maşın asfaltımız, beş-on şiferimiz, iki-üç kub taxtamız da yoxdur? Bəlkə regionu bürüyən daş karxanalarından bazarın yerinə tökmək üçün gətirməyə çınqılımız da yoxdur? Hər şey var. Sadəcə, bu bazarda satıcılar da, alıcılar da insan yerinə qoyulmur. Sadə kəndlinin gedəcəyi yeri, pulu olmayanınsa bu bazara getməkdən başqa çarəsi yoxdur.
Allah bu bazara cavabdehlik daşıyanların ürəyinə rəhm salsın!
“Şimal xəbərləri”



