İmişlidə kimlər narazılıq yaradır? - FOTOLAR

6-03-2017, 14:05           
İmişlidə kimlər narazılıq yaradır? - FOTOLAR
Redaksiyamıza İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Əbülfət Hüseynov tərəfindən şikayət daxil olub. Şikayətdə bildirilir ki, sahibkarların əkin-biçin işlərilə məşğul olması üçün ayrılan pay torpaqlarında süni göl yaranıb və əlaqədar qurumlar gölün qurudulması istiqamətində heç bir tədbir görmürlər.

“İmişli Kənd Təsərrüfatı İdarəsinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 50-ə yaxın müraciət məktubu yazmışam, amma heç birinə baxmayıblar. Qəsəbənin sahibkar ailələri çıxılmaz vəziyyətdə qalıb. Bir dəfə Ekologiya Nazirliyindən gəldilər, şəkilləri çəkib getdilər.”
Şikayətçinin sözlərinə görə, rayonun icra nümayəndəliyi bu məsələ ilə qətiyyən maraqlanmır. Süni gölün qurudulması bir yana qalsın, Bəhrəmtəpə bələdiyyəsinin sədri İman İbrahimov sözügedən torpaqların bir hissəsini qohumları yüksək vəzifədə çalışan Tahir Həşimova satıb.

“Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrıca müraciət etmişdim. Ordan bildirdilər ki, pay torpaqları ümumilikdə bələdiyyələrin tabeliyində olsa belə, yeraltı sərvətlər dövlətə məxsusdur və həmin torpaqların alqı-satqısı qadağandır.”

Artıq təngə gələn sahibkarlar sözlərini bir yerə qoyub, prezident İlham Əliyevə müraciət etməyi düşünürlər. Çünki onların başqa çıxış yolu qalmayıb. Problemin həlli yönündə köməyi dəyəcək hansı quruma müraciət edirlərsə, müsbət cavab ala bilmirlər. Onların ailələrinin durumu getdikcə pisləşir. Bu sahibkarların torpaq əkinindən gələn qazancdan başqa gəlir yerləri yoxdu.

“Biz istəyirik, əvvəlki kimi pambıq, arpa əkək. Ailəmizi ancaq torpaqdan çıxan qazanla saxlaya bilirik, başqa gəlir yerimiz yoxdu. Yerli icraçıların özbaşınalığından bezmişik, bu torpaqlar bizim haqqımızdı. Bircə ümid yeri qalıb, o da prezidentə müraciət etməkdir. Heç yerdə müraciətimizə baxmırlar. Biz öz haqqımızı tələb edə bilməyəndən sonra niyə yaşayırıq?!”

Məsələyə münasibət öyrənmək üçün şikayətdə adı keçən dövlət qurumları ilə əlaqə saxladıq.
Kənd Təsərrüfatı İdarəsinin rəisi Səlim Məhərrəmov bildirdi ki, ola bilsin şikayət gəlib, ancaq mənim xəbərim olmayıb:
“Şikayətçi Əbülfət bəy yaxın günlərdə idarəmizə gəlsin, onu qəbul edib problemin həlli yolunda tədbirlər görək.”
Bəhrəmtəpə bələdiyyəsinin sədri İman İbrahimov isə bildirdi ki, sözügedən göl həmin torpaqlarda əkinçilik fəaliyyəti göstərən sahibkarlardan biri tərəfindən yaradılıb: “Biz bələdiyyəmiz adından İmişli RİH ilə birlikdə xəbərdarlığımızı etmişik, aidiyyati qurumlara problemi bildirmişik.”
İman İbrahimov torpağın bir hissəsinin Tahir Həşimova satılması ilə bağlı ittihamlara da cavab verdi: “Tahir Həşimovun vəzifədə qohumunun olub-olmaması ilə bağlı bir fikrim yoxdu. O da digərləri kimi sahibkardır, 2006-2007-ci illərdə bələdiyyəyə müraciət edərək sahibkarlıq məqsədilə torpağın bir hissəsini satın alıb. Bu haqda başqa bir söz deyə bilmərəm.”- deyə Bəhrəmtəpə bələdiyyəsinin sədri İman İbrahimov bildirdi.
Mövzu diqqətimizdədir. Araşdırmamız davam edir.
Bolgexeber.com














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.