Ombudsman fəaliyyətini media ilə sıx əməkdaşlıq şaraitində qurub - Əflatun Amaşov
7-03-2017, 17:19

“İnformasiya əldə etmək haqqında Qanun"a dəyişiklik edilməsindən ötən 7 il müddətində mövcud istiqamətdə əməli iş görülməyib.
SalamNews xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Əflatun Amaşov qeyd edib ki, 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında Qanun"da İnformasiya məsələləri üzrə Ombudsman təsisatının yaradılması nəzərədə tutulub. Onun Milli Məclisdə 3 namizəd arasında seçilməsi, hər cari ildə, ən geci 3 il ərzində Milli Məclisə hesabat təqdim etməsi nəzərdə tutulub:
"Hesabatda isə il ərzində görülmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər hallara dair məlumatlar, habelə Ombudsmanın rəy və təklifi öz əksini tapmalı idi. Lakin sonradan, yəni 2010-cu ildə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər nəticəsində həmin qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətləri insan hüquqları üzrə müvəkkilə verildi. Məndə olan məlumata görə, bu müddətdə ayrıca ştat cədvəli də müəyyənləşməyib. Ancaq qeyd etdiyim kimi, informasiya məsələləri üzrə Ombudsman təsisatının işi heç də sıradan məsələ deyil. Vaxt keçir, təklif edirəm ki, mövcud sahədə əməli iş görülsün. Əgər bu mümkün deyilsə, informasiya məsələləri üzrə müvəkkilin ayrıca təsisat kimi formalaşması məsələsi gündəmə gətirilsin. Çünki bu təsisat informasiyalı cəmiyyət, ümumən demokratik cəmiyyət quruculuğu üçün son dərəcə vacibdir. İstərdim ki, məsələyə həssas yanaşılsın”.
Əflatun Amaşov vurğulayıb ki, insan hüquqları üzrə müvəkkilin 2016-cı il üçün hesabatı qənaətbəxşdir: "Ombudsman ümumən fəaliyyətini media ilə sıx əməkdaşlıq şaraitində qurub, buna görə də hesabatı qəbul etmək olar. Hesabatdan da göründüyü kimi, Ombudsman üzərinə düşən bütün sahələrdə fəaliyyət göstərib”.