772 - ci batalyon!

13-06-2016, 09:40           


Həmsöhbətim 772-ci batalyonun döyüşçüsü
Hafiz Hüseynov
- 1994-cü ilin yaz hücum kampaniyasını harada qarşıladınız?
- Qarabağda yaz hücum kampaniyası aprelin 9-undan 10-una keçən gecə başlayıb. Bu, artıq ermənilərin hücum kampaniyası idi, biz müdafiə olunurduq. Biz də həmin ərəfədə cəbhə bölgəsinə atıldıq. Ermənilərin bu dövrdə çox güclü hücumları olurdu. Bu hücum kampaniyasına istər texnika, istər sursat, istərsə də canlı qüvvə baxımından tam hazırlıqlı idilər. Bizdə isə texnika və əsasən də canlı qüvvə çatışmamazlığı kəskin surətdə hiss edilirdi.
1 may ermənilər tərəfindən Qırmızıkəndə güclü hücum olmuşdu. Onlar bir kəndə 9 tankla hücum etmişdilər. Yəni ermənilər texnika tərəfdən zərurətdən çox daha artıq təmin edilmişdilər. Bəlkə canlı qüvvələrinin çatışmamazlığı vardı, amma bu, texnikanın və sursatın həddən ziyadə olması ilə təlafe edilirdi.
Qırmızıkəndə bizim batalyon nəzarət edirdi. Onlar tanklarla kəndə girdiyində biz kəndi qoyub, çıxmağa məcbur olduq. Bizim döyüşsüz ərazi tərk etdiyimiz ilk kənd idi Qırmızıkənd və müqavimət göstərmədən kənddən çıxdıq. Onlara qarşı döyüşmək üçün bizim texnikamız yox idi.
O gün batalyon komandiri Bakiya nazirliyə getmişdi. Komandanlıq müavinlərin üzərində idi. Onlar da düzgün qərar qəbul etmişdilər, 9 tanka qarşı heç bir texnikamız olmadan vuruşmaq imkansız idi.
Ermənilər tanklarla Şotlandlı kəndindən çıxıb, bizim üzərimizə, Qırmızıkəndə yeridilər.
Batalyon yazda cəbhə bölgəsinə atıldıqda şəxsi heyət döyüşə tam hazır deyildi, hətta deyərdim ki, heç hazır deyildi. Qış kampaniyasında şəhid və yaralılarla batalyonumuzun hissedilən dərəcədə siraları boşalmışdı. Geri qayıtdığımızda bizə verilən yeni çağrışçılara təlim belə keçilməmişdi. Biz onlarla döyüşə girə bilmirdik. Əsasən isə komandir köhnə döyüşçüləri irəli verməkdən ehtiyat edirdi. Cünki, biz batalyonun onurğa sütünü hesab edilirdik, bizi döyüşlərdə itirmək batalyonun dağılmasına bərabər idi. Bu səbəbdən biz ən vacib və önəmli əməliyyatlara göndərilirdik. Köhnə döyüşçülərdən ibarət qrupumuz ehtiyat dəstəsi hesab edilirdi. Mən bildiyiniz kimi "Kobra" qrupunda olmuşam. Amma əvvəldən sizə məlum olan qrupuplarımız, "Starik" də bizim kimi daha önəmli tapşırıqlar üçün rezervdə (ehtiyatda) saxlanılırdı. Elə Qırmızıkənddə də biz ön cəbhədə deyildik. Yeniçağrışçılar isə ermənilərin qarşısında durmağa hələ qadir deyildilər. Onların arxaya çəkildiyini gördük və vəziyyətdən hali olduqdan sonra hələlik geri çəlilib, plan hazırlamanın daha doğru olduğu qərarı verildi. Batalyon geri çəkildi. Bütün yumşaldıcı amillərə baxmayaraq bu geriçəkilmə batalyonumuz üçün xəcalət kimi yaddaşımıza həkk olundu...

- Sizin hərbi hissədə texnika yox idi?
- Bizim batalyonda ümumiyyətlə texnika olmurdu. Bizim bir dəfə 1993-ün yayında PDM2-miz vardı, kimdən aldığımızı xatırlamıram. Sonra cəbhəyə döndüyümüzdə isə artıq o da yox idi. (PDM2-ni 703-cü briqada ermənilərdən qənimət götürmüşdü, daha sonra o texnika elə ermənilər tərəfindən Faqotla vurulmuşdu. - Yalquzaq) Bizdə texnika əleyhinə silahlar vardı, Faqot vardı və İgla verilmişdi. Qranatamyotumuz vardı, amma yenə də yeni cəbhəyə gəlmiş, hələ döyüş görməmiş əsgərin 9 tankın qarşısında durması ağlabatan iş deyil.
1 mayda biz kəndi döyüşsüz tərk etdik. Şəhidimiz olmadı, amma yaralananlarımız vardı. Tankla bizim Faqotu ermənilər vurmuşdu. Komandir həmin gecə artıq geri dönmüşdü və şəxsi heyəti toplayaraq, sərt formada bizə bəyan etdi ki, dönün və kəndi qaytarın, kəndi qaytarmayınca, sizə yemək verilməyəcək! (Hafiz bəy burada gülür...)
Səhər erkəndən əsasən bizim hərbi hissə kəndə əks hücuma başladı. Amma bizə bu əməliyyat üçün 2 hərbi hissədən kömək verilmişdi. Onlardan biri Tərtər batalyonu idi. O dövrdə Tərtər batalyonu heç də nizami batalyon sayıla bilməzdi. Zəif batalyonlardan idi. Nə isə, səhər tezdən biz 2 istiqamətdən kəndə girdik. Bizim qrupu komandir yenə axıra, həlledici məqama saxlamışdı. Ermənilər kəndə 9 tankla girsələr də səhər biz əkshücum etdiyimizdə kənddə 2 tank qalmışdı. Vüqar Babayev komandirə ratsiya ilə məlumat verdi ki, bir tank vurmuşuq, amma vəziyyətimiz olduqca gərgindir, ermənilər tərəfdən canlı qüvvə ilə güclü müqavimət var. "Kobra"nı köməyə göndərin. Səhər saat 9 radələrində bizi köməyə çağırdıqlarında artıq bizim də meydana girməmizə izin verildi. Hücum əsasən səhər sübh çağında göz görməyəndə edilir, ele batalyon da 5-6 radələrində hücuma keçmişdi. Biz köməyə gedəndə isə artıq 9 idi və ermənilər bizim hərəkətimizi müşahidə edə bilirdilər. Biz onların güllə yağışı altında əraziyə daxil olduq. Başqa yol yox idi. Bütün imkanlardan istifadə edərək kəndə girməyə məcbur idik. O vaxtlar Qırmızıkənd dağılmış vəziyyətdə idi, kəndin başında şifer olan bir dənə evi qalmamışdı, dağıntı çox idi. Ağaclar yaşılllaşmışdı, bu səbəbdən görmə məhdudiyyəti vardı və kəndə girdiyimizdə ermənilərin yerini müəyyən etmək çətin idi. Elə qarışıqlıq idi ki, qarşımızda sağa-sola qaçan olanda bilmirdik, bu, ermənidir, yoxsa bizimkilərdəndir. Həm də biz kəndə fərqli istiqamətlərdən girdiyimizə görə kimin bu an üçün harada olması dəqiq deyildi.
Qırmızıkəndin Şotlandlı tərəfdən girəcəyində bir döngə var. Bu döngədə vurulmuş erməni tankı dayanmışdı, lakin ətrafında hərəkətdə olan adamları görürdük. Biz Vüqar Babayevin qrupuna yaxınlaşıb, onunla əlaqə saxladıqdan sonra onların erməni olduğunu dəqiqləşdirdik. Ermənilər kənddən çıxmaq istəmirdilər. Kəndin yüksək hissələrində mövqe tutmuşdular, beləliklə, kənddə gedən döyüşü nəzarətdə saxlaya bilirdilər, amma yenə də onlar artıq sıxışdırılmışdılar və kənddən çıxardılırdılar bizim batalyonun hissələri tərəfindən. Onlar üçün bir çətinlik də vardı, kəndi qoyub, çıxsalar tam açıq ərazi ilə geri çəkilməli olacaqdılar, biz asanlıqla onları bir-bir aradan götürə biləcəkdik, elə ermənilərin bu döyüşdə məğlub olsalar da dirəşmələrinin səbəbi bu, idi.
Dediyim vurulmuş tankın yanında isə bir qoşqu da vardı. Tankı çəkib, aparmaq istəyirdilər. Biz tank istiqamətində atəş yağdırmağa başladıq. Erməninin tankı qoyub, getməsini istəyirdik. Tankdan bizim olduğumuz yerə atəş açıldı. Bizə tankın vurulduğunu dediklərinə səbəb biz açıq atəş açdıq, düşünmədik ki, tank işlək vəziyyətdə ola bilər və bizim yerimizi bildikdən sonra tankla bizə mərmi atəşi açılar. Sən demə, tank işlək vəziyyətdə imiş və yalnız tırtılı zədələnibmiş. Aramızda 100-150 m. məsafə olardı, amma kəndin içi olduğuna görə bu qədər yaxınlaşa bilmişdik. Tankdan bizim olduğumuz yerə 2 mərmi atıldı, evlərə dəydi və qəlpələr ətrafa yayıldı. Aslan Nuriyevin (Cəlilabad rayonu, Zopun kəndi) qəlpə başından dəydi, şəhid oldu. Müşfiq yaralandı, iki daha əsgərimizin sifətindən qəlpə yarası aldı. Yeniçağrışçı olduqları üçün adlarını xatırlamıram. Əvvəlcədən də tankı Aslan vurmuşdu, amma təkcə tırtılını sıradan çıxara bilmişdı.
Qeyd etdiyim kimi, bu an üçün biz artıq Vüqar Babayevin qrupu ilə birləşmişdik. Yaralıları çıxarmaq üçün uşaqlardan ayırdım, şəhidimizin də cəsədini ərazidən çıxardıq. Bu atəş səbəbiylə qrupların döyüşçüləri pərən-pərən olmuşdu. Toparlanıb, yenidən irəli getdik. Vəli Abdullayevlə tankın lap yaxınına getdik və başımızın üzərindən bir mərmi daha atıldı.
Tank 25-30 metrəni vura bilmir, amma başımızın üzərindən keçən mərminin küləyi bizi təlaşa saldı. Yoldan kənara atlandıq. Məqsədimiz ermənilərə irəlilədiyimizi göstərmək idi. Onlar isə, dediyim kimi, geri çəkildikdə tamamilə məhv ediləcəklərini bildiklərindən və naəlaclıqdan dirəniş göstərirdilər. Artıq axşamdır, Tərtər batalyonundan xahiş edirik ki, daha axşam düşüb, heç olmasa, gəlin böyür-böyürə dayanıb, dairəşəkilli müdafiə quraq ki, bizi gecə yardıma gələ biləcək ermənilər basıb, keçə bilməsin. Bizim texnikamiz yoxdur, onların kəndi tərk etmiş texnikalarının geri dönmə ehtimalı var. Hava qaralıb və səhər nələr baş verəcəyi qətiyyən məlum deyil. Kəndin bir kənarında mövqe tutub, dayandıq. Səhər erkəndən yenidən atəş aça-aça irəliləməyə başladıq, lakin kənddə bir dənə də olsun erməni qalmamışdı. Gecə qaranlıqdan istifadə edərək, həmən geri çəkilmiş, kəndi tərk etmişdilər. Onsuz da gecə vəziyyətin necə dəyişəcəyini bilməsək də ermənilərin son nəfəsi olduğunu və geri çəkilməyə fürsət gözlədiklərini bilirdik. Beləliklə, 3 may kəndi geri aldıq.

- Sizə doğrudamı kəndi alınca çörək vermədilər?
- Döyüş gedən ərazidə, qızğın döyüş zamanı onsuz da əraziyə ərzaq və yemək göndərilmir. Əlavə insanları güllə altına, ölümə göndərmək deməkdir, bu. Amma axşam biz kəndi aldıqdan sonra bizə yemək gəlmişdi. Mayın 2-si gecə.
Bəzən təhcizatda qulluq edənlərə biraz rahat xidmət keçmiş kimi baxırlar, amma mən razı deyiləm. Döyüşdə təhcizat olduqca vacib işdir və onlar da bizim təhcizatı vaxtında təmin etmək üçün özlərini təhlükəyə atırdılar.
Bu məqamda bir haşiyəyə də çıxmaq istərdim. Qırmızıkənd uğrunda gedən döyüşdə, əsas agirliq bizim üstümüzə düşmüşdü. Kəndi biz almışdıq. Xatirinizdədirsə, az öncə söhbətimizdə qeyd etmişdim, Tərtər batalyonundan xahiş etdik ki, Qırmızıkənddə gecəni yanımızda durun, durmadılar, getdilər. Biraz da yiyəsizlik idi o batalyonda, böyük-kiçik yox idi. (Elə müharibəni hələlik uduzmamızın da səbəbi belə yiyəsizlikdəndir - H.H.) Nə isə, kəndi almışıq, səhər briqada komandiri Elbrus Orucov da gəlib, batalyon komandirimiz də oradadır, Sərdar Həmidov da gəlib. Erəməni cəsədlərinin bir-ikisini Sərdar Həmidova göstərdilər, Həmidov da öz batalyonunun uşaqlarına yeni forma, 5 şirvan (10 manat) pul, məzuniyyət verdi, onları ruhlandırmaq üçün, amma bizim hərbi hissə sanki, bu əməliyyatda iştirak etməmişdi... Heç sag ol deyənimiz də olmadı. (Gülürük) Sərdar Həmidov haqqında mənfi fikirlər çox olsa da icra başçısı kimi batalyonlar üçün çox iş görmüşdü.

- Daha sonra ərazidə hansısa döyüş oldumu?
- Sonra həmin ərazidə nə biz, nə də ermənilər tərəfindən toqquşma olmadı, sadəcə bizə günorta çağı irəliləmək əmri verildi, bu da ermənilərin başqa istiqamətə qüvvələrini toplamağa imkan verməmək məqsədi daşıyırdı. Bizim qüvvələr başqa cəbhədən hücuma keçmişdi, oraya erməninin qüvvə toplamaması üçün biz irəlilədik və yayındırıcı əməliyyat həyata keçirdik. Bizim durduğumuz ərazidə erməni postu Şotlanlıda idi. Əmr isə bu kənddəki erməni postlarını götürmək idi. Bir qrup getdi. Həsən Həsənov, Gülxan Müstəcərov və "köhnə uşaqlar"dan bir neçə nəfər və cavan heyyətdən seçilmiş əsgərlərlə günorta çağlarında irəliləməyə başladılar. Erməni postlarına yaxınlaşmışdılar və ermənilər artıq mövqelərini qoyub geri çəkilirmişdi. Bu döyüşdə (mayın 6-sında) Həsən Həsənov başından güllə yarası almışdı, qəlpə kəllə sümüyünü çatlatsa da içəri girməmişdi, amma nerv hüceyrələrinə toxunmuşdu, ayaqları tutuldu. Bizimkilərə isə geri çəkilmə əmri verildi, bir sözlə hücum imitasiyası xarakterli bir əməliyyat idi.
May ayının 11-ində ermənilər qonşu hərbi hissənin ərazisindən Qapanlıya hücum etmişdilər. Amma biz oraya əkshücum edib, Qapanlını aldıq.
Bizim tabe olduğumuz briqadaya bir tank vermişdilər - T55, bir dəfə atəş açması, bir qədər də problem yaradırdı. Eşitmişdim ki, bir mərmidən sonra onun mərmi stvolunda ilişib qalırmış və onu üzüm ağacının dirəkləri ilə çıxarırlarmış. Həqiqətən də 1994-ü ildə bizim texnika və sursat təhcizatımız çox zəif idi, ermənilər isə olduqca mükəmməl təhcizata malik idilər. Müqayisəyə gəlməyəcək dərəcədə aramızda onların xeyrinə fərq vardı. Daha nə misal deyim? Bir kəndin alınmasına 9 tankla gəlmişdilər...
Bizim ağlımıza gəlməyən texniki təhcizatları vardı. 1994-cü il 17 erməni məhv etdiyimiz əməliyyatda (20 aprel) mən ermənilərdən bir gecəgörmə cihazı və mobil telefon götürmüşdüm. Həyatımda ilk kəs mobil telefonu onda görmüşdüm.

- Onların aqibəti necə oldu?
- Mən batalyonun komandirinə təhvil vermişdim, o da Elbrus Orucova vermişdi.

- Atəşkəs elan olunanda haradaydınız?
- Mayın 12-si atəşkəs elan edildi, 19-u bizi - Habil Mamedovu, Nadir Babayevi, Eynulla Müzəffərovu və məni şəxsi heyyətə təlim keçmək üçün Neftçalaya göndərdilər. Sonra iyun ayında bizim uşaqlar cəsədlərin dəyişdirilməsini həyata keçirmişdilər. Doğrusu orada iştirak etməmişəm və məlumatım səthidir.

- Onu mənə Fərid bəy danışacaq.
- Hə, əməliyyatı həyata Fəridgil keçirmişdi. Yəqin bilirsiniz, Fərid ziyalı ailəsindəndir, Səməd Vurğunun "Azərbaycan ədəbiyyatının ağır artilleriyası" adlandırdığı Süleyman Rəhimovun nəvəsidir.

- Bilmirdim, heç söz açmayıb.
- Həə, elədir.
Cəsədlərin dəyişmə əməliyyatı haqqında ən dolğun məlumat da ondadır.
Ümumiyyətlə, 94-cü ilin yaz döyüşləri çox qanlı-qadalı olub. Biz onların qarşısına texnika çıxara bilməsək də Azərbaycan Ordusu canlı qüvvəsi ilə ermənilərə dirəndi. Onların çox daha irəli getmək imkanları vardı, bizim oğulların sinələrini sipər çəkməsi nəticəsində durduqları mövqelərdə dayandılar. Amma bir şeyi də qeyd edim ki, mənim qənaətimə görə 1993-də ölkə rəhbərliyi və Ordu arasında anlaşılmamazlıq olmasaydı, biz gəlib bu yerə çıxmazdıq. Daha öncə və uğurla bu müharibəni bitirərdik.
Tərtər gedərdisə, ermənini durdurmaq mümkün olmayacaqdı. O vaxtlar artıq Bərdəyə də mərmilər düşmüşdü. İndi bildiyimə görə elə bizim təhvil verdiyimiz mövqelərdə dayanır ordumuz...
Əvvələr, bildiyiniz kimi, könüllülər buraxıldı, bir növ vuruşan insanların əli müharibədən soyudu. Amma bizdə hər şey biraz qarışmışdı. Bu da ümumi işin ziyanına işlədi və biz Qarabağ müharibəsində irəliləmək əvəzinə gerilədik. Çox şeylər etmək olardı, edilmədi. İndi də 25 ildir məğlub xəcaləti ilə yaşamağa məhkum edilmişik. Torpağı bizə kimsə qaytarmayacaq, onu əlimizə silah götürüb, vuruşaraq, azad etməliyik.

Həmsöhbətim 772-ci XTB-nin tağım komandiri
Yalquzaq.
- 1994-cü ilin yaz hücum kampaniyasını zamanı haradaydınız?
Bizim döyüş bölgəsindən çıxarılmamız 1994-ü ilin yanvar ayının 31-ində oldu. Şəxsi heyyətin şəhid, yaralı və xəstələnənlər olmaqla xeyli hissəsi sıradan çıxmışdı, bu səbəbdən də MN-dən əmr gəlmişdi ki, batalyon döyüş bölgəsindən çıxarılsın, sıralarını doldurmaq və təlimlər üçün Bakı ətrafındakı hərbi şəhərciklərindən birinə yerləşdirilsin. 3-4 avtobus göndərilmişdi, biz onlarla Tərtəri tərk etdik. Fevralın 1-i biz bir-neçə hərbi şəhərcikləri gəzdik, vəziyyət acınacaqlı idi, nəhayət Tağıyev qəsəbəsində olan bir kazarmada dayandıq. Sonralar, 1993-cü il elə bu ərazidən də cəbhəyə yola düşmüşdük.
Burada yerləşdikdən sonra ilk öncə şəxsi heyyətin dincəlməsinə və növbə ilə məzuniyyətə buraxılmasına başlanıldı. Fevral ayının sonundan etibarən hərbi hissənin qalan şəxsi heyyətinə təlimlər bərpa edildi. Sonra bizi Şıxov qəsəbəsinə köçürdülər. Bizə yeni çağrışçıları martın sonlarına yaxın, təxminən 20-sindən sonrakı tarixlərdə verdilər. Guya onlara bizə verilənə qədər 3 ay təlim keçirilmişdi, amma silahla davranmaq belə öyrədilməmişdi. Bizə yeniçağrışçıları verdikdən sonra Nefçalanın Bankə qəsəbəsinə yerləşdirildik.

- Geri qayıtdığınızdan artıq 3-cü dəfədir ki, yerinizi dəyişirlər?
- Hə, eləydi, burdan ora yerimiz dəyişdirilirdi. Əslində təlim keçmək üçün biraz geniş yerə ehtiyacımız vardı.
Aprelin 12-sinə kimi yeni gələnlərə təlimlər keçdik.
Həmin gün Bakıdan adını xatırlamadığım general vertalyotla gəlib, hərbi hissənin ərazisində endi və əmri təqdim etdi: Cəbhə bölgəsinə geri göndərilirdik. Komandirimiz hərbi hissənin buna hazır olmadığını dedi, təlimin başa çatmadığını qeyd etdi. MN-dən nazir – Məmmədrəfi Məmmədov özü zəng edilmişdi ki, nə lazımdırsa sizi təmin edəcəyik, amma sizin getməniz vacibdir cünki, siz o bölgəni tanıyırsınız. Ermənilər artıq özlərinin 1994-cü il yaz hücum kampaniyalarını başlamışdılar. Bütün ehtiyat hissələrini səfərbər edərək, Tərtər və Goranboy istiqamətində hücuma göndərmişdilər. Batalyon komandiri qrup komandirlərini toplayaraq, yazılı surətdə MN-ə məlumat verdi ki, bizim hərbi hissənin yeniçağrışçıları hərbi əməliyyatlarda iştirak etməyə hazır deyil, biz hamımız oraya imza atdıq. Hazırlıqsız əsgərləri döyüşə soxmağın məsuliyyəti böyük idi. Lakin bizi cəbhə bölgəsinə göndərdilər. Biz 14 aprel Tərtərə gəldik, Qərargahımız Cəmilli kəndində (bir-nece günden sonra Burunc kəndinə köcürüldü - Yalquzaq) yerləşdi. Qışda bizim alıb, yerli hərbi hissələrə veridyimiz bir-neçə kənd ermənilər tərəfindən hücum edərək, işğal olunmuşdu.

- 1993-cü ildə (1992 dekabr - 1993 yanvar) qış hücum kampaniyası başladılmışdı. Elə 1994-cü ildə də bizim hücum kampaniyamız qışa (1993 dekabr - 1994 yanvar) təsadüf edirdi. Sizcə bu, dogru idimi? Məndə olan məlumata görə hələ 1992-ci ildə noyabr-dekabrda Seyfəlidə hazırlanan ehtiyat qüvvələri məhz aprel-yaz hücum kampaniyası üçün nəzərdə tutulurdu, lakin prezident (Əbülfəz Əliyev) səviyyəsində, səbəbi məlum olmayan, əmrlə bizim ordu qış hücum kampaniyasına başladı. Nəticə bəllidir. Biz qoyulan tapşırıqları tam yerinə yetirə bilmədik. 1994-cü il qiş hücum kampaniyası çox daha acınacaqlı sonluqla bitdi. Sizinlə bu haqqda söhbətimiz olmuşdu və demişdiniz ki, sizin fikrinizcə, 94-ün qiş hücum kampaniyasında istiqamət və strateqiya düzgün seçilməmişdi.
Belə çıxır ki, biz qışda qüvvələrimizi artıq sıradan çıxardığımız üçün hər dəfə yazda hücum kampaniyası başlayan ermənilər istədikləri nəticələri əldə edə biliblər.
Sualım isə belədir, sizcə Qarabağ kimi dağlıq ərazidə yazda hücuma keçmək daha doğru qərar olmazdımı?
- Əkbəttə ki, Qarabağ dağlıq ərazi olduğu üçün və dağda qışın sərt keçməsini nəzərə aldıqda, yazda hücuma keşmək daha sərfəli idi. Qar əridikdən, havada şaxtanın olmaması və ağacların yaşıllaşması dağlıq ərazidə döyüşlərin aparılasını çox daha asanlaşdırır. Bir də hücumda olan tərəf üçün bu, çox daha əlverişli olur. Aprelin ortalarından başlayaraq, may da daxil olmaqla hücumu davam etdirmək gərəkirdi. 1993-cü ilin yazına hücumun planlaşdırıldığını bilirdik, amma qəflətən siyasi motivlərlə hücumun zamanı dəyişdirildi. Səhv qərar idi. Qışda mövqeləri möhkəmləndirmək üçün mövqe döyüşləri gedə bilər, amma iri maştablı hücum kampaniyası yanlış qərar idi.
1993-cü ilin yaz hücum kampaniyası üçün hazirlanırdı bizim hərbi hissə, Xankəndinin ətrafında gedəcək döyüşlərə atacaqdılar bizi. Artıq Xankəndinə 20 km qalmışdı və biz həlledici döyüşlərdə cəbhəyə atılacaqdıq.
Yenə də təkrar edirəm ki, 93-94 qış hücum kampaniyasında bizim istiqamətdən hücum başlanılsaydı daha doğru olardı, ermənilərin biz tərəfdə qüvvələri tükənmişdi və hava şəraiti imkan verirdi ki, bizim istiqamətdə (Ağdərə-Sərsəng) uğurla hücum kampaniyası aparılsın.

- Aydındır. Qaldığımız yerdən davam edək.
- Demək, bizi Ağdərə şəhəri istiqamətində yerləşdirdilər. İlk çıxdığımız mövqe Canyataq yarımstansiyası adlanırdı. Aprelin 14-ü idi. Yarımstansiyanı görmədim, amma ərazidə bir ferma yerləşirdi. Burada 3 gün mövqedə dayandıq. Sağımızda başqa hərbi hissə də vardı, səhv etmirəmsə, Mingəçevir batalyonu (M1) idi. Ərazini kəşfiyyat etdik, tam bələd olduq. Qarşıda mövqelərdə duran erməniləri də müşahidə edirdik. Aprelin 15-ində gündüz bizə hücum əməliyyatı keçirmək üçün əmr verildi. Buna aldadıcı hücum əməliyyatı deyilir, məqsəd ermənilərin hazırlığını yoxlamaq idi. Başqa hərbi hissə də hücuma keçməli idi, amma keçmədilər. Bizim tərəfdən 2 qrup əməliyyata getdi. Bu əməliyyatda bizim tərəfdən 1 şəhid (Xaçmazdan yeniçağrışçı) və 1 yaralımız oldu. Bir-neçə saat davam edən döyüş nəticəsində əsas məqsədə çatılmışdı, biz ermənilərin mövqelərini, texnikaları haqqında məlumatı və nəyə qadir olduqlarını təyin etmişdik.
Aprelin 17-sində biz, bir-neçe nəfər su dalınca getdik və ermənilrə yaxın ərazidən keçdik. Onlar bizi gördükdə əl etdilər, əvvəl bizim erməni olduğumuzu düşünürdülər, biz isə qarşımızdakıların erməni olduğunu bilirdik. Mən 2 nəfərlə, biri zabit və bir çavuşla irəli getdim, onlardan biri biz tərəfə gəlməyə başladı. Yanımdakı zabit yerə uzanaraq, mövqe tutdu. Bizə yaxınlaşa-yaxınlaşa erməni sözə başladı ki, burada ermənilər var, bizim nəzarət etdiyimiz ərazidir. Əvvəl uzaqda olanda erməniycə çığırırdı. Yaxınlaşdıqda dəqiqləşdirmişdi ki, biz Azərbaycan Ordusundanıq. Geri qayıtmağa imkan yox idi, bizi sözə tutub, vurmalıydı. Ya da biz onu vuracaqdıq. Onu da arxadan ermənilər təpənin üzərindən gözləyirdilər, 4-5 mövqeni görürdük. Hələ erməni yaxınlaşanda zabitə dedim ki, vur, ermənidir, amma o, vurmadı. Erməni 10 metrəyə yaxınlaşdıqda başladı rusca, sonra azərbaycanca danışmağa. Qarabağ ermənisi idi. Bu an artıq zabit ona atəş açdı, biz həmən yerə uzandıq. Mən əvvəldən qarşımda olanı vurmağa hazır deyildim çünki, silahımın lüləsini aşağı tərəf tutmuşdum, gələni hürkütmək istəmirdim ki, yaxınlaşsın. Mən şərait yaradırdım ki, zabit onu vursun, amma zabit onu vuramadı. O da yerə yıxılaraq, gizləndi. Atışma başladı. Sonra bizi minamyotla vurmağa başladılar. Bizim tərəfdə (batalyonda) isə məsələdən hali deyildilər. Bu toqquşmada kimsə yaralanmadı. Sonra biz geri qayıtdıq. Iyunda cəsədlərin dəyişdirilməsində ermənilər bizə dedilər ki, sizinkilərdən orada zabitlər olmuşdu, vurmuşduq, Vüqar Kərimov o danışıqlarda iştirak edirdi, onlara demişdi ki, orda mən olmuşam və siz bizdən heç kimi vura bilməmişdiniz.
Həmin gün biz dəqiqləşdirdik ki, sağımız boşdur, amma ermənilər bizdən bir qədər irəlidə təxmini sağa meyilli istiqamətimizdə mövqe tutmuşdular. Solumuzda, aprelin 15-i, bizimkilərdən başqa bir briqada hücuma kemişdi. Onlar Güllücə istiqamətində hücum etmişdilər, amma hücumları alınmamışdı.
Mən danışdığım vaxt isə aprelin 17-i idi. Saat 16:00 - 17:00-da bizə hücum olundu. Bizim hərbi hissənin şəxsi heyyəti 2 km mövqelərimizdən arxada yerləşirdi. Döyüş başlayanda biz gördük ki, ermənilər tam sərbəst şəkildə sağdan tanklarla hərəkət etməyə başladılar. Aralarında ağ rəngə boyanmış tanklar da vardı, sağdan bizim arxamıza keçməyə çalışırdılar. Komandirlə danışdıq və bizə geri çəkilmək əmri verildi. Ermənilər arxamıza keçsəydi, biz öz hərbi hissəmizdən kəsilmiş halda olacaqdıq. Texnikamız da yox idi, üzərimizə gələn ermənilərlə döyüş qeyri bərabər olasıydı. Geri çəkiləndə bizdən bir nəfər yüngül yaralanmışdı. Bizdən solda ikinci bölüyümüz mövqe tutmuşdu. Onlara vəziyyəti xəbər verdik, sonra əlaqə saxlamağa imkanımız olmadı. Döyüşərək geri çəkilirdik. Biraz geri çəkilib, mövqe tutduq və mövqelərimizi möhkəmləndirməyə başladıq. Doğrusu, yeniçağrışçılarla döyüşmək çox çətin idi. Onların əziyyətini yerə vurmaq istəmirəm, sadəcə, yetərincə təlim görmədən cəbhəyə göndərilmişdilər. Həm də bir baş döyüşlərə girməli olurdular. Başlarını qaldıra bilmirdilər, güllələri ünvanlı atmaq iqtidarında deyildilər. Çox çətin idi... Nə edirdiksə köhnə uşaqların, çavuşların hesabına edirdik. Biz mövqe tutduqdan sonra komandanlıqla əlaqə yaratdıqda öyrəndim ki, digər bizdən solda mövqe tutan həmin bölüyümüz ağır döyüşə düşübmüş və 7-9 şəhid vermişdilər. Şəhidlərin də cəsədi erməni tutan ərazidə qalmışdı. Biz onları iyunda dəyişdik...

- Nə səbəbə geri çəkilməyib, vuruşarlar?
- Doğrusu, mövqelərimiz açıqlıqda idi, ola bilsin ki, geri çəkilmək imkanları olmayıb. Və ya vaxtında cəld, çevik manevr edə bilməyiblər. Onlar digər bölükdən kiçik manqa idi, 10-12 adam olardı tərkibində. Səhv etmirəmsə, "Şahin" idi bölüyün adı, ikinci bölüyümüz idi.

Qirmizikəndin ətrafında mövqelərimizi möhkəmləndirdik.
Mən sonradan bildim ki, ermənilərin Sotlanlıda "Tiqranmeç" tank zirehli qrupu yerləşirmiş. Təxmini 6-7 tank, bir-neçə dənə də PDM-ləri vardı. 1 mayda ermənilər bu zirehli qrupu ilə üzərimizə hücuma keçdi. Bizim onlara qarşı texnikasız dayanmağımız imkansız idi. Geri çəkilməyə əmr aldıq və döyüşərək geri çəkildik. SPQ sisteminin döyüşçüləri qrupda 4 nəfər olur, onlardan bir şəhidimiz olmuşdu bu döyüşdə. Tankı nişan alıb, atmışdı, amma vura bilməmişdi. Tank da onların yerini bilib, vurmuşdu. Tofiq Cəfərov şəhid olmuşdu.
Həmin gün ermənilər hücuma sübh tezdən Şotlanlı kəndindən başlayıbmışlar. O kənddə bizim Ordunun hərbi hissələrindən biri ilə döyüş olmuşdu. Həmin hərbi hissə çox sayda itki vermişdi... Beləliklə, biz Qırmızıkəndi qoyub çıxdıq. Arxada Qapanlı kəndi var, oraya yerləşdik. Komandir gəlib, çıxdı və bizi toplayıb, vəziyyəti dəyərləndirdi, sonra əmr verdi ki, səhər tezdən kənd geri qaytarılmalıdır! Ayın 2-si səhər, biz Qapanlı və Qarağacı kəndləri istiqamətindən Qırmızıkəndə hücuma keçdik. Bu döyüşdə bizlə Tərtər batalyonu da iştirak edirdi. Bir sutka döyüş getdi, ermənilərin bir tankı sıradan çıxarıldı. Tankı vuran əsgərimizin atəş açdığı zaman yerini aşkarlayan digər tank ona tərəf atəş açmışdı və əsgərimiz – Aslan Nuriyev şəhid olmuşdu. Nüsrət Lətifov, Müşfiq Cəfərov mərmidən ətrafa saçan qəlpədən yaralanmışdı. Biz hücum etdikdə dünən üstümüzə gələn texnikadan 3-4 ədədi kənddə qalmışdı. Qalanları çıxarılmışdı. Əlbət başqa istiqamətdə hücum üçün çıxarmışdılar onları, qalanlar isə kəndi saxlamaq üçün qalmışdı.
Mayın 2-si axşam biz hələ kəndi tam geri qaytara bilməmişdik. Yüksəklik hissədə ermənilər mövqe tutmuşdu. Gecəni döyüş dayandı, biz də mövqe tutub, dincəldik. Sabah səhər tezdən biz hərəkəti davam etdirəndə kənddə erməni yox idi, diri olaraq, bir-neçə meyidləri ortalıqda qalmışdı. Görünür, hava qaralmaqla, döyüşün dayanmasından istifadə edərək yaralılarını da götürüb, kənddən qaçmışdılar. Gecəylə kəndi tərk edənlər səhv istiqamətdə, parakəndə halda yolu səhv salaraq, 776 saylı hərbi hissəyə 3-4 nəfər əsir düşənlər də olmuşdu.
Bu döyüşdə bizim bölükdən (Kobra bölüyü) şəhid verməmişdik, amma yaralananlarımız olmuşdu.
Ermənilər bu döyüşdə çox itki vermişdilər. İstiqamət komandirimiz Elbrus Orucov idi, döyüşdən sonra bizim mövqelərə gəldi, bizlə söhbətdə dedi ki, ermənilər 80-ə qədər itki verib, amma, məncə, o qədər olmazdı.

- Sizdə dəqiq məlumat olar əlbət, ermənilər döyüş tarixlərini dəqiq yazır və harada nə qədər itki verdiklərini məlumat bazalarından götürmək mümkündür.
- Bəli, mən onların məlumatlarıyla tanış oldum sonralar və öz fikrimdə haqqlı olduğumu gördüm. 2 may döyüşündə itkiləri deyilən qədər deyildi. Sonradan qaçan ermənilər digər ordu hissələrimizə əsir də düşmüşdü. Yəni, ümumi götürəndə hissediləcək qədər itkiləri vardı. Həmin gün döyüşdən sonra Tərtər batalyonu da 4-5 erməni meyidini götürüb, Sərdar Həmidova göstərməyə aparmışdılar. S.Həmidov da onlara hədiyyə (pul) və mezuniyyətlər vermişdi.

- Erməni itkisi 15-20 nəfər olardımı?
- Məncə, yox. Hər halda onların meyidlərini sayan olmamışdı, ortada qalan, Tərtər batalyonunun apardığı, sonradan başqa hərbi hissəyə əsir düşənlər 10-12 nəfər ancaq edərdi.

- Hafiz bəy mayda bir yayındırıcı hücumunuz olmasından danışmışdı, amma ordumuzun hansı hissələrinin və hansı məqsədlə hücum etdiyini bilmir. Sizin məlumatınız vardı? Və həmin hücum uğurlu alınmışdı?
- Mayın 6-ında biz yayındırıcı hücumu etdik, amma digər ərazidə olmalı olan əsas hücum olmamışdı. Ermənilər bizi güclü minamyot atəşinə tutmuşdu və bizdən 7 nəfər yaralanmışdı.
Son döyüşümüz artıq 11 mayda oldu. Ermənilər Qapanlıya hücum etmişdilər. Döyüşün əvvəlində onların bir-neçə tank və PDM-i vurulmuşdu, axşama yaxın isə ermənilər kəndə girə bilmişdi. Həmin istiqamətdən bizim mövqeləri artilleriya atəşinə tutmuşdular ki, bizi vurub, kənddən çıxarsınlar. Biz atəşdən qorunmaq üçün yerimizi dəyişirdik, amma kənddən çıxmadıq. Əslində biz iki istiqamətdən ermənilərin əhatəsindəydik. Yerimizi dəyişdikcə də həmən yerimizi müəyyən edib, vururdular. Bəlkə də bizi görürdülər, bilmirəm. Maraqlıdır ki, elə hündürlük də yox idi ki, bizi izləyə bilsinlər! Bu döyüşdə bizdən şəhid və yaralanan olmadı.
Komandirin əmriylə 6 nəfərdən ibarət Qapanlı kəndinə qrupumuz göndərildi. Həm kəşfiyyat, həm də lazım gələrsə, bizim hərbi hissələrə kömək xarakterli tapşırıqla onları Qapanlıya göndərdi komandirimiz. Bu qrup gedib, sağ-salamat qayıtmışdılar. Sonradan biz cəsədləri dəyişdiyimizdə ermənilər bizə demişdi ki, biz sizin 6 nəfərlik dəstəni görmüşdük, hərləyib, onları əsir götürmək istəyirdik. Qrup yola düşəndə onlara demişdim ki, düz yolla getməyin, biraz kənardan firlanaraq gedin ki, ermənilərə rast gəlməyəsiniz. Onlar da yolu geniş götürüb, ermənilərdən uzaq keçmiş və bizim orduya yetişmişdilər.

Əslində qrupun göndərilməsində komandirin bir əsası daha vardı. O, məlumatı öz mənbəsindən əldə etməyə daha çox güvənirdi. Aprelin 17-sində başımıza belə bir hadisə gəlmişdi, 703-cü hərbi hissənin qərargah rəisi Şabanov bizə yanlış məlumat vermişdi ki, Canyataq yarımstansiyasının sağ istiqamətində bizimkilər mövqe tutublar, oraya Azərbaycan ordusu nəzarət edir. Amma sonradan biz öz gözümüzlə gördük ki, orada ermənilərdir.
Ermənilər irəliyərək sağımızı ötüb, keçmişdilər. 703-ün istehkamçı (minaaxtaran) qrupundan üç nəfər ya şəhid olmuşdu, ya əsir düşmüşdü. Dəqiq yadımda qalmayıb, amma nəsə insident olmuşdu. Bizim təminat üçün olan URAL maşını da sursat gətirərkən bu istiqamətdə hərəkət edib, ermənilərlə üzbəüz çıxmışdılar. Orada erməni qüvvələrinin piyadaları olmuşdu, hələ uzaqdan bizimkilərə işarə etmişdilər ki, təslim olun, amma bizim əsgərlər cəld tərpənib, maşını geri çevirmiş və ərazidən uzaqlaşa bilmişdilər. O qrupda olan uşaqlardan biri Zaur İsayev idi, mən onu yaxşı xatırlayıram, əvvəllər bizim bölükdə olub, sonra təhcizata verilmişdi. Sonradan bu hadisəni o, mənə danışmışdı, hətta maşının arxasında - kuzada olmuşdu Zaur. O boyda iri maşını bir tərəfli yolda belə cəld döndərə bilmək asan deyil. Zaurgil isə kuzadan geri, ermənilərə atəş aça-aça ərazidən uzaqlaşa bilmişdilər. Nə maşına, nə sursata, nə də əsgərlərə heç nə olmamışdı. Komandirimiz Şabanovla ratsiya ilə əlaqə yaradıb, yanlış məlumat verməsi səbəbindən onunla əsəblə və sərt danışmışdı... Bizim təhcizat dəstəsi ermənilərə orada rast gəlməsəydi, onların varlığından bəlkə xəbər tutmazdıq və 17-si döyüşlərində asanlıqla bizim arxamıza keçə bilərdilər.

- Şabanovun adını xatırlayırsınız?
- Xeyr. Əsasən cəbhədə hamını soy adı və döyüş yoldaşlarımızı ləqəbiylə tanıyırdıq.
12 may artıq atəşkəs başladı. Amma 12-13-14 mayda bu istiqamətlərdə başqa hərbi hissələrlə ermənilər arasında xırda döyüşlər olurdu.
Ümumiyyətlə, ermənilərin planı başqa idi. Onlar ratsiya ilə bizə də deyirdilər ki, mayın 1-i biz Marquşevanı tuturuq, ayın 9-u Tərtərdə olacağıq. Biz də cavab verirdik ki, gəlin, görək hünəriniz nəyə çatır! Onların məqsədi nəinki, Tərtər, Tərtər-Bərdə-Ağdam dördyol yoluna çıxmaq idi. Soldan isə Goranboyun Tapqaraqoyunlu kəndini də keçib, imkan dərəcəsində Bakı-Qazax yoluna çıxmağa çalışırdılar...

- Atəşkəsdən sonra sizin batalyon haraya göndərildi?
- Bizim hərbi hissə bu mövqelərdə həmin ilin sentyabırına qədər dayandı. Sentyabr ayından bizim hərbi hissənin bir hissəsi Tərtərdə, Burunc kəndində yerləşdirildi, bir hissəsi isə Neftçalaya, Bankə qəsəbəsinə göndərildi. 1995-ci ilin yanvarına kimi hərbi hissəmiz Hacıqərvənd kəndində yerləşdirildi. Səhv etmirəmsə, yanvarın 18-i bizi Naftalana göndərdilər. Təxminən 1996-cı ilin aprel-may ayına kimi orada qaldıq. Sonra Gəncəyə, Göygöl, Üçtəpə ərazisinə göndərildik. H/hissə artıq 1996-nın yayından 2005-ci ilə qədər orada yerləşib. Ləğv olunana qədər... 2005-ci ildə Səfər Əbiyevlə Talıb Mamedovun arasında olan münaqişə nəticəsində 3 hərbi hissəni ləğv etdilər, bizim hərbi hissə də kəşfiyyat şöbəsinə - Talıb Mamedova tabe idi. 776, 772 və 476 saylı, üç ədəd xüsusi təyinatlı hərbi hissə birdən ləğv edildi. Briqada yaratdılar, bizim hərbi hissədən zabitlər o briqadaya göndərildi. Bir-iki il öncə o da ləğv edildi. Digər hərbi hissələr arasında paylaşdırıldılar.

Həmsöhbətim 772-ci batalyonun döyüşçüsü
Mehdi Cavadov
- Aprel döyüşlərindən bizimlə xatirələrinizi bölüşmənizi rica edirəm.
- Aprel döyüşlərində biz təlimləri yarımçıq saxlayaraq aprelin 12-sində Tərtərə gəldik və biz Qızıloba - Ağdərə yolunun solunda mövqe tutduq.
Həmin vaxtı bizdə şəxsi heyətin 70 faiz yeni əsgərlər idi və onlarla birbaşa döyüşlərə qatıldıqda onları qorumalı və bütün gecələri yuxusuz qalmaqla yanaşı onların qorxmamaları üçün ikiqat işləməli olurduq.
Aprelin 17-si ermənilərin hücumu zamanı biz çox çətin vəziyyətə düşdük, bütün istiqamətlərdə hücuma keçən düşmən günün 2-ci yarısında sol cinahımızda Güllücəni tutmuşdu. Sağ cinahımızdan geri çəkilən qüvvələrin yerində mövqe tutmaq tapşırığı alan bölüyümüzün kəşfiyyat qrupu isə həmin yerdə ermənilərlə rastlaşmış və özlərini itirməyərək geri çəkilə bilmişdilər. Belə ki, onlara yaxınlaşan erməni onların erməni olmadığını biləndə ətrafındakılara xəbər verə bilməmişdi.
Hava qaralana yaxın "palatka" əmrini alan bölüklərdən biri geri çəkilən zaman itkilər vermiş və 7 nəfər ərazini tərk edə bilməmişdi. Həmin bölmənin əsgərlərinin bildirdiyinə görə hər iki ayağını itirmiş Ramiz Quliyevi xilas etmək istədikləri zaman o, qumbaranın həlqəsini çəkərək onu buraxıb ərazini tərk etmələrini tələb edərək özünü partladmışdı. Sonradan cəsədlərin dəyişdirilməsi zamanı ermənilər danışmışdı ki, bizim PK-çı bir ayağını dizdən aşağı itirməsinə baxmayaraq, tabe olmamış və dizdən aşağı olmayan ayağını yerə dirəyərək onlara PK ilə atəş açmağa başlamışdı. PK-çı Sədi Nağıyev idi.
Ümumilikdə, orada bölüyün 7 əsgərinin meyidi qalmışdı.
Mən aprelin 24-ü yaralanmışam.
Şəhidlərimiz
Aprelin 17-si Məmmədəli Ağalarov və Tahir Abbasov şəhid olub, onların cəsədlərinni çıxartmışdılar.
Aprelin 17-si şəhid olanlardan Quliyev Ramiz, Nağıyev Sədi, Baratov Hörmət və başqa 4 nəfərin (adını bilmirem) cəsədləri qalmışdı.
Həsrətov Samir 21 apreldə şəhid olub.
1 mayda Tofiq Cəfərov şəhid olmuşdu. O, erməni tankını DŞK ilə vurmuşdu. Tofiq Nadir Babayevin yanında şəhid olub, cəsədini də Nadir çıxardıb.

2 mayda Aslan Nuriyev şəhid olmuşdu.
Atəşkəs ərəfəsində isə Rasim Məhərrəmov və Feruz Əzimov şəhid olub.

Həmsöhbətim 772 saylı hərbi hissənin komandir müavini
Fərid Rəhimov
- Fərid bəy, artıq batalyon haqqında silsilə yazımızın sonuna çatdıq. Siz mənə iyunda cəsədlərin dəyişdirilməsini danışacağınızla bağlı söz vermişdiniz.
- Bizim batalyonun "Kolobok" rotasının uşaqlarından 7-8 nəfərin cəsədi erməni tərəfdə qalmışdı. Onları götürmək cəhdlərimiz alınmırdı. Bayalyon komandiri bizə demişdi ki, nəyin bahasına olursa, olsun cəsədləri götürüb, valideynlərə təhvil verməliyik. Artıq atəşkəs idi. İyun ayının 5-i ya 6-sı olardı, bizim batalyondan Rəşid Muradov (ləqəbi - Qarışka) gəldi ki, ermənilərlə əlaqə yaratmışam, neytral ərazidə görüşə razıdırlar. Batalyon daxilində komandirlə də oturub, məsləhətləşdik. Şəxsi heyəti riskə atmaq olmazdı.
Ərazi Qırmızıkənddən yuxarıda, kanalın üst tərəfində, Agdərə yolunun istiqamətində yerləşir və məhz burada görüş olmalı idi. Həmin ərazi erməni mövqelərinə bizim mövqelərdən çox daha yaxın idi. Batalyonumuzun snayperi Yusif Cabbarovu və iki döyüşçünü (adlarını unutmuşam - F.R) həmin əraziyə nisbətdə sol tərəfdən qoydum ki, bizi arxadan qorusunlar. Sol tərəfimiz bizim mövqelər idi, amma sağ tərəf erməni mövqeləri idi, buna səbəb də dedim ki, biz üçümüz də orta hissə ilə gedirik, əgər qarışıqlıq düşərsə, sol tərəfə özümüzü atacağıq, çatdırıb sol tərəfə atlana bilməyənləri, biz də daxil olmaqla, sağ tərəfdən hərəkət edən hər kəsi vurun!
Görüşə mənimlə birgə Rəşid Muradov və İlqar Məmmədov (ləqəbi - Mazuta) getdilər.

- Mən Yalquzağın söhbətindən xatırlayıram ki, Vüqar Kərimov da bu görüşdə iştirak edib.
- Elədir, ilk görüşdə Vüqar Kərimov və Şahin adında bir nəfər iştirak edirdi. Sonradan öyrəndim ki, o, xüsusi şöbədən (osobıy otdel) imiş.
Xatirinizdədirsə, Könül xanım, siz mənə demişdiniz ki, erməni tərəfdən bir nəfər bu görüş haqqında sosial şəbəkələrdə məlumat vermişdi. Onun danışığında etiraz etdiyiniz məqamlar vardı və mən də söz vermişdim ki, zamanı gələndə bu haqqda ətraflı danışacam. Bax, həmin adam mənə özünü İşxanyan kimi təqdim etmişdi. Mən onun gərçəkdə kim olduğunu bilmədim.

- Sizin erməni tərəfində danışıqlara getdiyiniz hansı hərbi həssə idi? Bunu oxucular üçün dəqiqləşdirək.
- Onlar da xüsusi təyinatlı idi, özlərini Şuşa batalyonu adlandırmışdılar. Sözünə başlayanda elə özü dedi ki, biz sizinlə iki ordunun elitasıyıq. Mən də dedim ki, belə olan halda biz biribirimizi anlamalı və mütləq razılığa gəlməliyik!
Birinci gün danışıqlardan sonra geri döndük, söhbət uzanırdı. Mən sözümün üstündə dururdum. Ona dedim ki, ilk biz cəsədlərimizi götürəcəyik, sonra sizinkiləri verəcəyik! O da güldü, dedi, nolar, birinci mən verərəm. Mən özümə güvənə bilərdim, verəcəkdim cəsədlərini, amma onlara güvənə biməzdim. İkinci gün onlar tərəfdən qarışıqlıq düşdü, görüş alınmadi, sonra bu görüşün təfsilatını sizə danışacam. Həm də İşxanyanın öz tərəfi ilə mübahisəsi vardı. Onun tərəf cəsədlərin verilməsinə razı deyildi. Vəziyyət çox gərgin idi. Kiminsə əsəbləri dözməyib, bir güllə atsaydı, aləm qarışacaqdı.
Üçüncü gün getdiyimizdə özümlə iki əsgər - Azər Ağayev və Vüqar Bağırovu götürmüşdüm. Bunun da səbəbi vardı, daha zabitləri özümlə götürməyə risk etmədim. İkinci görüş günü olanları danışdığımda niyəsini başa düşəcəksiniz.
Bu dəfə neytral ərazini aşıb, ermənilərin mövqeləri olan əraziyə daxil olurduq. Artıq risk çox böyük idi və oraya çox adamla getmək olmazdı. Bizim əsr götürülmə və ya öldürülmə ehtimalımız 99 faiz idi. Silahlarımızı qoyub, getdik. Məndə iki tapanca vardı, birini saxladım, içində bir güllə vardı. Sonradan uşaqlar da dedi ki, sən o gülləni özün üçün saxlamışdın. Dedim, yox, nəsə düz getməzsə İşxanyanı vuracaqdım. Onsuz da bizi vurasıydılar. Özümü vurmaq fikrim yox idi, açığı.
Biz neytral ərazidə İşxanyanın Ural avtomobilinə əyləşdik. Mən kabinkada, əsgərlərim isə kuzada oturduq. Uralda 3 nəfər biz və İşxanyan sürücüsü və bir də avtomatçısı ilə idi. Onların mövqelərinə yaxınlaşdığımızda İşxanyanla özününkülər arasinda münaqişə düşdü. Ermənilər bizim onların mövqelərinə daxil olmamızın əleyhınə idi. İşxanyan özününkülərlə mübahisə etdi, sonra maşına əyləşdi və biz 17 apreldə olmuş döyüş ərazisinə gəldik. Səhv etmirəmsə 7 cəsəd götürdük. Sədi Nağıyevin və Ramiz Quliyevin də cəsədləri ordaydı. Bir nəfər Xaçmaz istiqamətindən olan yeniçağrışçılarımızdan Baratovun cəsədini tapa bilmədik. Onun nə ölüsünü, nə dirisini tapa bilmədik. Əmisi gəlmişdi və cəsədi almaq üçün gözləyirdi...
Cəsədləri tanımaq olmurdu. Onları ayrı-ayrı kisələrə yığdıq. Sonradan hərbi geyimin üzərində olan yazılarla onların kimliyini dəqiqləşdirdik.
Biz bu qrupdan çox kənarda olduğumuzdan burda nə baş verdiyini və niyə əmr olduğu halda geri çəkilmədiklərini bilmirdik. İşxanyandan döyüş haqqinda soruşdum, mənə cavabında dedi
- Kişi kimi döyüşdülər. Heç biri əsir düşmədi və sizin PK-çı bir ayağını dizdən aşağı itirməsinə baxmayaraq, tabe olmayıb, dizdən aşağı olmayan ayağını yerə dirəyərək bizə PK ilə atəş açmağa davam edirdi. Biz onu PDM-2-dən vurduq. Döyüşçülərinizdən heç biri silahı yerə qoymadı və son nəfəslərinə qədər döyüşdülər, təslim olub, əsir düşmədilər.
PK-çı Sədi Nağıyev idi.
Baratov haqqında soruşduğumda heç kəsi bu döyüşdən əsir götürmədiklərini dedi. Amma mən cəsədi tapmadığımıza səbəb Baratov haqqında batalyonundan bir daha dəqiqləşdirmə aparmasını xahiş etdim. O, söz verdi ki, araşdıracaq. Lakin sonradan mən tamamilə bu məsələlərdən uzaqlaşmalı oldum və İsxanyanla heç bir əlaqə yaratmaq imkanım olmadı. Baratov haqqında məlumatı dəqiqləşdirə bilmədik. Əgər bu gün İşxanyan sağdır və bu görüşü xatırlayırsa, əlbət Baratov haqqında hər hansı məlumatı ondan almaq mümkündür.

- Problem nədən ibarət idi? Niyə uzaqlaşmağa məcbur qaldınız?
- Çox ağır dövr idi. Hər cür oyun və şayələrin tüğyan etdiyi zamanlar idi.
Erməninin meydan oxuduğu bir zamanda onlarla kimsənin elaqə yaradıb, cəsəd dəyişməsi ağla sığmaz idi. Mənim ermənilərlə "meyit alveri" etdiyim şayiəsi yayıldı və mən bu məsələlərdən uzaqlaşdım. Əvvəllər də belə şayiələri çox duymuşdum, öz başıma gəldikdən sonra başa düşdüm ki, insanı bir anın içində ləkələmək nə qədər asan imiş...

- Çox təəssüf edirəm. Ordumuzda belə halların olması bizə baş ucalığı gətirmir. Bəlkə dirəniş göstərib, davam edəydiniz, şayiə yayanlara inad?!
- Yox, vəziyyət çox pis idi. Mən anlayırdım ki, bu, məqsədli buraxılan şayiədir və məni ləkələməyə çalışırdılar. Bir çox başqa söhbətlər də oldu, mən də tamamən kənarlaşmaq qərarını verdim. Lakin hadisələrdən bir il sonraya qədər soraq etməkdə davam etdim, bir başa həmin batalyon və İşxanyanın özüylə əlaqə qura bilmədim, bu səbəbdən Baratovun taleyi mənə qaranlıq qaldı.

- İşxanyanla söhbətinizin davamı necə oldu?
- Həmin vaxtda mənə bizim uşaqların cəsarətli döyüşündən danışdıqdan sonra o da mənə qarşılıqlı sual verdi: - Bəs bizimkilər necə döyüşmüşdü? Dedim, - Bir şey deye bilərəm, cəsarətlə döyüşüblər... Mənim fikrimcə, döyüş meydanını sona kimi tərk etməyən cəsarətli döyüşçüdür.
O döyüşü sizə danışıb əlbət uşaqlar. Döyüşün necə keçdiyini qələmə almısınız.

- Sizin tərəfdə qalan erməni meyitləri Qırmızıkənd uğrunda gedən döyüşdən qalanlar idi?
- Bəli.

- Qırmızıkənd döyüşünü mənə Hafiz bəy və Yalquzaq danışıb. Oxucularımıza da döyüş təfsilatı ilə məlumdur.
Bəs sonra nələr oldu, cəsədləri götürüb çıxmanız və düşmən mövqeyini tərk etməniz, hadisələr necə cərəyan etdi?
- Sizə danışmaq istədiyim çox əhəmiyyətli bir məqam daha var, ilk onu nəql etmək istərdim. Əvvəldə söz verdiyim kimi ikinci görüş gününün təfsilatlarını açıqlayacam.
Mən ilk görüş günü İsxanyana özümü baş leytenant Rəhimli kimi, gizir Muradov özünü könüllu əsgər kimi, İlqar Məmmədov tağım komandiri, mən isə rota komandiri kimi təqdim etmişdik. Onlar da adlarını başqa demişdi. Amma ikinci gün danışıqlara getdiyimizdə İşxanyan bizim üzümüzə dedi ki, sən Rəhimov, hərbi hissənin komandir müavinisən və rütbən mayordur, İlqar Məmmədova da Rəşid Muradova rütbə və vəzifələrini, dəqiq adlarını saydı, sonra Muradova dedi ki, sən Ermənistanın filan rayonunun, filan kəndindən qaçqınsan. Bu danışıqda olduqca gərgin bir vəziyyət yaranmışdı. Cəmi bir sutka ərzində bizim adımızı belə düz demədiyimiz halda haqqımızda bütün məlumat dəqiq və dolğunluğuyla İşxanyana çatdırılmışdı.
Üçüncü gün şəhidlərimizin cəsədlərini götürüb, heç bir maneə olmadan erməni mövqelərindən uzaqlaşdıq. Sağ-salamat geri dönməyimizə səbəb, düşmən də olsa, İşxanyanın mərdliyini təqdir edirəm. Bizim öldürülməyimiz problem deyildi, amma əsir götürülmə ehtimalımız yüksək idi, o da öz tərəfində mübahisələrə baxmayaraq, sözünün üstündə durdu, bizə verdiyi toxunulmamazlıq vədini yerinə yetirdi.
Sonra bizim tərəfdən də onların meyitləri qaytarıldı.
Cəsədləri qaytarıb, gətirdikdən sonra daha ağır səhnəylə üz-üzə qaldıq. Cəsədləri gözləyən valideyn və qohumlarının ürəkağrıdan ah-nalələrini görmək dəhşət idi. Bəzən bizə qarğış da deyənlər olurdu, amma biz onları anlayırdıq. Əzizini itirmiş, sonsuz acı içində olan insanı anlamaq olardı...

- Dəqiqləşdirmək üçün iki sualım var:
1. Sizin cəsədləri götürdüyünüz ərazi həmin döyüş gedən ərazi idi, yoxsa başqa yerə aparılmışdılar?
2. Ermənilər cəsədlərini necə götürdülər?
- Bizim uşaqların cəsədləri döyüş meydanında qalmışdı.
Ermənilərin meyitlərinin verilməsini bölük kamandirinə tapşırıq vermişdim, onlar əmri yerinə yetirdikləri haqqda mənə məruzə etdilər. Verilmə detallarından xəbərim yoxdur

- Fərid bəy, izninizlə sizə bir sualım daha olacaq. Dediniz ki, sizin haqıqınızda tam dəqiq və dolğun informasiya bir sutka ərzində ermənilərin əlindəydi. Mən anlamaq istəyirəm ki, sizin informasiyanı onlara kim ötürə bilərdi. Sualım belədir, sizin görüş haqqında Müdafiə Nazirliyində hansı səviyyədə məlumat vardı?
- Bu, gizli bir əməliyyat deyildi. Məlumat geniş yayılmışdı. MN-dən izin istənilməmişdi, belə əməliyyatlara izini MN-yi vermir. Amma dediyim kimi xüsusi şöbənin işçisi ilk danışıqlarda iştirak edirdi, amma onda biz özümüz də onun kimliyini bilmirdik. Bəlkə adı da şərti idi.
Həmin ərəfədə, bildiyiniz kimi, ermənilər rusların böyük dəstəyi ilə üstünlüyə malik idilər, biz canımızla dirənirdik, onlar texnika ilə irəliləyirdi. Bizdə texnika çatışmamazlığı kəskin idi. Demək istədiyim, 1994-cü il ermənilərin yaz hücum kampaniyası qanlı döyüşlərlə müşayət olunurdu. Bizim ordunun hərbi hissələri döyüşlə ərazini tərk etməyə məcbur qalırdı. İtkilər verir, şəhidlərini üzərlərinə yeriyən çoxsaylı texnikanın qarşısında çıxara bilmirdilər. Və bu səbəbdən erməni tərəfdə çoxsaylı şəhid cəsədləri qalmışdı. Onların da geri qaytarılacağı ümidi bizə bağlanmışdı. Yəni digər hərbi hissələr də bu danışıqlardan xəbərdar idi.

- Bu hansı hərbi hissələr idi?
- Rəhmətlik Fikrət Məmmədovun briqadası - 130 saylı briqadasının və 888 saylı batalyonun komandiri (O, mənim Almaniyada bölük komandirim olmuşdu - F.R.) ilə bərabər döyüşçülərinin cəsədləri Qapanlı istiqamətində qalmışdı. Hərbi hissələrdən gəlirdilər, zəng edirdilər ki, bizim də döyüşçülərin cəsədlərini çıxarın.

- Amma bu iş yarımçıq qaldı.
- Bəli...

Son söz

Beləliklə, bir il ərzində davam edən yazım bu gün sona çatır. Bu bir il ərzində gündəlik qayğılarından vaxt və imkan taparaq mənə kömək edən həmsöhbətlərimə dərin minnətdarlığımı bildirirəm. Həyatın ən ağır sınağından üzü ağ çıxan əziz veteranlarımız, xatirələrinizi danışdığınızda şəhidlər üçün necə qəhərləndiyinizə, qürurla döyüşçü yoldaşlarınızın qəhrəmanlıqlarını təsvir etmənizə və müharibənin yarım qalmasına, buraxılan səhvlərə duyduğunuz təəssüf hissinə şahid olmaq mənə çox ağır idi, amma həm də bu, mənim üçün böyük şərəf və sonsuz qürurdur! Sizi acı xatirələrinizi bir daha xatırlatmaq məcburiyyətində qoyduğum üçün məyusam, amma siz bu tarixi gələcək nəsillərə ötürməyə borclusunuz!
Biz, yazının təşəbbüskarı Mehdi bəy Cavadovla ətrafımıza daha çox veteran toplayıb, onların da xatirələrini qələmə almaq üçün çalışdıq, lakin obyektiv və subyektiv səbəblərdən onları toplaya bilmədik. Buna baxmayaraq, bir hərbi hissənin səlnaməsini yazıya köçürməyi bacardıq.
Siz tarix yazmısınız, mənsə sadəcə bu tarixi qələmə almışam…
Qarşınızda baş əyir, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyi ilə öz təşəkkürümü bildirirəm...
Könül Sərdarlı.
teref.az
772 - ci batalyon!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.