EXPO 2025 ev sahibi olacaq şəhərə və sakinlərinə nə vəd edir?

29-03-2018, 08:44           

Osaka, Yekaterinburq və ya Bakıda keçirilməsindən asılı olmayaraq EXPO 2025 qəbul edən şəhərə, onun sakinlərinə və qonaqlarına uzunmüddətli təsir göstərəcək.

Bunu Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Sərgilər Bürosunun (Bureau International des Expositions, BIE) baş katibi Visente Qonsales Lossertales deyib.

O bildirib: “Qəbul edən şəhər üçün EXPO 2025 şəhər mühitinin transformasiyasına təkan verəcək, eləcə də infrastrukturun inkişafına, şəhərin rayonlarının canlanmasına xidmət edəcək ki, bu da bütün vətəndaşlar üçün səmərəli olacaq. Tikinti, planlaşdırma, turizm və yeni sahələrin inkişafı sayəsində EXPO yüz minlərlə yeni iş yeri yaratmağa imkan verəcək və həm tədbirdən əvvəl, həm də sonra regional inkişafı stimullaşdıracaq”.

EXPO 2025-in qonaqları və yerli sakinlərə gəldikdə isə baş katib bildirib ki, bu tədbir təkcə millətlərin birliyi deyil, həm də zəruri dialoq keçirmək imkanıdır.

EXPO təşkilatçısı üçün əsas çətinkliklər

V.Q.Lossertales qeyd edib ki, EXPO-nun təşkil olunması zamanı qarşıya çıxan bir çox çətinliklər arasında mühüm əhəmiyyət kəsb edən mövzunun seçilməsi və hazırlanmasıdır:

“Cəlbedici mövzu seçməklə və bu mövzuya innovasiyalarla əsaslanmaqla EXPO öz yaradıcı gücünü nümayiş etdirir. Ona görə də əsas məsələ bəşəriyyət qarşısında dayanan çağırışlara toxunan mövzunun hazırlanmasındadır”.

EXPO-nun təşkilində vacib amillər

Baş katib qeyd edib ki, qəbul edən tərəf beynəlxalq iştirakı yüksək səviyyədə təmin etməlidir:

“Qəbul edən tərəf beynəlxalq iştirakçıları öz seçiminə uyğun dəvət edir, ölkələr isə öz məqsəd və prioritetlərinə uyğun olaraq EXPO-da iştirak edib-etməyəcəyi barədə qərar verir. Sərginin mövzusu iştirakçıların öz pavilyonlarını yaratmasının əsas meyarlarındandır. Ona görə də mövzunun hazırlanması və onun aktuallığı bir çox ölkə üçün böyük əhəmiyyət daşıyır”.

Onun fikrincə, sərgidə iştirak etmək qərarının qəbul olunmasında vacib amillərdən biri də qəbul edən tərəflə digər ölkələr arasındakı ikitərəfli münasibətlər, o cümlədən siyasi, iqtisadi və mədəni əlaqələrdir.

V.Q.Lossertales onu da əlavə edib ki, daha bir amil sərgidə iştirak etməyin dəyəridir. O vurğulayıb ki, digər amillərlə yanaşı, qəbul edən tərəfin beynəlxalq iştirakçılarla inklüziv sərginin yaradılması üçün sıx əməkdaşlığı vacibdir.

Turizmin inkişafında EXPO-nun rolu

Baş katib bildirib ki, EXPO-nun keçirilməsi turizmin inkişafı üçün vacib tramplindir:

“EXPO altı ayadək davam edən qlobal meqa-hadisə olaraq on milyonlarla ziyarətçi cəlb edir, bununla da yerli biznesin inkişafına kömək edir və gələcək turist axınına təkan verir. EXPO-nun yaratdığı cəlbedicilik, şəhərin imicinə təsiri, eləcə də bu tədbir üçün yaradılmış obyektlərin işi uzunmüddətli perpsektivdə turizm sektorunun inkişafına xidmət edir. EXPO ilə bağlı infrastruktura qoyulan investisiyalar şəhərin inkişafına böyük töhfə verir. Bundan başqa, EXPO şəhərin brendləşməsində mühüm rol oynayır və qəbul edən şəhərin beynəlxalq istirahət və işgüzar səfərlər məntəqəsi kimi formalaşmasına xidmət edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.