Karyakin: "Şəhriyar Məmmədyarovla görüşdə nəyin baş verdiyini anlamadım" - MÜSAHİBƏ
29-03-2018, 09:01
Almaniyanın paytaxtı Berlində başa çatan İddiaçılar turnirində Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovla 2-3-cü yerləri bölüşdürmüş rusiyalı şahmatçı Sergey Karyakin "Sport-Ekspress"in suallarını cavablandırıb.
"Report" həmin müsahibəni təqdim edir...
İddiaçılar turnirindəki çıxışınızı necə dəyərləndirərdiniz?
- Əlbəttə, turnirə Moskvadakı kimi başlamaq istəyirdim. Amma Berlində başıma gələnlər 4 il əvvəl Xantı-Mansiyskdə yaşadıqlarıma bənzədi. Mahiyyətcə eyni səhvi təkrarladım. Yarışın startında heç-heçəlik vəziyyətdə Şəhriyar Məmmədyarova uduzdum. Nə baş verdiyini, nədən belə alındığını anlamadım. Eyni əsəblər, eyni məsuliyyət. Yumşaq desəm, klassik şahmatda uğursuz il keçirmişdim. Sübut etmək istəyirdim ki, əsas yarışda, nəhayət, toparlanacağam.
Bəlkə hazırlıq zamanı səhvə yol vermişdiniz?
- Şotlandiyada 3 həftəlik əla təlim-məşq toplanışı keçirmişdim. Elə görünürdü ki, turnirə tam hazıram. Lakin birdən-birə belə bir şey alındı. Bununla belə, ikinci dövrədə Kramnik önündə duruş gətirdim. Dördüncü oyunumda isə debüt fəlakəti təkrarlandı. Gediş ardıcıllıqlarında səhvlərə yol verdim və faktiki olaraq, debütdən ümidiz vəziyyətə düşdüm. Dörd turdan sonra -2 başlanğıcı ilə başlayan hər kəs əldən düşər.
Özünə gəlməyinə nə kömək etdi?
- Növbəti turda normal oynamağa başladım. Qara fiqurlarla iki rahat oyun keçirdim ki, bu da mənə özünəinam verdi. Sonra isə bəxt amili sözünü dedi. Uesli So bərabər partiyada səhvə yol verdi və məhz bu qələbə mənə lazım idi. Özümü yenidən hazırladım, istirahət etdim. İkinci dövrəyə isə Xantı-Mansiyskdəki kimi başladım. Dörd il əvvəl də ikinci dövrəyə məhz Kramnik üzərində qələbə ilə başlamışdım.
Bu qələbədən sonra birinci olmağa gücünüzün çatacağına inanırdınız?
- Bundan sonra plan belə idi: qara fiqurlarla heç olmasa, Qrişuk və ya Aronyanla görüşdən qalib ayrılım, sonra isə Karuananı sıxışdırım. Bu plan 100 faiz işlədi. Beşinci turdan etibarən əsəblərimlə bacardım və yaxşı oynadım.
Birinci yeri tutmaq üçün nə lazım idi?
- Yekun nöqtəni qoymaq lazım idi. Belə göründü ki, mən mümkünsüzü etdim. Sonuncu yerdən birinci pilləyədək gəldim. Əsas rəqibimi yendim. Elə görünə bilərdi ki, Fabiano nokdaundadır. Lakin o, son turlarda əla oynadı. Əlbəttə, məni o qədər də yaxşı formada olmayan Aronyanın Karuana ilə hətta mübarizəyə cəhd belə etməməsi məyus etdi. Sonuncu turdan öncə isə qarşımda çox çətin hədəf dururdu. Berlində bir dəfə də uduzmayan Din Lijeni yenməli idim. Rəqiblərimi izləmək üçün çox qapalı varianta əl atdım. Bu zaman az qala özüm məğlub olacaqdım. Hərçənd, qələbə də təmiz ikinci yerdən başqa heç nə verməyəcəkdi.
Qarşıdakı planlarınız nədən ibarətdir?
- Bu gündən etibarən növbəti İddiaçılar turnirinə vəsiqə qazanma planına əməl etməyə başlayacağıq. Ən yaxın müddət üçün əsas məqsədim 2800 reytinq xalına çatmaqdır. Ötən şahmat tacı uğrunda matçın iştirakçısı olsam da, bu hədəfə nail olmamışam. Ən yüksək reytinqim 2788 bal olub.
Yəni, İddiaçılar "8-liy"inə reytinq hesabına düşməyi planlaşdırırsınız?
- Bəli. Çox istərdim ki, bunu öz gücüm hesabına edib, Dünya Kuboku və Qran-pri kimi turnirlərə saxlamayım. Özümə əminlik hiss etmişəm. İndi isə bunu həyata keçirmək lazımdır. 27 yaşım var, gücüm yetərincədir, hamıya mübarizə aparmağa qadir olduğumu göstərmişəm. Rusiyada birinci olmaq və dünyada nəinki "5-liy"ə, hətta "3-lüy"ə düşmək lazımdır.
Ən yaxın perspektiv üçün nə düşünürsünüz?
- Aprelin ikinci yarısında bizi Şəmkirdə superturnir gözləyir. Orada bütün güclülər, o cümlədən, Maqnus Karlsen çıxış edəcək. Yəni, mənim üçün heç bir istirahət olmayacaq. Evdə olduğum iki gün ərzində Şəmkirə hazırlaşmalıyam. Mənim üçün yeni dövr artıq başlayıb.