Azərbaycan vətəndaşlarının ayda 2 dəfə İrana buraxılması məsələsinə aydınlıq gətirildi
21-04-2015, 18:11
Azərbaycan vətəndaşlarının İrana hər 15 gündən bir buraxılması barədə Biləsuvar gömrük məntəqəsinin yeni qaydaya keçməsinə dair yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, bəzi KİV-lər məlumat yayıblar ki, Biləsuvar gömrük məntəqəsi yeni qaydaya keçib. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana hər 15 gündən bir buraxılırlar. Əvvəllər hər bir Azərbaycan vətəndaşına İrana həftədə bir dəfə getməyə icazə verirdilər. Astara keçid məntəqəsi də yeni qayda ilə işləməyə hazırlaşır. Burada da Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.
Xatırladaq ki, İran 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanlılar keçid məntəqələrində viza olmadan xarici pasportu təqdim etməklə İrana keçə bilirlər.