İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır - İran rəsmisi dedi

22-04-2015, 13:24           
İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır - İran rəsmisi dedi
İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycan idarəsinin rəisi Məhəmməd İbrahimi AZƏRTAC-a müsahibəsində deyib.

M.İbrahimi bildirdi ki, İranın Qərbi Azərbaycan vilayəti (Ostandarlığı) Türkiyə, İraq və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. İranın xarici siyasətində qonşu dövlətlərlə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi prioritet istiqamət təşkil edir. Odur ki, biz Azərbaycanla münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivliyini artırmağa çalışırıq. Bu səfərlər zamanı müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilir. İranın Qərbi Azərbaycan Ostandarlığının ostanı Qurbanəli Səadətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov arasında şəxsi dostluq əlaqələri yaranıb. Bu, xalqların və dövlətlərin qarşılıqlı münasibətlərinin inkişafına böyük təkan verir.

Bir neçə dəfə Naxçıvanda səfərdə olduğunu nəzərə çatdıran M.İbrahimi buradakı ictimai-siyasi sabitliyi və iqtisadi inkişafı xüsusi vurğuladı. Qeyd etdi ki, Naxçıvanın və Qərbi Azərbaycan Ostandarlığının iqtisadi potensialı geniş əlaqələr qurmağa imkan verir. M.İbrahimi təmsil etdiyi vilayətdə 30 şirə fabrikinin, 4 sement zavodunun, maşınqayırma sənayesinin mövcudluğunu bildirərək dedi ki, bu, iqtisadi əməkdaşlığın artırılması üçün yaxşı zəmindir.

Bəzən xarici mətbuat səhifələrində İran-Azərbaycan münasibətlərinə dair neqativ məqalələrin dərc edildiyinə toxunan M.İbrahimi dedi: Bu kimi hallara əhəmiyyət vermək lazım deyil. Biz dini və milli adət-ənənələri bir olan xalqlarıq. Münasibətlərimiz də səmimi xarakter daşıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.