Nardaran kəndi son qərarını verdi: meydan boşaldılır, hamı evə dağılır…
30-11-2015, 04:03
Nardaran sakinləri bu gün qəsəbədəki Hüseyniyyə (“İmam Hüseyn”) məscidində toplaşaraq müzakirələr aparıblar. Müzakirə edilən əsas məsələ meydanın boşaldılıb-boşaldılmamsı ilə bağlı olub. Müzakirələrdə səsləndirilən əsas təklif meydanı boşaltmaq ve evlərə qayıtmaq olub.
Sonda meydanın boşaldılmasına qərar verilib. Nardaran sakinləri meydanı tam boşaltmağa, evlərə qayıtmağa qərar veriblər. Kənd ağsaqqalları çıxışlarında bildiriblər ki, hökumətin təklifi dəyərləndirilməlidir. Onların sözlərinə görə, hökumətdən gələn təklif “İmam Hüseyn” meydanın boşaldılması və cənazələrin geri qaytarılmasıdır.
Kənd ağsaqqalları bildiriblər ki, meyitlər verildikdən sonra 5 nəfər kənd ağsaqqalı hökumət nümayəndələri ilə danışığa gedəcək.
“Yeni Müsavat” bildirir ki, “İmam Hüseyn” meydanı boşaldıldıqdan sonra kənd ağsaqqalları hökumətin işıq, su məsələsini həll edəcəyini, yollarda qurulan postların götürüləcəyini ümid edirlər. ANS PRESS xatırladır ki, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. İnsident zamanı ölən və yaralananlar olub. Hadisədən sonra Azərbaycan respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu məsələ ilə bağlı məlumat yayıb.
Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar.
Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.
Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib. Daha bir neçə nəfəri yaralanıb.
Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.