Rusiya dövlətinin törətdiyi qətllər sıradan hüquq mühafizə orqanlarının özbaşınalığı ola bilməz - Bu hadisənin qlobal aləmdə baş verənlərdən kənar olması da inandırıcı deyil.

Bu gün, 12:34           
Rusiya dövlətinin törətdiyi qətllər sıradan hüquq mühafizə orqanlarının özbaşınalığı ola bilməz -
İmperiyaların mahiyyəti eynidir. Bütün imperiyalar öldürən, qandan qidalanandır. İmperiyalardan ədalət gözləmək axmaqlıqdır.
Rusiyada azərbaycanlılar hüquq mühafizə orqanları tərəfindən qətlə yetirilib və çoxlu sayda soydaşımız həbs edilib. Rusiya təkcə azərbaycanlıları öldürüb? Qətiyyən! Qətlə yetirilən şəxslər həm də Rusiya vətəndaşlarıdır. 1937-ci ildəki represiya zamanı da ruslar postsovet məkanındakı xalqların nümayəndələrini ya güllələdi, ya da sürgünə yolladı. Ancaq elə ən çox rusları buna məruz qoydu. Yəni, imperiya seçmir! Bir neçə gün əvvəl də səhv etmirəmsə, özbəkləri əzirdilər, vəhşicəsinə!
Təbii ki, Azərbaycan ictimayyəti son baş verən proseslə bağlı Rusiyaya od püskürür. Əcəb də edir. Ancaq bu işin də bir əmması var. Azərbaycan ictimayyəti, bu məsələyə etiraz edənlərin bir çoxu rus dilini Azərbaycan dilindən daha yaxşı bilir. Ancaq rus dilində hansısa yazıya rast gəlmədim. Azərbaycan ictimayyətinin yazdıqları ümumi bir deloya qoyulacaq, bizi söyürlər deyiləcək, bunlar kiminsə qarşısına gedəcək, o da biraz vərəqləyib, harasa atacaq. Dinəndə deyirik ki, Rusiyada 3 milyon azərbaycanlı yaşayır. Hər şəhərdə də diaspora təşkilatlarımız mövcutdur. Hansısa birinin etiraz etdiyini görürük? 3 milyon azərbaycanlının Rusiyada ciddi bir jurnalistinə rast gəlmirik. İsteadı olanlar da diaspora-diaspora gəzib, pul yığmaqdan başqa bir işə yaramır. 3 milyon azərbaycanlı bir deputat, nə bilim, bir politoloq, bir hərbi ekspert çıxara bilmir.
Azərbaycanlılara divan tutulması ilə bağlı Azərbaycan mediası Azərbaycan rus icmasının sədri Mixail Zabelindən fikir öyrənmək istəyib. O da təbii ki, yola verib. A kişilər, antiterror əməliyyatlarından əvvəl ruslar Ağdərədə, daha sonra da Xankəndində rus icması yaratmışdı. O vaxt yazırdım ki, Zabelin çıxıb cavab versin görək, bir ölkənin ərazisində iki rus icması necə olur, necə olacaq? Ona cavab verməyən Zabelin Rusiyadakı prosesə cavab verəcək? Sual verməli, cavab alınmalı şəxslərdən biri atası SSRİ xalq artisti olmuş, özü 18 il Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğludur. Sual verilməli adamlar Rusiyada diasporalarda sədrlik uğrundan savaş aparan, bu savaşı Azərbaycan mediasına daşıyıb, pullar tökən şəxslərdir. Diaspora təşkilatlarının mahiyyətcə işi Novruz bayramı, şəkərbura, paxlava, kosa-kosadan o yana keçmir. Yaşadığın, vətəndaşı olduğun ölkənin ictimai-siyasi həyatında rol oynamırsansa, güc ola bilmirsənsə, bir gün illərlə yığdığın milyonunu, var-dövlətini əlindən alarlar, sabah da həmyerlinin canını, mık da edə bilməzsən. Ancaq obyekt üstündə lazım gəlsə Putinə qədər adam tapıb çıxa bilərsən.
Ölkədə də beləyik. Normal cəmiyyət qurmaq varkən, əlini bu yöndə daş altına qoymaq varkən, baxırsan özünə ağıllı, savadlı deyən adamlar pofosdan döşəyib, basıb-bağlamaqla məşğuldur. Cənubdakı soydaşlarımız yadellilərə qarşı döyüşür, burdan deyirlər, gəlin bizə birləşin. Sən ona səslənməməlisən gəlin birləşək, elə cazibədar olmalısan ki, o sənə birləşmək üçün can atmalıdır. Qarabağa qayıtmağa da fərqli baxıram. Gedib Qarabağda yaşayanda zəng edib, əsgər yoldaşıma, dostuma, tanışıma deməməliyəm "gəl 1 həftə burda dincəl, yeyək, içək, dağları, bulaqları gəzək". Deməliyəm, orda niyə oturmusan, burda iş xirtdəkdəndir, qazancı da ordakından 3 dəfə çox, gəl burda yaşa! Guya burdan Rusiyaya, yaxud Avropaya gedən azərbaycanlılar başqa cür gedib? Hamısı daha yaxşı qazanc üçün gedib də.
Bəzən hədəf axtarırıq. Birinci hədəf əldə etdiklərini qoruyub saxlamaq olmalıdır - müstəqillik, suverenlik, Qarabağ! Baş verən prosesləri ciddiyə almalıyıq, ancaq bizimkilər Təbrizə qoşun yeritməkdən dəm vurur, Rusiyanı parçalayır, Xameneini istefaya səsləyir, Türkiyə ordusunu Azərbaycana dəvət edir. Özün güc olmalısan, güclü olmalısan. Bu regionda başqa variantın yoxdur! Bəziləri var, Rusiyaya şovinistlikdə ittiham edir, sonra da elə bilir ki, bu sözü deməklə böyük risk edir, öyünür. Ruslara şovinist deməklə, öz məmuruna rüşvətxor demək arasında fərq yoxdur. Niyə? İkisinin də buna immuniteti var.
Rusiya əleyhinə yazılan yazılara baxıram. Bir çoxları hətta Putini Stalindən daha çox qəddar olmaqda ittiham edirlər. Oxumayıblar! Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələrini oxusalar, Stalinin öz xalqına qarşı necə terror törətdiyini bilərdilər. Yuxarıda yazdım axı, imperiyalar mahiyyətcə eynidir. Rəhbərləri də! Pyotur necə qandan qidalınıbsa, Stalin necə qandan qidalınıbsa, Putin də elə qandan qidalanır, sabah onun yerinə gələcək də elə olacaq.
Bəzən söz xətrinə, mən də varam deyə nələrsə yazırıq, pozuruq. 6-7 ay bundan öncə Azərbaycanın sərnişin təyyarəsi vuruldu. İçində nəinki Azərbaycan, elə Rusiya vətəndaşları da vardı. Nəticə? Oxuduğum yazılardan birində belə bir qeyd vardı "redaktorumuz təyyarəmizi vur əmri verən komandirin ad soyadını bilir". Sonra? Nə oldu? Xocalı soyqırımını törədənlərdən 100-dən çoxunun ad soyadına, ev ünvanına qədər bilirdim. Nə oldu? ADNA-dakı terroru kim törətmişdi? Rusiya deyildi?
Bu qədər yazılar yazılır, qonşular tərəfdən ciddiyə alınan media qurumu yoxdur. İstinadı da media qurumlarına yox, fərdi jurnalistlərə edirlər.
Təyyarəmizin vurulmasının sonunu yaxşı xatırlayıram, xatırlayırıq. Qan-qan deyən jurnalistlərimiz, baş redaktorlarımız söhbəti hərləyib, fırlayıb gətirdilər Ramiz Mehtiyevin üzərinə. Kənardan baxan da elə bilərdi ki, təyyarənin koordinatını Elmar Məmmədyarov verib, düyməyə də Ramiz Mehtiyev basıb. Bu istedad yoxsullarının prosesi gətirib yenə bura çıxaracağına şübhə yoxdur.
Çoxları İsrailin İranı bombalamasının qazına gəlib, eyforeyalarını yaşayanda, ağlı başında olan adamlar düşünürdü, yazırdı, deyirdi ki, qonşudakı yanğının bir zərəri olacaq. İran və Rusiya Cənubi Qafqazı cəzalandıracaq, bu yöndə addımlar atacaq.
Rusiya dövlətinin törətdiyi qətllər sıradan hüquq mühafizə orqanlarının özbaşınalığı ola bilməz. Bu hadisənin qlobal aləmdə baş verənlərdən kənar olması da inandırıcı deyil.
Səxavət Məmməd
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.