Milli Mclisin YAP-dan olan üzvlərindən kimlər seçilməyəcək

28-04-2015, 10:56           
Milli Mclisin YAP-dan olan üzvlərindən kimlər seçilməyəcək
"Yeni Azərbaycan Partiyası(YAP) qarşıdan gələn parlament seçkiləri öncəsi dairələr üzrə apardığı monitorinqlərin ilkin mərhələsini yekunlaşdırıb. Hakim partiyanı yerlərdə təmsil edən millət vəkillərinin seçicilər arasında reytinq göstəricilərini müəyyən etmək məqsədilə keçirilən monitorinqlərin nəticəsi bir sıra deputatların mandatı ilə vidalaşmasına səbəb ola bilər".

Bu barədə xəbər Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Mənbə qeyd edir ki, Azərbaycanda keçirilən bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq seçki yarışının favoriti olan YAP V çağırış parlament seçkilərinə daha da güclü namizədlərlə qatılmağı hədəfləyir: "Yerlərdə keçirilən reytinq monitorinqlərinin də məqsədi budur. Hakim partiya bundan öncəki seçkilərdə bir sıra namizədlərə böyük şans tanımışdı. Onlar YAP-ın partiya olaraq yerlərdəki nüfuzu, xalq arasıdakı etimadı hesabına millət vəkili seçilmişdilər. Lakin bundan sonra əsas vəzifə həmin deputatların üzərinə düşürdü. Onlar öz fəaliyyətləri ilə seçicilər arasındakı reytinqlərini daha da yüksəltməli və dolayısı ilə partiyanın yerlərdəki gücünə güc qatmalıydı. Ancaq Yeni Azərbaycan Partiyasının yerlərdə apardığı monitorinqlərin ilkin nəticələri bəzi dairələr üzrə bu gözləntiləri doğrultmayıb".

Mənbə bildirib ki, aparılan monitorinqlər aşağıda qeyd olunan dairələri təmsil edən deputatların seçicilər arasındakı reytinq göstəricilərinin olduqca aşağı olduğunu üzə çıxarıb: "Yeni Azərbaycan Partiyası yerlərdən gələn reytinq göstəricilərini ciddi şəkildə təhlil edir. Bu monitorinqlərin ilkin mərhələsidir. Əgər yekun dəyərləndirmələr zamanı da eyni nəticələr qeydə alınsa, seçicilər tərəfindən dəstəklənməyən aşağıdakı hazırki deputatlar qarşıdan gələn parlament seçkilərində partiyanın namizədləri siyahısında yer almayacaq."


Hakim partiya Milli Məclisdəki komandasına əl gəzdirir...

Ağalar Vəliyev-11 saylı Qaradağ seçki dairəsi
Leyla Abdullayeva-41 saylı Sumqayıt birinci seçki dairəsi
Xanlar Fətiyev-39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
Tahir Süleymanov-54 saylı Şabran-Siyəzən seçki dairəsi
Arif Əşrəfov-55 saylı Xaçmaz şəhər seçki dairəsi
Fərhad Qəribov-57 saylı Kürdəmir seçki dairəsi
Əsabil Qasımov-79 saylı İmişli seçki dairəsi
Ərəstun Cavadov-87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
Rafiq Məmmədhəsənov-104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
Nazim Fərəcov-121 saylı Laçın seçki dairəsi
İmamverdi İsmayılov-125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov hələ yanvar ayında Trend-ə verdiyi müsahibədə parlament seçkilərində partiyanın namizədlərinin tərkibində dəyişikliklərin olacağının anonsunu vermişdi.

"Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək"-deyə, deputat qeyd etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.