ABŞ-ın Bakıdakı səfirliyi Putinə CAVAB VERDİ
28-04-2015, 18:15
“Biz bu iddiaları qətiyyətlə rədd edirik. Rusiya prezidenti cənab Putinin dedikləri bizim və tərəfdaşlarımızın bu haqda düşündüklərindən kardinal şəkildə fərqlənir.
Bizim bir çox məsələlərdə, o cümlədən raketdən müdafiə sistemləri, Krımın ilhaqı cəhdləri, Rusiya qoşunlarının Ukraynanın şərqində yerləşdirilməsi və s. məsələlərdə fikir ayrılıqlarımız var”.
Bunu virtualaz.org saytının Rusiya prezidenti Vladimir Putinin ABŞ kəşfiyyatı haqda son açıqlamalarından biri ilə bağlı sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, V.Putin bu barədə “Rossiya-1” telekanalı ilə nümayiş olunan “Prezident” filmindəki çıxışında bildirmişdi.
O, belə demişdi: “Bir dəfə Rusiya xüsusi xidmət orqanları Şimali Qafqazdakı yaraqlılarla ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələri arasında olan birbaşa təmasları qeydə almışdı. Orada onlara real olaraq hətta nəqliyyat vasitələri ilə də yardım edirmişlər”.
Putin demişdi ki, bu barədə ABŞ prezidentinə məlumat verib. ABŞ prezidenti isə cavabında bildirib ki, “mən onların cəzasını verərəm”.
“Lakin mənim tabeliyimdə olan şəxslər - Federal Təhlükəsizlik Xidmətinin rəhbər işçiləri 10 gündən sonra Vaşinqtondakı həmkarlarından bu məzmunda məktub aldılar: “Biz Rusiyanın bütün müxalif qüvvələri ilə əlaqə saxlayırıq və saxlayacağıq. Hesab edirik ki, düzgün edirik və gələcəkdə də belə edəcəyik”” - deyə Putin bildirmişdi.
Rusiyanın dövlət başçısı onu da vurğulamışdı ki, geosiyasi problemləri həll etmək üçün terrorçuları dəstəkləmək məqbul yol deyil.