Emin Hüseynovun Azərbaycana uzatmaq istədiyi təxribat əli
30-10-2020, 17:17

Emin Hüseynovun Azərbaycana uzatmaq istədiyi
27 sentyabrda başlayan Vətən müharibəsi həm də ölkəyə düşmən münasibətdə olanların üzə çıxması üçün gözəl şərait yaratdı.
Ölkədən gedənlər və ölkədən getməli olanlar arasında torpaqlarmızın işğaldan azad edilməsi uğrunda başlayan müqəddəs savaşa da “dollar, mühacirət, status donu” geyindirmək istəyənlər tapıldı və onların varlığı əslində heç kəsi təəccübləndirmədi.
Məsələn, Azərbaycanın artıq çoxdan imtina etdiyi, amma buna baxmayaraq, sosial şəbəkələrindəki çıxışlarında “Azərbaycandan olan jurnalist”, “hüquq müdafiəçisi” olduğunu deyən Emin Hüseynov özünü və üzünü ötən bir ayda cəmiyyətə o qədər yaxından tanıtdı ki, bundan sonrakı ömründə özü bu tanışlıqdan heç də məmnun qalmayacaq. Müharibə başlayan ilk günlərdən bəri buna torpaqlarımızın işğaldan azad edilməsi üçün 30 illik gözləntinin sonucundakı müqəddəs vəzifə kimi yox, pay aldığı dairələrin sifarişi ilə ən müxtəlif don geyindirən Emin Hüseynov bu gün sosial şəbəkədə bəlkə də ən çox təhqirə, söyüşə məruz qalan şəxsdir.
Təbii ki, siyahıda zaman-zaman başqa adlar da peyda olur (məsələn, Azərbaycanda muzdluların döyüşdüyünü ciddi cəhdlə sübut etməyə çalışan və buna görə eşitdiyi adi tənqidə belə blokla cavab verən Arzu Qeybulla kimi), ancaq Emin Hüseynovun daha çox düşmən tərəfin əlinə “işləyən” canlı yayınları hər kəsi kölgədə qoyur.
Söylədiyi təxribat xarakterli cümlələrdən sonra “Bu, mənim subyektiv fikrimdir" deyərək özünü sığortalamağa çalışan E.Hüseynov müharibənin hələ ikinci həftəsində tərəflərin canlı itkilərini müzakirəyə çıxarmışdı. Və Azərbayan tərəfini itkini gizlətməkdə ittiham edirdi. Öz məntiqi ilə hücum edən tərəf kimi Azərbaycanın daha çox canlı qüvvə itirəcəyini söyləyən Hüseynov erməni tərəfinin azərbaycanlı şəhidlər barədə yalan xəbərlərindən az qala mötəbər mənbə kimi istifadə edəcəkdi, ancaq yarıyolda fikrini dəyişdi və bu məlumatın onda da şübhə yaratdığını dedi. Bununla belə, şəhidlərlə bağlı fikirləri ilə “öz mötəbər mənbəyi” olan ermənidən heç də geri qalmayan davranış sərgiləyirdi.
Növbəti müzakirələrində müharibədə itkilərin sayının açıqlanmamasını daha çirkin məqsədlə əlaqələndirməyə cəhd etdi. Onun məntiqinə görə, buna şəhid olanların ailələrinə ödəniləcək 11 min manatın verilməməsi niyyəti əsas ola bilərdi. Təbii ki, müharibə gedirsə, itkilərin, yaralıların olması mütləqdir, bunu övladını döyüşə göndərən ana da bilir, cəbhəyə könüllü yola düşən vətəndaş da.
Bu iddia “tutmayanda” ortaya başqa təxribatçı mövzu atdı- Ermənistanda bu vəsait daha çoxdur. Başqa sözlə, torpaq sevgisini və vətən borcunu rəqəmlərlə eyniləşdirməyə cəhd etməklə, “ucuz ölməyin” qəbildən “dərs verməyə” qalxdı.
Özünü hüquq müdafiəçisi adlandıran şəxsin bunun mümkünlüyünü iddia etməsinin nə qədər dayaz düşüncə olduğunu bir tərəf qoyuruq. Amma bizim bir tərəfə qoyduğumuzu sosial şəbəkə istifadəçiləri asanlıqla bir tərəfə qoya bilmədilər və vətənin azadlığı uğrunda 30 ildən sonra başlayan mübarizəni öz cılız düşüncəsinə yerləşdirə bilməyən bu şəxsə ürəklərindən keçənləri ərmağan etdilər. Söydülərmi? Söydülər. Təhqir etdilərmi? Təhqir etdilər. İnsanlar özləri kimi davrandı, hislərini gizlətmədilər. Hər bir sözü, sətrialtı və üstü məqamlarla dolu cümlələrlə müqəddəs savaş aparan ölkədə- övladını “düşməni tar-mar et” deyə müharibəyə yola salan atanın, dağdan ağır şəhid tabutuna çiyinlərini verən ananın ölkəsində təxribata cəhd olan bu şəxsi elə canlı yayımdaca susdurmağı bacardılar.
Emindən fərqli olaraq, sadə azərbaycanlılar alver etməyi bacarmır. Onlar üçün vətən, torpaq, şəhid alver predmeti deyil və olmayacaq da. Emindən fərqli olaraq, onlar dediklərində kimlərinsə planlarını icra etmir, ağlından və ağzından çıxana ancaq özləri məsuliyyət daşıyır və bəzən hətta bu məsuliyyəti belə kənara qoyaraq, ölkədəki birliyə təxribat qatmağa çalışanları yerində susdurmağı bacarırlar.
Bu xalq döyüşməyi bacarır, istər döyüş meydanında, istər Emin kimilərlə. Emin isə özü kimilərinin ən çox sevdiyi kəlmələrdən olan “vətəndaş mövqeyini” qarşısında görəndə, təxribat cəhdlərinə təmkinlə olduğu qədər təhqirlə, söyüşlə cavab alacağından da əmin olmalı idi. Bəlkə ona da elə bi lazımdır?