“Cənub korpusu və Xankəndi alayı məhv edilib… Şuşa yaxınlığında necə peyda olublar?” - Köçəryan (ƏTRAFLI)

5-12-2020, 11:17           
“Cənub korpusu və Xankəndi alayı məhv edilib… Şuşa yaxınlığında necə peyda olublar?” - Köçəryan (ƏTRAFLI)
“Bu müharibədə qalib gəlmək və ya ən azından daha əlverişli şərtlərlə sənəd imzalamaq mümkün idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan dekabrın 4-də Ermənistanın “5-ci kanal” televiziyasına verdiyi müsahibəsində bildirib.

O qeyd edib ki, Aprel döyüşlərindən sonra gələcəkdə hansı xarakterli müharibənin olacağı bəlli idi.

“Niyə biz ümumiyyətlə bənzər müharibəyə hazır deyildik, bunun necə olacağı hamı üçün aydın idi, elə deyil? Bəyan edirdilər ki, hava tamamilə bağlanıb: məlum oldu ki, Azərbaycan Hərbi Hava Qüvvələri, PUA-ları üçün hava tamamilə açıqdır. İndi edilmiş səhvlər, yeri gəlmişkən, hərbçilər tərəfindən də səsləndirilib. Biz bu iki il yarım müddət ərzində həqiqətən də havanı bağlamağa tamamilə çalışmamışıq”, - deyə Köçəryan qeyd edib.

O bildirib ki, Paşinyanın göstərişi ilə icra edilmiş şübhəli əməliyyatda cənub korpusu və Xankəndi alayı məhv edilib.

Ermənistanın ikinci prezidentinin sözlərinə görə, müharibə günlərində Ermənistanda insanlara hər gün yalan deyilib: “Müharibə günlərində xalqımıza hər gün deyilən yalan Qarabağda, Ermənistanda, ön xətdə müharibəyə qarşı təsəvvürlərdə elə bir uçurum yaratdı ki, bu, sadəcə ordumuzu məhv etdi. Bu müharibədə xalqımız məğlub olmayıb, Baş nazirimiz məğlub olub”.

Köçəryan qeyd edib ki, Ermənistanın ən ciddi problemlə üzləşdiyini başa düşmək üçün ona iki gün kifayət edib.

“Bizim ən ciddi problemin qarşısında dayandığımızı və ciddi güzəştlərlə olsa da, bir an öncə bu müharibəni dayandırmaq lazım olduğunu baş düşmək üçün mənə sadəcə iki gün kifayət etdi. Mən həm Arkadi Qukasyan, həm də Bako Sahakyanla bəzi ideyaları paylaşdım və Bako Sahakyan Arayik Harutyunyanla görüş təklif etdi. Mənim Arayik Harutyunyana qarşı heç vaxt rəğbətim olmayıb, amma, bununla belə, mövcud vəziyyətdən çıxış edərək hesab etdim ki, bəli, həm narahatlıqları, həm də bu vəziyyətdə nə etmək lazım olduğu ilə bağlı bəzi təklifləri fəaliyyətdə olan “prezident”lə bölüşmək lazımdır. Yeri gəlmişkən, məğlubiyyətin səbəblərindən biri də sınaqdan keçmiş, müharibə keçmiş, uğurları olmuş komandirlərin neytrallaşdırılması idi”, - deyə o bildirib.

Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunmasına toxunarkən Ermənistanın ikinci prezidenti qeyd edib ki, təkcə Şuşanın təhvil verilməsi yox, həm də rəqibin Şuşa yaxınlığında necə peyda olması onun üçün anlaşılan deyil: “Cəbrayıldan pikaplarla, ayaqla daxil olublar, Hadrutu ələ keçiriblər, oradan Füzuliyə daxil olublar, Füzulidən Tuğ kəndini, Böyük Tağları ələ keçiriblər, Xocavənd rayonunun Şexer kəndinə, Əsgəran rayonuna keçiblər, Çanaqçı və ətraf kəndlərlə Daşaltıya çatıblar. Bu, təxminən iki həftədən artıq sürüb və bu müddət ərzində heç bir yerdə, hər hansı yerdə yeni təbii xətt inşa edilməyib, dayandırmayıblar, hansısa kiçik qüvvələrlə orada nəsə etməyə çalışırdıq”.

Onun sözlərinə görə, müharibəni dayandırmaq üçün bir beçə dəfə imkanlar olub.

“Rusiya prezidenti Vladimir Putin bir epizod haqqında danışdı, amma əminəm və bilirəm ki, müharibəni dayandırmaq üçün bir neçə dəfə imkanlar olub”, - deyə sabiq erməni prezident vurğulayıb.

O bildirib ki, Ermənistan ordusu hərbi texnika baxımından böyük itkilər verib: “Faizlər haqqında danışmaq istəmirəm, son zamanlarda insanlar səsləndirirlər. İnsanları qorxutmamaq üçün bu barədə danışmaq istəmirəm. Aydındır ki, öz qüvvələrimizlə bütün bunları aradan qaldırmaq və döyüş qabiliyyətli orduya sahib olmaq imkanına malik deyilik. Bu gün bizim ordumuz belə yoxdur ki, Sünikdə sərhədi qorusun. Kəndlilər “xalq ordusu” ilə, kişilərlərlə birləşərək dövlət sərhədini qoruyurlar. Hökumətimiz haradadır? Azərbaycanlılar o tərəfdən gəlirlər, sərhəd çəkirlər, bizim tərəfdən kimsə yoxdur ki, danışıq aparsın, desin ki, bu tərəfdən deyil, bu, o tərəfdir. Bunu kənd başçısı edir. Bu, hökumətdir?”.

Köçəryan həmçinin deyib ki, vəzifəsindən azad edilmiş Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri sona qədər Arayik Harutyunyanın yanında qalıb və kiməsə hər gün məruzə edib.

Ermənistanın ikinci prezidenti deyib ki, xalq hakimiyyəti xalqı diz çökdürüb.

Tavuşda bizim tərfimizdən təhrik edilmiş sərhəd konflikti bu müharibəni qaçılmaz etməyin səsəblərindəndir”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, Şuşa heç vaxt danışıq paketində olmayıb.

Sabiq erməni prezident bildirib ki, bu gün ermənilər müdafiə olunmuş deyil: “Bu gün biz müdafiə olunmuş deyilik və ikinci zərbəni almaq təhlükəsi, bəli, var”.

“Kapitulyasiyadan sonra hamı barəsində çox az adamın, o cümlədən mənim 2,5 il ərzində danışdıqlarımız haqqında çox aktiv şəkildə danışmağa başladı. Mən hesab etdim ki, cəmiyyətin müharibə haqqında həqiqəti tam şəkildə bilməsi üçün bir az zaman lazımdır, bundan sonra mənim sözüm daha obyektiv və bəlkə bir az da analitik olacaq. Təəssüflər olsun, minlərlə itkilər, həmçinin vətənin 1/3-nin itirilməsi lazım idi ki, cəmiyyət bu acı həqiqəti başa düşsün, acı həqiqət isə odur ki, qondarma xalq hakimiyyəti öz xalqını diz çökdürdü”, - deyə Robert Köçəryan vurğulayıb.

Köçəryanın sözlərinə görə, Ermənistan hakimiyyəti hər şey edib ki, müharibə qaçılmaz olsun.

Alpər Mövludoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.