Qubad İbadoğlu yenə Azərbaycanın yox, ABŞ-ın tərəfini tutdu
2-05-2015, 21:21
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu son zamanlar Azərbaycan rəsmilərinin, rəsmi, iqtidaryönümlü və müstəqil mediasının ABŞ-la bağlı tənqidi çıxışlarına münasibət bildirib.
Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, son günlərdə ABŞ-a qarşı Azərbaycan mətbuatının fasiləsiz olaraq tirajladığı ittiham dolu yazıların məntiqini başa düşə bilmir: “Ona görə ki, birincisi, Azərbaycan kimi yeni suveren dövlətlərin müstəqillik əldə etməsində və bu vacib dəyərin bu günə kimi qorunub saxlanılmasında ABŞ-ın əvəzsiz rolu olub. İkincisi, ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını dəfələrlə bildirib. Hətta, bu günlərdə də ABŞ Dövlət Departamenti mayın 3-də qondarma Qarabag Respublikasında keçiriləcək seçkilərin nəticələrini qəbul etməyəcəyini də bəyan etdi.
Nəhayət, ABŞ-da gücü yəhudi lobbisindən çox da az olmayan erməni diasporunun davamlı təzyiqlərinə baxmayaraq uydurma "soyqırım" ABŞ Senatının gündəliyinə belə daxil edilmədi.
Ən başlıcası isə indiki şəraitdə ABŞ kimi fövqəl qüvvəni inkar edən Azərbaycan yerləşdiyi bölgədə geosiyasi vəziyyətin gərginləşdiyi və Rusiyanın təzyiqlərinin artdığı bir zamanda ikiqütblü xarici siyasətini necə və nə ilə balanslaşdıracağı xeyli suallar doğurur”.
Onun fikrincə, Azərbaycanı regionda fərqləndirən tarazlı xarici siyasətinin bir qütbündə ABŞ dayanmasaydı, yəqin ki, Rusiya Azərbaycanı çoxdan özünküləşdirmişdi.
“Məgər, Qarabağı bizdən alan erməni əlcəyinin içindəki rus caynaqları deyilmi? Hazırda dəyişən birqütblü siyasətin istənilən fəsadları ilə qarşılaşa bilərik. Odur ki, gərək çox diqqətli olaq”, - o qeyd edib.
Yəqin diqqətli oxucular xatırlayırlar, virtualaz.org və haqqin.az bir müddət əvvəl saytlarımızın rəhbəri, araşdırmaçı jurnalist Eynulla Fətullayevin “ABŞ-ın yeni seçimi - Qubad İbadoğlu” adlı təhlili yazı dərc etmişdilər. Həmin yazıda qeyd olunurdu ki, Azərbaycandakı status-kvonun dəyişməsində həddən artıq maraqlı olan Vaşinqton 2018-ci ilin prezident seçkiləri ərəfəsində müxalif qüvvələrin yeni nisbətindən ibarət yeni şərait modelləşdirməyə çalışır və məsələdə Qubad İbadoğluna “stavka” edir.
Bu mənada, ADR rəhbəri seçiləndən dərhal sonra ABŞ-a yollanan Q.İbadoğlunun Azərbaycan hakimiyyətinə qarşı tənqidi hücumlarını okeanın o tayından da davam etdirməsi, o cümlədən bu prinsipial məsələdə Azərbaycanın yox, ABŞ-ın tərəfini tutması, üstəlik rəsmi Bakının boynuna minnət qoyması heç də təəccüblü və təsadüfi deyil.