Adil Qeybulladan Hacılıya: “Ləyaqətsiz adamlardır...”

5-05-2015, 12:52           
Adil Qeybulladan Hacılıya: “Ləyaqətsiz adamlardır...”
“Müsavat partiyasında narazılıqlar indi başlamayıb. Təfriqəçilik, bölücülük və ziddiyyətlərin kökü xeyli əvvələ gedib çıxır. İstefamın ilkin səbəbi əslində bunlarla bağlı idi”.

Bunu AzVision.az-a açıqlamasında Müsavat partiyasından istefa verən tanınmış həkim Adil Qeybulla deyib.

Bundan öncə də partiyadan istefa verən A.Qeybulla ikinci gedişinə görə Müsavat rəhbərliyini ittiham edib: “İlk dəfə istefamı cəmiyyət də, partiya yoldaşlarım da normal qarşılamadı və mən partiyaya qayıtmaq məcburiyyətində qaldım. Bəlkə də düzgün başa düşülməyə bilər, amma indi düşünürəm ki, mən onda düz qərar qəbul etmişdim. Çünki belə mənəvi mühitdə qalıb fəaliyyət göstərmək mümkün deyil. İndi də bəzi saytlara indiki partiya rəhbərliyinin nümayəndələri ağızlarına gələni danışır.

Nemət Kərimli adlı biri var, o kosmik fiqur haradan peyda olub? Deyir ki, guya mən 3 dəfə istefa vermişəm. Tamamilə absurd şeylər danışır. Bu cür ləyaqətsiz adamlar partiyada söz sahibidirlər. Onların yaratdığı mənəvi mühit partiyanı belə vəziyyətə gətirib çıxardı. Zaman gələcək ki, hər kəs tarix qarşısında məsuliyyətini dərk edəcək”.

Partiyanın sonrakı taleyindən söz açan A.Qeybulla bildirib ki, baş verən olaylar Müsavatı idarə edənlərin intellektual səviyyəsini ortaya qoyur: “İndi qaragüruh oturub, partiyanı idarə etsin. Milli Azadlıq hərəkatının nümayəndəsini, partiyanı quran şəxslərdən biri olan Vurğun Əyyubu xaric edirlər. Bu, absurd bir şeydir. Bütün bunlar həmin adamların həm intellektual, həm mədəni, həm də insanlıq səviyyəsini göstərən addımlardır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.