Müsavat başqanının müavini partiyanın qərarları ilə razılaşmayanları istefaya çağırıb
5-05-2015, 17:05
“Adil Qeybulla və İbrahim İbrahimlinin Müsavat Partiyasından növbəti dəfə istefa verməsini təqdir edirəm. Hesab edirəm ki, Müsavat Partiyası ilə razılaşmaqdan imtina edən, qurultaydan 8-9 ay keçməsinə baxmayaraq, hələ də gündəmdə ancaq Müsavatdaxili məsələləri tutmaqla öz siyasi fəaliyyətini icra etməyi özünə vəzifə hesab etmiş bir çox insanları da məhz bu siyasi mədəniyyətə - istefaya dəvət edirəm”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyadakı istefalara münasibət bildirərkən deyib. O bildirib ki, perspektivlərini başqa təşkilatlarda görənlər, Müsavatdan istefa verməlidirlər: “Ya Müsavat Partiyası ilə birlikdə fəaliyyət göstərmək lazımdır, ya da kimlərsə, hesab edirlərsə ki, perspektivləri Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatdadır, onda siyasi mədəniyyət göstərərək, Müsavat Partiyasından istefa verməlidirlər. Niyə bizi onların haqqında hansısa qərarları qəbul etməyə məcbur edirlər? Buyursunlar, istefa versinlər”.
E. Fəttah Vurğun Əyyubun Müsavatdan çıxarılması haqqında qərara da münasibətini bildirərək, qərarın partiyanın Nizamnaməsinə uyğun olduğunu vurğulayıb: “Vurğun Əyyubla bağlı Binəqədi özəyi Nizamnaməyə uyğun qərarını verib və verdiyi qərarın düzgünlüyü barədə kimin şübhəsi varsa, partiyanın müvafiq orqanlarına şikayət edə bilər”.