Moskvanın unutduğu aprel vədi - Kremlin Bakıya ehtiyacı arta bilər

17-06-2017, 10:48           
Moskvanın unutduğu aprel vədi - Kremlin Bakıya ehtiyacı arta bilər
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona başa çatmaqda olan budəfəki səfəri də Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyi və qeyri-müəyyənliyi, ələlxüsus müharibə riskini azaltmadı. Doğrudur, turist-diplomatlar Bakıya hələ gələn həftə gələcəklər. Ancaq onların İrəvanda işğalçı Ermənistanın siyasi və hərbi rəhbərliyi ilə apardıqları danışıqlardan artıq bu qənaətə gəlmək mümkündür.

Məsələ ondadır ki, həmsədrlər bu dəfə də problemə, status-kvoya şablon yanaşma sərgilədilər, İrəvanda və Xankəndində mövcud təhlükəli situasiyadan çıxmaq üçün konstruktiv heç nə təklif etmədilər. Konstruktivlik üçün isə dəfələrlə yazdığımız kimi, öncə işğalçı Ermənistana münasibət dəyişməli, ona Azərbaycan torpaqlarının azad edilməsinin zəruruliyi başa salınmalıdır. Təkcə başa salınmamalı, eyni zamanda buna sövq edilməlidir.

Bu isə əfsus ki, gözə dəymir. Ona görə ki, vasitəçilər təmsil etdikləri dövlətlərinin rəhbərlərindən belə bir təlimat, göstəriş almayıblar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağ mövzusunda son açıqlaması bir daha təsdiqləyir.

***

“Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistan rəsmilərinin öz baxışları var”. Bu sözləri M.Zaxarov son ənənəvi brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı erməni jurnalistin sualını cavablandırarkən deyib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı format mövcuddur. Bu, həqiqətən də köhnə problemdir, hansı ki, burada kompromisin tapılmasına ehtiyac var. Kompromisin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasından asılı olmayaraq - yaxınlaşdırılmasıdır. Hazırkı vəziyyət münaqişənin həllini tələb edir. Məhz ona görə də son zamanlar təmaslar intensivləşib. Təmaslar müxtəlif formatlarda keçirilir. Rusiya bu formatın iştirakçısı kimi kompromisin tapılması üçün əlindən gələni edir. Əlbəttə istərdik ki, kompromis tez tapılsın, nə qədər tez tapılsa, bir o qədər yaxşıdır. Ancaq bu kompromis iki ölkənin xalqının gələcəyinə və əlbəttə ki, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir”, - deyə Rusiya XİN-in rəsmisi qeyd edib.

Göründüyü kimi, konfliktin əsas körükləyicisi və memarı olan, eyni zamanda onun həllində ən böyük imkanlara malik Rusiyanın yanaşmasında yeni heç nə yoxdur. Rəsmi Moskva problemin həllini yenə də münaqişə tərəflərinin üzərinə atmaqla yaxasını və məsuliyyətini kənara çəkməyə çalışır. Halbuki erməni tərəfinin Moskvanın izni olmadan Azərbaycanla anlaşmasının mümkünsüzlüyünü ermənilərin özləri də etiraf edirlər.
Moskva isə izn verməyə tələsmir. Bunun da müxtəlif siyasi və geosiyasi səbəbləri var. Sözsüz ki, ixtilafın yoluna qoyulmasında konfliktə cəlb olunmuş dövlətlərin birinci şəxslərinin öz aralarındakı münasibətləri də az rol oynamır. Siyasi ekspertlərin bu xüsusda müşahidələri diqqət çəkir.

***

“Açığı, indi Rusiyanın küncə sıxıldığı bir zamandır”. Bu sözləri Azərbaycan və Rusiya prezidentlərinin bu il ərzində gözlənilən görüşləri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib (Axar.az). Politoloq birinci görüşün bu il Astanada enerji məsələləri üzrə sərgi çərçivəsində baş tuta biləcəyini vurğulayıb.

“Hər iki ölkə enerji problemləri üzrə inkişaf etmiş texnologiya və təcrübəyə malikdir. Görüşü bu baxımdan əhəmiyyətli hesab etmək olar. Rəsmi Bakı enerji başqa, bir çox önəmli məsələləri də qaldıracaq. Bu, ÜAK-ın ləğvi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlıdır. Moskvanın Bakıya verdiyi vədlər var. Rusiya aprel döyüşlərindən sonra məsələnin həlli ilə intensiv məşğul olacağını və 5 rayonun qaytarılması ilə bağlı səylərini artıracağını bildirmişdi. Əvəzində isə Rusiyanın Ermənistanı sürətlə silahlandırılmasını müşahidə etdik. Moskva buna silahlandırma sarıdan yaranmış balansın pozulmasını bərpa etmək istəyilə bəraət qazandırdı. Bu, çox qüsurlu bir gedişdir və o deməkdir ki, Rusiya bölgədə müharibə riskini qoruyub saxlamağa çalışır”, - deyə sabiq dövlət müşaviri qeyd edib.

Politoloqa görə, Avropa və ABŞ-ın Rusiyanı sıxışdırma prosesi güclənir: “Üstəlik, Rusiyanın daxilində vəziyyət ürəkaçan deyil. Mitinqlərin kütləvi hal alma ehtimalı böyükdür. Bu fonda Rusiya çox ciddi bir mərhələyə qədəm qoyur. Çünki Putinin qayğıları həddindən çoxdur, o, əvvəlki kimi təkəbbürlü və yuxarıdan aşağı söhbətlər apara bilməz. Rusiyanın təklənməsi prosesi Moksvanı Bakı ilə əlaqələri daha yüksək səviyyəyə qaldırmağa vadar edəcək. Bu sarıdan Azərbaycan və Rusiya prezidentlərinin bu il ərzində gözlənilən görüşü əvvəlkilərdən fərqlənəcək. Bu görüşlərdə Azərbaycan prezidentinin əlinin daha möhkəm olduğu şəksizdir. Rusiya bu dəfə Azərbaycanla daha çox bərabərhüquqlu tərəfdaşlar səviyyəsində davranacaq. Bu kontekstdə Azərbaycan Rusiya tərəfinə Qarabağ problemi ilə bağlı təkliflər verə bilər”.

Q.Hüseynli ikinci görüşün İranda Şimal-Cənub dəmiryolu dəhlizinin açılışında gözlənildiyini deyib: “Bundan əlavə, Azərbaycan və İran rəhbərliyinin ayrıca görüşü də olacaq. İran Dağlıq Qarabağ məsələsində daha çox Ermənistanın yanındadır. İran TIR-larının Dağlıq Qarabağ ərazisində yükdaşımaları barədə məlumatlar var. Ermənistanla İran arasında ciddi ticarət əlaqələri mövcuddur. Üstəlik, bu əlaqələr hərbi sahəni də əhatə edir. İranın vəziyyəti Rusiyanınkından da ağır olacaq. Çünki ABŞ və bəzi Avropa ölkələrinin İrana qarşı təzyiqləri artır. Yəni Tehran daha ciddi sınaqlar qarşısındadır. Belə olan halda isə Bakı Tehran qarşısında Qarabağla bağlı beynəlxalq hüquq normaları çərçivəsində davranılmasının zəruriliyi barədə məsələ qaldıra bilər. Ayrıca, İranın daxilində azərbaycanlıların fəallığının artması isə rejimi düşünməyə vadar edəcək. Dünyada gedən qlobal siyasi proseslər Azərbaycanın xeyrinə irəliləyir”.

Politoloq onu da əlavə edib ki, Azərbaycan müharibəyə hazırdır, ancaq problemin dinc yolla həllinə üstünlük verir. “Danışıqlar prosesi yenilənərsə, bir çox məsələlər həllini tapa bilər. Rəsmi Bakı növbəti görüşlərdə bu məsələni də Rusiyadan tələb edəcək”, - deyə o əlavə edib.

***

Şübhə yox ki, Ermənistanın 1 nömrəli müttəfiqinin zəifləməsi Azərbaycanın xeyrinədir. Ancaq biz gərək onu da unutmayaq ki, ermənilər öz sahiblərini dəyişməkdə böyük “təcrübə”yə malikdirlər. Söhbət kritik anda Ermənistanın Rusiyanı buraxıb Qərbə - ABŞ və Avropa sığınması ehtimalından gedir. Bu kimi gəlişmələrə qarşı ən etibarlı kontur-faktorlardan biri də hərbi qüdrətimizi, ordumuzun döyüş bacarığını daima artırmaq, işğalçı tərəfə hərbi pariteti bərpa eləməyə imkan verməməkdir.

Bu arada Naxçıvanda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin növbəti birgə hərbi təlimləri başa çatıb. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov son vaxtlar intensivləşən belə hərbi manevrləri yüksək qiymətləndirib.

“Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür”, - deyə nazir ortaq təlimlərdən danışarkən qeyd edib. O, təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətlərini təbrik edib. “Ölkədə ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb” - müdafiə naziri işğalçı tərəfi xəbərdar edib. \\musavat.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.