Bir neçə kəndi azad edək... - Politoloqdan çağırış

20-06-2017, 10:16           

Rusiya Krım, Donbas, Abxaziya və Cənubi Osetiya, Dağlıq Qarabağdan heç vaxt əl çəkməyəcək.

Bu sözləri Axar.az-a politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq həmsədrlərin regiona səfəri ərəfəsində ermənilərin daha da azğınlaşdığını və özəlliklə də təmas xəttində müxtəlif təxribatlar törətdiyini deyib:

“Ermənistan maksimum Azərbaycanı aqressiv dövlət kimi qələmə verməyə çalışır. Həmsədrlərin regiona səfəri ümidverici nəsə vəd etmir. Çünki bu səfər də heç bir pozitiv nəticə verməyəcək. Minsk Qrupu ilk növbədə Ermənistanı ya konkret qəbul olunan qətnamələrin yerinə yetirilməsinə məcbut etməli, ya da hansısa yeni təkliflərlə çıxış etməlidirlər. Ancaq ikincidə Azərbaycan Ermənistanla bərabərləşdirilməməlidir. Çünki Bakı İrəvana güzəştə getmək fikrində deyil”.

Politoloq hesab edir ki, Dağlıq Qarabağdakı vəziyyət hələ uzun müddət belə davam edəcək:

“Ona görə ki, havadarları Ermənistanın başına sığal çəkir, dünya gücləri isə buna seyrci qalır, hətta Azərbaycanı hansısa kompromislərə çağırırlar. Bu isə region üçün olduqca təhlükəli vəziyyətdir. Ancaq Azərbaycan Ermənistana qarşı sərt addımlarını davam etdirəcək. Zənnimcə, danışıqlarla bərabər, yeni kənd və əraziləri azad etməliyik. Bakı sübut edəcək ki, bu səssizliyə əbədi dözməyəcək”.

F.Sadıqov ABŞ-ın Rusiyanı yeni sanksiyalarla zəiflətməsi fonunda Dağlıq Qarabağ məsələsinin həllində hansısa irəliləyişin olacağına inanmadığını deyib:

“Çünki Rusiyanı zəiflətmək asan məsələ deyil. ABŞ Rusiyanı iqtisadi cəhətdən nə qədər zəiflətsə də, Kremlin maraqlarını məhv edə bilməyəcək. Əksinə, fikir verin, Rusiya müxtəlif regionlarda öz addımlarını daha sərt şəkildə atır. Rusiya Krım, Donbas, Abxaziya və Cənubi Osetiya, Dağlıq Qarabağdan heç vaxt əl çəkməyəcək. İndiki dönəmdə əsas məsələ digər həmsədr dövlətlərin niyə seyrci mövqedə qalmalarıdır. ABŞ və Fransa nədənsə sadəcə müşahidə aparır. Üstəlik, Ukraynadan fərqli olaraq Azərbaycanla niyə belə oyunlar getdiyi də düşündürücüdür. Əgər həqiqətən də dedikləri kimi məsələnin həlli ilə məşğul olsaydılar, onda Rusiya və Ermənistana qarşı sərt reaksiyanı görərdik. Problemin bugünədək həll olunmamasının yeganə səbəbi ikili standartlardır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.