Keçmiş hərəkatçıdan nikbin Azərbaycan proqnozu

20-06-2017, 10:30           
Keçmiş hərəkatçıdan nikbin Azərbaycan proqnozu
Səfər Hümbətov: “Ümid - indi də bizim əsas silahımızdır”

Hər il bu vaxtlar 1993-cü ildə iqtidardan getmiş AXC-Müsavat hökuməti ilə bağlı ən müxtəlif məsələlər müzakirə edilir və yaxud yaranır. Hazırda belə məsələlərdən biri də milli-azadlıq hərəkatı başlayanda proseslərin önündə olmuş keçmiş hərəkatçıların indiki düşüncələrinin nədən ibarət olması ilə bağlıdır.


29 il öncə meydanda olanların əsas ümidləri Azərbaycanın müstəqilliyini qazanacaqları, iqtidarda təmsil olunacaqları ilə bağlı idi. Sonrakı dönəmlərdə bu ümidlər çin oldu. Lakin 1993-cü ildən sonra proseslər başqa istiqamətə doğru dəyişdi. O dövrdən sonra keçmiş hərəkatçıların əsas ümidləri yenidən iqtidara gələcəkləri ilə bağlıdır. Amma illər keçdikcə AXC-Müsavat iqtidarından gedən komanda öz mövqelərini təhvil verə-verə bugünkü günə gəlib çıxdı.


Maraqlıdır, müxalif düşərgənin passiv olduğu son dönəmdə keçmiş hərəkatçılar hazırda nəyə ümid edirlər?


Azərbaycan Milli Demokrat Partiyasının (Boz Qurd) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, keçmiş hərəkatçı Səfər Hümbətov milli-azadlıq hərəkatı dövründə ümidlərlə silahlandıqlarını bildirdi: “1998-ci ildən başlayan meydan hərəkatının lokomotivini bizim indiki, yəni o zamankı gənc nəsil təşkil edirdi. O vaxt bizə dünyanın əsas supergücünün SSRİ olduğu aşılanmışdı və dünyada da bu imperiyanın gücünün hansı dərəcədə olduğu reallıq idi. Silahlandığımız ümid silahı indi də keçmiş hərəkatçıların əlində durur. Ümid, inam olmadan heç bir hədəfə nail olmaq mümkün deyil. O zaman həmin ümidlər 1920-cı ildən sonra yarımçıq qalmış milli hakimiyyəti bərpa etdi, üçrəngli bayrağımızı göylərə qaldırdı. Bu gün şükürlər olsun ki, bayrağımız ən görkəmli yerlərdə dalğalanır. İnşallah o bayraq işğal altında olan ərazilərimizdə millətimiz tərəfindən dalğalandırılacaq. Amma təəssüflər olsun ki, hakimiyyətimiz dövründə gənc nəsil olaraq bəzi məsələləri düzgün dəyərləndirmədik. Hərəkatçıları yox, başda dayanan rəhbərləri nəzərdə tuturam. Məhz proseslərin düzgün dəyərləndirilməməsi milli hakimiyyətin qısa zamanda devrilməsi ilə nəticələndi. Amma buna baxmayaraq, o zamankı hakimiyyət çox ağıllı hərəkət edərək, siyasi hakimiyyəti ölkəmizdə oyun quran oyunçulara deyil, istədiyi kadra təhvil verdi. Bu gün həmin seçimin düzgün olduğu qənaətindəyəm. Azərbaycanın bu gün müstəqilliyinin mövcud olmasından çıxış edərək, 1993-cü ildə düzgün seçim edildiyini, yəni hökumətin Heydər Əliyevə təhvil verilməsini doğru addım sayıram. Baxmayaraq ki, bəzi arzularımız gerçəkləşmədi. Millətçi olaraq bizi qane edən əsas şərtlərdən biri dövlətimizin bu gün müstəqil olmasıdır. Ordumuz getdikcə güclənir, dövlətdə də kifayət qədər güclü strukturlar var. Bu da gələcəkdə Azərbaycanın arzu və istəklərinin həyata keçirilməsinin əsas qarantiyalarından biridir. Könül istərdi ki, indi demokratik ölkədə yaşayardıq. İmkanlarımız Gürcüstandan qat-qat çoxdur. Biz nəinki Yaxış Şərq və müsəlman dünyasına, bütövlükdə Avropaya nümunə ola biləcək quruluş ortaya qoya bilərdik. Lakin bu da keçiddir. Dövləti gücləndirməyin əsas yolu milli həmrəylikdən və millətçilikdən keçir. İnanıram ki, bir zaman gələcək bu da olacaq”.


Müsahibimiz hazırda əsas ümidlərinin nədən ibarət olması ilə bağlı sualımıza bu cür cavab verdi: “Azərbaycanın güc strukturlarında tanıdığım kifayət qədər insanlar var ki, milli dəyərlərə üstünlük verir, milli dəyərlərlə yaşayırlar. Sadəcə, hakimiyyətin bu istiqamətdə kiçik bir addımı hər şeyi həll edər. Milli potensialımız var ki, yarımçıq qalmış işlərimizi həll edək. Biz sovet dövründə baxdığımız filmlərdən ilham alırdıq. O vaxt indiki kimi geniş resurslar yox idi. O filmlər əksərən döyüş ruhunda idi. Sovet dövründə əsas məqsədlərdən biri o idi ki, gənclik döyüşçü ruhunda formalaşsın. Milli kimliyimizi bilmədən qəlbimizdəki döyüş ruhu bizi milli döyüşçü ruhuna transfer etdi. İndinin özündə mükəmməl olmasa da, gənclərimizdə döyüş, milli ruhun yox olduğunu demək düzgün deyil. Bu istiqamətdə müəyyən nailiyyətlər qazanacağımıza əminəm. Hökumətin dövləti, milləti, hakimiyyəti qorumağının əsas çıxış yolu milli platforma hazırlamaqdır. Hər tərəfdən düşmən ölkələrlə əhatə olunmuşuq. Bu gün tarixdən dərs almış görkəmdə göründüyümüzü də deyə bilərik. Əsas ümidimiz milli potensialımızın olmasıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.