Poroşenko: “Saakaşvili əfsus ki, əhəmiyyətli heç nə etmədi”
23-06-2017, 09:11
“Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru olaraq ölkə üçün əhəmiyyətli heç nə etmədi”. Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Pyotr Poroşenko Brüsseldə brifinqdə deyib. “Mən cənab Saakaşvilinin Ukraynada nə etdiyini qətiyyən bilmirəm. Çünki, o mənə kömək etmək üçün dəvət edilmişdi. Amma, əfsus ki, nəticələri görürsünüz, o, əhəmiyyətli heç nə etmədi”, - Poroşenko bildirib. Dünən Saakaşvili deyib ki, Ukrayna prezidenti onu məhkəmə vasitəsilə vətəndaşlıqdan məhrum etmək niyyətindədir. Xatırladaq ki, Saakaşvili 2015-ci ilin mayında Odessa vilayətinin qubernatoru təyin edilib. Poroşenko onun təyinatının əsas təşəbbüskarı idi. 2016-cı ilin noyabrında isə Saakaşvili Ukraynanın hakimiyyətini korrupsiya ilə mübarizə aparmamaqda ittiham edərək istefa verib. Onun sözlərinə görə, Poroşenko regionda cinayətkar qruplaşmaları himayə edir.