Bu tərbiyəsizlərin ailəsində… - Millət vəkilindən sərt cavab
2-07-2017, 12:31
Sosial mediada bir qrup tərbiyəsiz var, adımdan yalanlar yazır. Demədiyim sözləri guya mən demişəm kimi yayırlar. Harada, kimə demişəm - bilən yox. Bu tərbiyəsizlərin ailəsində, nəslində şəhid varmı, bilmirəm, amma mənim çoxdur.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bəzilərinin social şəbəkədə ona qarşı çirkin kampaniya aparmasına cavab olaraq qeyd edib. Q.Paşayeva bildirib ki, mən Azərbaycan türküyəm, əslimi-nəslimi də bilənlərdənəm:
“Bu günə qədər əlimdən nə gəlibsə, ölkəm üçün, Qarabağ davamız üçün etməyə çalışmışam. Bu adamlara bircə şey demək istəyirəm: Bu qədər çirkinləşməyin. Amma təbii ki, bu mənəviyyata sahib insanlara bu sözlərin bir təsiri ola bilməz”.
Millət vəkili indi hallandırılan və don geyindirilən olaya da toxunub:
“Neçə illər öncə qardaş Türkiyədə etdiyim bir çıxış zamanı Qarabağ problemindən danışdıqdan, Ermənistanı işğalçı adlandırıb, sərt tənqid etdikdən sonra (internetdə videoları da var) bir adamın hamının yanında yaxınlaşaraq, türkcə “siz tamamilə haqlısınız, dediklərinizlə razıyam, sizin və bütün azərbaycanlıların yaşadığı üzüntülərdən dolayı çox üzgünəm, sizin əlinizdən öpmək istəyirəm” deyib, əlini uzatdıqda hər kəsin içərisində “pasportunuzu verin, baxım görüm sizin adınız, familiyanız nədirmi" deməliydim? İndi həmin vaxt tədbirdən yayılmış şəkllərin içindən seçib başına adımdan yalanlar yazıb paylaşaraq, guya mənə zərər vurmaq istəyən mənəviyyatdan yoxsul bəzi insanlar… Digər tərəfdən, çıxışınızla düşmən millətin mənsubunun hər kəsin içərisində sizdən, xalqınızdan üzr istəməsinə həyatda heç nail olubsunuzmu?
Heç nə demirəm - keşkə bu ölkə üçün siz də bir şey etmiş olsaydınız, bəlkə məni etdiyiniz bu çirkinliklər bu qədər yandırmazdı. Ən azı mənə “milli insan necə olmalıdır” dərsi keçmək üçün mənəvi haqqınız olardı…”