Azərbaycan slovak siyasətçini beynəlxalq axtarışa verdi

13-04-2015, 22:19           
Azərbaycan slovak siyasətçini beynəlxalq axtarışa verdi
Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətləri Slovakiya vətəndaşı Frantişek Mikloşko barəsində cinayət işinin başlanması haqqında məlumat yayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir ki, Slovakiya vətəndaşı Frantişek Mikloşkonun (František Mikloško) Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərə xarici ölkə vətəndaşlarının səfərlərini təşkil etməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar olduğundan həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, F. Mikloşko Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə razılaşdırmadan icazəsiz Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər etmiş, həmin ərazilərdə keçirilən qondarma seçkilərdə “müşahidəçi” kimi iştirak etmiş və etnik və dini zəmində millətlərarası nifaqı qızışdıran hərəkətlər edib. Bu şəxs qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə İrəvan şəhərində keçirdiyi mətbuat konfransında “qondarma parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur” deyə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib, həmçinin qondarma rejim barəsində “müstəqil dövlət kimi qəbul olunmalıdır”, “bizim üçün müstəqil dövlətdir” kimi müraciətlər səsləndirib.

İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından F.Mikloşko Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Təqsirləndirilən şəxs F. Mikloşkonun tutulub istintaqa cəlb edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi məqsədilə axtarış qərarının icrası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və “İnterpol”un Milli Mərkəzi Bürosuna həvalə edilib.

Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, barəsində cinayət təqibi aparılan şəxsin vətəndaşı olduğu Slovakiya Respublikasına bu barədə diplomatik kanallarla məlumat verilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Frantişek Mikloşko Xristian Demokrat Hərəkatından Slovakiya Milli Şurasının, 1990-1992-ci illərdə Slovakiya Milli Şurasının spikeri olub.

2010-cu ildən ölkə daxili siyasətdən ayrıldığını iddia edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.