“Bizim də öz Kardaşyanlarımız var...” - deputat
14-04-2015, 10:53
“Televiziyalarımız Kim Kardaşyanlarla doludur. Onları Azərbaycandan çıxardıb, dünyaya göndərməliyik ki, bir az təbliğatla məşğul olsunlar”.
Bu fikirləri AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Dünyaca məşhur erməni pornoulduz Kim Kardaşyanın Ermənistanda rəsmi şəxs kimi qarşılanmasına münasibət bildirən deputat hesab edir ki, düşmən bu yolla dünyada öz maraqlarını təbliğ edir.
Millət vəkilinin sözlərinə görə, ölkədəki bəzi telekanallar Kim Kardaşyanların təbliğatı ilə məşğul olurlar: “Belə biznesdən, təbliğatdan hər kəs istifadə edir. Biz elə bir ideal cəmiyyət deyilik ki, Kardaşyanın Ermənistan səfərini məsxərə obyektinə çevirək. Ermənilər əxlaqsızlıqla şöhrət qazanmış modeliyerini dünayaya çıxarmaqla özlərini reklam edirlər. Bəlkə bundan sonra biz də bir az rahat otura bilərik.
Azərbaycan televiziyalarındakıların xeyli hissəsi də Kim Kardaşyanlardır. Bunların ondan heç bir fərqi yoxdur. Ermənilərin heç olmasa ağılları çatır ki, onu dünyaya çıxardıb belə şeylərə diqqət yetirən insanların simpatiyasını qazanırlar və reklam olunurlar. Biz isə bütün günü telekanallarımızdakı Kim Kardaşyanlarımızla özümüzün zəhləmizi tökürük”
F.Mustafa həmçinin qeyd edib ki, telekanallarımızdakı Kim Kardaşıyanları dünyaya çıxarmaqla müəyyən təbliğat aparmaq olar.
“Televiziyalarımız Kardaşyanların yubkalarını, paltarlarını təbliğ edir. İcazə verin, onlar dünyaya çıxıb getsinlər. Bizim də onlardan canımız qurtarsın. Bəlkə də həmin Kardaşyanlarımıza görə bir-iki turist də bizim ölkəyə səfər etdi. Bizdə də Kim Kardaşyanlar doludur. Sadəcə olaraq onları dünyaya çıxartmırlar. Onları dünyaya çıxartmamaqla bütün gün özümüzə zülm veririk. Biz Kardaşyanların təbliğatını sadəcə olaraq lokal auditoriyada aparırıq. Ermənilər isə daha uzaq görən olduqlarına görə, onları dünyaya çıxardıblar. Bizim modelyerler isə Türkiyəyə gedirlər. Orada da kiməsə pul atıb geri qayıdırlar. Müğənnilərimiz xaricə gedib ya mülk alırlar, ya da ki kimləsə qalmaqala girirlər. Amma Kardaşyan əxlaqsızlıqla da olsa öz ölkəsini tanıdır”-deyə deputat vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə erməni əsilli məşhur porno ulduz Kim Kardaşyan həyat yoldaşı Kanye Uest, qızı Nort və bacısı Xloe ilə birgə Ermənistanda səfərdə olub. Pornoulduz Ermənistanda rəsmi səviyyədə qarşılanıb.