"Azərcell"-in bizə qurduğu tələlər
15-04-2015, 00:38

"Azərcell" abunəçisi olan bir paytaxt sakini redaksiyamıza zəng vuraraq, hər ay balansından "digər xərclər" adı altında 25 manat pul çıxıldığı barədə şikayət edib. Abunəçinin sözlərinə görə, bunu "Azercell"in kontent və servis provayderi olan "Sindibad" şirkəti edir. Özü fakturalı xətt abunəçisidir. Dediyinə görə, övladı telefonda oyun bölümünə girib, sonra səhifəyə gələn bir reklam saytının düyməsinə basıb. Bundan sonra həmin şirkət istifadəçinin qeydiyyatı olmadan nömrəni avtomatik hansısa xidmətə qoşub. Ayın sonunda da xidmətdən istifadəyə görə əlavə 25-30 manat civarında məbləğ gəlib. "Xidmət" 3 ay boyunca davam edib. Sonda abunəçi operatora zəng edib, xərcin istiqamətini soruşub. Ona bildiriblər ki, "siz "Sindbad"ın xidmətinə qoşulmusuz". Məlum olub ki, bu, ödənişli əsaslarla oyunlar, əyləncələr olan bir saytdır, orada qeydiyyata düşməyə ehtiyac yoxdur, düyməni bir dəfə basdınızsa, gündəlik olaraq telefonunuzdan pul çıxılır.
Adətən telefonla danışdığımız zaman istifadə etdiyimiz məbləğ barədə hər dəfə sms bildiriş gəlir. Lakin bu xidmətdə belə bir bildiriş verilməyib: "Abunə olduğuna görə faktura gələndə də xərclərin konkret hansı istiqamətə getdiyi "görünmür", sadəcə "digər xərclər" altında yazılır, pulun sizdən çıxılmasının səbəbi barədə açıqlama göstərilmir. Ona görə də məsələdən gec xəbər tutduq. Sonradan hər ay bu qədər məbləğ bizi şübhələndirdi. Xüsusi bir xidmətə qoşulmamışdıq və ən azından qoşulmadığımızı düşünürdük. Bilmirdik ki, nömrəni bizdən xəbərsiz, adi bir düyməyə basmaqla hansısa xidmətə qoşa bilərlər. Araşdıranda ortaya çıxdı ki, abunəçiyə lazım olmadan, hər hansı bir qeydiyyatdan keçmədən belə bir xidmətə qoşublar. Sms bildiriş də göndərməyiblər ki, vaxtında xəbər tutaq. Sanki kəşfiyyat kimi "məxfi fəaliyyət" göstəriblər. "Sindbad" şirkətinə müraciət etdim. Mənə cavab yazdılar ki, "dekabr ayından sayta daxil olub həmin xidmətə qoşulmusuz". Sayta daxil olmaqla xidmətə qoşulmaq nonsensdir, onda biz hər gün daxil olduğumuz onlarla sayta pul ödəyək. Biz hansısa pullu xidmətə qoşulmaq üçün mütləq qeydiyyatdan keçməliyik. Uşaq balacadır, onun qeydiyyatdan keçə bilməsi mümkünsüzdür. Onlar elə bir sistem qurublar ki, əliniz birdən-birə nəyəsə dəyir və bundan sonra sizə pul hesablamağa başlayırlar. Bu, hansı əsasla baş verir? Hər hansı xidmət üçün abunəçi ilə mütləq müqavilə olmalıdır. Sonra biz "Sindbad" şirkətindən dedikləri instruksiyaya uyğun sms yazıb həmin xidmətə "stop" göndərdik, dediklərinə görə hazırda dayandırılıb. "Azərcell"də isə bütün məsuliyyəti "Sindbad"ın üzərinə qoyurlar. Deyirlər ki, "cavabdeh deyilik, şirkət sadəcə bizimlə əməkdaşlıq edir". Halbuki "Sindbad" birbaşa "Azərcell"in partnyorudur, özlərinin yaratdıqları şirkətdir".
"75 manata görə məhkəməyə üz tutum?"
Dekabr ayından bu yana 3 ayın nəticələrinə görə ortalama ona 75 manat zərərin dəydiyini deyən müsahibimin sözlərinə görə, şirkət pulu ona qaytarmayıb, yalnız xidmətdən çıxma barədə instruksiya göndərib: "Tələb etmək üçün əlimdə əsas olmadı, çünki mənə dedilər ki, "bu xidmətə könüllü qoşulmusuz". Onu ancaq məhkəmə yolu ilə tələb etmək mümkündür. 75 manata görə də vəkil tutub məhkəməyə getmək, ağrımayan başına dəsmal bağlamaq istəyən kimdir? Amma belə pullar çox vətəndaşdan çıxıla bilər".
Müsahibim başına gələnləri redaksiyaya bildirməklə başqalarının da bu "oyun"a düşmələrini istəmir, hesab edir ki, artıq şirkətə "dur", deməyin vaxtıdır: "3 ay boyunca sakitcə pul çıxılıb, şübhələnib araşdırmasaydıq, yəqin ki, uzun müddət belə davam edəcəkdi. Təsəvvür edin, indi mənim kimi nə qədər insan var, telefonunu evdə qoyub gedəndə uşağı oyun oynaya bilər. Aylıq abunəhaqqı ödəyənlər pulun hara getdiyi barədə açıqlamanı tam görmürlər. Yalnız biz faktura tələb edəndə açıqlamasını görə bilirik. Faktura əldə etməyin də qiyməti 3 manatdır. Bizdə "Bakcell" nömrəsi də var, amma həmin nömrə ilə heç vaxt belə bir hadisə baş verməyib".
Uşaqlar böyüklərin oyununa düşür
Bizdə də "Narmobile" operatoru ilə buna oxşar hadisə baş verib. Evdə uşaq bilmədən hansısa düyməni basıb, yazıq oğlan, burdan telefona pul yükləyirdi, operator dərhal həmin pulu "udurdu". Sonradan məlum oldu ki, o da təsadüfən hansısa oyuna qoşulub. Bir neçə ay əziyyət çəkdi. Amma operatorun "öhdəlikləri" bitmirdi. Axırda şirkətə müraciət edib həmin "xidməti" dayandırdıq. Onların ucbatından evdə uşaqlarımız danlanır. Böyüklər bir "oyun" qurur, günahı da uşaqların üzərində qalır.
Haqqında söhbət gedən "Sindbad ko." şirkətinin müştəri xidmətlərinə zəng elədim. Operator Leyla xanımdan şirkətin məşğuliyyəti ilə maraqlandım. Dedi ki, onlarda çat, musiqi, video, oyun yükləmələri xidmətləri var və bunlar ödənişlidir. Soruşdum "bəs o xidmətlərə necə qoşulmaq olar"? Belə cavab verdi: "İstənilən sayta daxil olursuz, sizə həmin saytlardan reklam xarakterli təklif gələ bilər. Ola bilər ki, bilmədən avtomatik qoşularsız, bilərəkdən də". "Bəs bilmədən necə qoşularam", deyə soruşdum. Dedi ki, "əgər mesajı təsdiqləyirsinizsə, avtomatik qoşulursuz". Dedim "bəlkə mənim uşağım telefonu götürüb, göndərdiyiniz reklamı başı çıxmadan da təsdiqləyəcək, onda necə olacaq"? Burada xanımın dili topuq vurdu, birtəhər başa saldı ki, "təklifi qəbul etməyə də bilərsiz, o sizdən asılıdır. Qəbul edirsinizsə, xidmətə qoşulursuz və sizdən həmin xidmət müqabilində gündəlik vəsait çıxılır. Biz yalnız "Azərcell" istifadəçilərinə bu "xidməti" göstəririk. Digər operatorların abunəçiləri bundan faydalana bilməzlər".
"İnternetdə sonsuz sayda pulsuz oyunlar, xidmətlər, çatlar, musiqi, filmlər, videosaytlar var, sizin xidmət nə ilə fərqlənir ki, ödənişlidir" deyə soruşdum. Yenə cavabı adekvat deyildi: "Bu, məcburi deyil. Bizdə, misal üçün, qısa zaman ərzində videoyükləmələr var".
Özümü elə göstərdim ki, guya saytın bu "operativliyinə" pul ödəməyə hazıram. Xanım sayt haqqında məlumat verməyə davam edirdi: "Müştərilərimiz var ki, uzun zamandır xidmətlərimizdən istifadə edirlər. Etmək istəməyən abunəçinin nömrəsində xidməti deaktiv edirik". Bəs aktiv etmək üçün aylıq nə qədər ödəməliyəm? Məlum oldu ki, xidmətdən asılı olaraq tarif də dəyişir. Xidmət var ki, 50 qəpikdir, xidmət də var 41 qəpik, eləsi də var ki, 1 manat 70 qəpik. Bu, videoyükləmədir və üç gündən bir balansdan pul çıxılır.
"Sindbad"ın smsfun.az saytında oyunlar, musiqi, şəkillər, videolar, zəngimcell xidmətləri pulludur. Oyunlar gündəlik 2 manat, qalanlar 59 qəpikdir, çoxu da açılmır. Ümumiyyətlə sayt özü zəif açılır. Hansı operativlikdən danışırlar, bilmirəm. Bəlkə də telefonda daha sürətlidir.
"Siz istəmədən də bizim xidmətə qoşula bilərsiniz"
Operator mənim potensial "müştəri" olduğumu düşünüb dərhal nömrəmi soruşdu: "Əlaqə nömrənizi bizə söyləyin, şöbəyə bildirək. Sizinlə əlaqə saxlayacaqlar, istifadə etmək istədiyiniz xidmətlərimizi həmin əməkdaşa bildirərsiz, qaydasını telefonla anlatsınlar".
Burada qəzetdən zəng elədiyimi, oxucunun şikayəti barədə bildirdim. Qəribə bir şərh verdi: "Ola bilsin telefonda vəsait olmayıb, daha sonra yükləyəndən sonra məbləğ çıxılıb". "Adam oyuna qoşulmaq istəməyib, uşaq bilmədən oyun təklifinizi qəbul edib" söylədim. "Uşaq qoşulursa, buna biz məsuliyyət daşıya bilmərik. Biz tərəfdən proqram belə qurulmayıb ki, nömrələri xidmətlərə aktiv edək. Biz sadəcə deaktiv edə bilirik, yəni ləğv edirik".
Mənim buna nəyə görəsə şübhəm var, sistemə müdaxilə ilə deaktiv olunursa, niyə aktiv edə bilməsinlər? "Azərcell" abunəçisiyəm, oturduğum yerdə hansısa "Sindbad" şirkətindən mənə niyə reklam gəlməlidir və onu təsadüfən aktiv etməliyəm ki, gündəlik pul da xərcləyim? Mən axı "Sindbad" abunəçisi deyiləm və onunla da heç bir yazılı müqaviləm yoxdur. Cavab yenə qeyri-müəyyəndir: "Bu reklam xarakterli təkliflərdir. Sms şəklində link gələ, sayta daxil ola bilər".
Söhbətin əvvəlində "siz istəmədən, bilmədən də xidmətə qoşulmanız mümkündür" demişdi. Buna açıqlama gətirməsini istədim. Operator: "Bilmədən. Əlbəttə ki, misal üçün, bilmədən uşaq qoşulursa, siz telefonun istifadəçisi kimi uşağınızın bizim xidmətə qoşulduğunu bilmirsiz". "Onda belə anladım ki, mən bilmədən siz mənim cibimə girə bilərsiz" deyə irad tutdum. "Xeyr, uşaq girib xidməti aktiv edəndə abunəçi bilmir, bizimlə əlaqə saxlayıb dalaşmağa başlayır. Sonra məlum olur ki, uşaq xidməti aktiv edib. Abunəçi özü etməyibsə, bunu onun tanışlarından, yaxınlarından kimsə edib. Biz tərəfdən bunu edə bilmirik", kimi şərh verdi. "Bəs hər günün hesabı niyə sms bildirişlə gəlmir?" "Bildiriş gəlir" dedi. "Abunəçinin belə söyləmədiyini" dedim. Axır ki, şikayətçinin telefonunu istədi, müraciəti müvafiq şöbənin araşdıracağını söylədi.
"STOP!"
"Azərcell" Telekomun müştəri xidmətləri ilə əlaqə saxladım. Operator T.Bayramov da müştəri şirkət olan "Sindbad"dan narazılıqların daxil olduğunu təsdiqlədi. Buna "mobil dələduzluq" və ya başqa bir ad qoymaqda çətinlik çəkdiyini söyləyən operator, təmsil etdiyi şirkətin abunəçilərə yalnız rabitə xidməti göstərəcəyi ilə bağlı razılaşmanı xatırlatdı. Şirkət əməkdaşı bu işə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir çözüm tapmalı olduğunu vurğuladı. Təəssüflə qeyd etdi ki, bu gün üçüncü şirkət tərəfindən dəyə biləcək zərərdən sığortalanma mexanizmi yoxdur.
T.Bayramov sistemdə baxaraq "Sindbad"a aid 4 saytın olduğunu və bu siyahının hələ tam olmadığını, şirkətə aid başqa saytların da mövcudluğunu diqqətimə çatdırdı. Dedi ki, şirkətin xidmətlərinə təsadüfi qoşulanlar operatora şikayət edə bilərlər. Amma sayta könüllü qoşulanlar da var. O ki qaldı sms bildirişin gəlməməsinə, dedi ki, sim-sim abunəçilərindən fərqli fakturalı xətt abunəçiləri belə bildiriş almırlar. Məsləhət bildi ki, abunəçilər mobil cihaz oyunları yükləmələrinə üstünlük verməsinlər. Mobil marketinqdən imtina etmək üçün isə abunəçi sms filtrasiya xidmətindən yararlana bilər, 9005 qısa nömrəsinə STOP mətnli sms göndərməklə arzuolunmaz reklamların dayandırılmasını təmin edər. Bunun mənfi tərəfləri də var, belə ki, abunəçi ona lazım olan, məsələn, bank xəbərdarlıqlarının da qarşısını almış olur.
Şirkətin "Facebook" səhifəsində də "Sindbad"ın bu cür "fəaliyyəti"ndən narazı insanların diskussiyaları yer alıb. "Azercell" Telekomun baş ofisinə zəng elədim, lakin operator Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanı yerində tapmadı.