Zərdüşt Əlizadənin “İkinci Respublikanın sonu” adlı kitabına kiçik bir sözardı.
Bu gün, 00:03

Əslində bu mövzu toplumda ciddi müzakirələrə səbəb oldu.Mən də kitabı oxumadan fikir bildirmək istəmədim, yəni imtahanda mövzunu bilməyib elə hey biletin ətrafında danışmaq da şakərim deyil. Özümə əziyyət verib əsas tezisləriylə tanış oldum.Samballı cavab verilməyib bu günədək. İçimdən gəldi yazdım, məsələnin sosiolgiyası önəmli.
“Şəfibəyçilik”- Milli Azərbaycan hərəkatına qarşı atılan şübhəli intriqalardır.
M.Ə.Rəsulzadə “ Şəfibəyçilik.”
Əlizadənin “zərdüştçülüyü”.
Zərdüşt Əlizadənin “İkinci Respublikanın sonu” adlı kitabına kiçik bir sözardı.
Kitab çox qalındır. Qantel və yaxud qapaz kimi də istifadə etmək olar. Düzünü desəm, tam oxumamışam, amma kitabdakı əsas mətləblərə, müəllifin toxunduğu mövzulara göz gəzdirmişəm. Eyni zamanda bu kitabla bağlı onun müsahibə və tanıtımını diqqətlə izləmişəm.
Çox təəssüf ki, “tam yararsızdır” damğasını vurmaq fikrimdən uzağam. Ümumiyyətlə, insanların oxumadıqları kitablar haqqında fikir yürütməsini gülünc hesab edirəm. Bu tarixdə də, ədəbiyyatda da, xüsusilə dində və dinlə bağlı ədəbiyyatda çox olub. 1400 ildir Quranı oxumadan müsəlmanıq nəhayətində...

Əlbəttə, Zərdüşt Əlizadənin yazdıqları Quran ayəsi deyil. Amma o, 1988–1993-cü illərə həm retrospektiv baxış sərgiləyib, həm də birbaşa iştirak etdiyi proseslər və şəxsiyyətlər haqqında subyektiv prizmadan danışıb. Linçləməni qəbul etmirəm. Necə deyərlər, bu mövzuda fikrə fikirlə, dəlilə dəlillə cavab vermək vacibdir.
Zərdüşt Əlizadəyə cavabı onunla vaxtilə birgə mübarizə aparmış, sonra yollarını ayırmış hərəkatın öndəgedənləri verməlidirlər. Bu, mənim əsla predmetim deyil.
Çox təəssüf ki, milli-azadlıq hərəkatını obyektiv tarix şüuru ilə xarakterizə edən bircə dənə də mənbə yoxdur. Hər kəs tarixi prosesləri deyil, özünü və ya şəxsiyyətinə pərəstiş etdiyi liderlərini anlatmağa çalışır. Zərdüşt Əlizadə də bu “xəstəlikdən” xali deyil.
Yaxşı xatırlayıram onun “İstiqlal” qəzetini. Sosial-demokrat kimliyi ilə ən anarxist fikirlərini dönəmin iqtidarına qarşı manşet edirdi. Yazıları çox vaxt yaranı deşməyi bacarırdı, çünki hamını az qala beş barmağı kimi tanıyırdı, kimi haradan və necə vurmağı yaxşı bilirdi.
Bu kitab da eyni mahiyyətdədir. Nə qədər qalın olsa da, içərisində hərəkatın ideoloji əsasları ilə bağlı demək olar ki, heç nə yoxdur. Əksinə, subyektiv “çamurlar” daha çoxdur. Kitab mənə firqədaxili ziddiyyətlərin kitablaşdırılmasından başqa heç nə xatırlatmır.
Bu kimi hallar, üslub və yanaşmalar hər dönəmdə olub. Atatürk və Türkiyə Cümhuriyyətinə, Adnan Menderesə, mühacirətdə Rəsulzadə və dava yoldaşlarına qarşı Şəfi bəy Rüstəmbəyovun etdiklərini xatırlamaq yetərlidir.
Rəsulzadə Şəfi bəyin çamur və iftiralarına qarşı məcbur qalıb “Şəfibəyçilik” əsərini yazdı. Fikrini fikirlə, dəlilini dəlillə cavablandırdı. Hətta Şəfi bəy bu tutarlı arqumentlər qarşısında geri çəkildi və ona edilən təzyiqlər nəticəsində səhvini etiraf etdi.
Amma Zərdüşt Əlizadə Şəfi bəy deyil. Heç bir müstəvidə bu paraleli aparmaq mümkün deyil. Ən azından, Şəfi bəy çarizmə və sovet quruluşuna qarşı apardığı mübarizədə əqidəli, məfkurəli biriydi. Sadəcə, mühacirət həyatının çətin şərtlərinə Rəsulzadə qədər mətin duruş göstərə bilmədi. Şəxsi intiqam hissləri milli düşüncənin önünə keçdi. Nəticədə, hamı Rəsulzadə ola bilməz.
Hərəkatda iştirak edənlər Zərdüşt Əlizadə və Leyla Yunusun necə bir separatçılıq ruhuna malik olduqlarını yaxşı bilirlər. Eyni zamanda, cəbhədaxili ifrat radikallığın da varlığını kimsə inkar edə bilməz. Bu iki məziyyət hərəkatın mahiyyətinə xələl gətirən əsas amillər idi.
Bu üzdən Zərdüştün kitabında yer alan arqumentlərin bir çoxu subyektiv olsa da, oxucunu düşündürür və bəzi məsələlərdə ona haqlılıq qazandırır. Kitabın təqdimatı zamanı aparıcının da bu təsirin altında olduğu hiss olunurdu.
Zərdüşt Əlizadə bu kitabda "külliyən yalan danışır" demək haqsızlıq olar. Amma bəzən müəyyən arqumentlərlə fikir bulandırmağa çalışır. Ən azından bu kitab səmimi, obyektiv tarix şüuru ilə yazılmış əsər deyil. Bu kitabda həm memuarçılıq var, həm də firqəbazlıq.
Kitab haqqında sosial şəbəkələrdə aparılan müzakirələrdə əsas hədəf Zərdüştün ata-anaları oldu. Halbuki kitabda onların romantik eşq və macəralarına dair heç nə yoxdur. Ancaq bu nifrətin də səbəbləri var. Zərdüşt və Araz Əlizadə qardaşları, uzun illər boyu, milli azadlıq hərəkatı elektoratının gözündə şər və iftira simvoluna çevriliblər. Bu obrazı da özləri formalaşdırıblar, çox vaxt haqlı tənqidlər səbəbindən.
Amma bir prinsip dəyişməzdir: kitaba kitabla cavab vermək lazımdır. Qurşaqdan aşağı zərbələr birgünlük enerji boşalmasıdır, sabah isə unudulacaq. Rəsulzadə nümunəsi ortadadır: Şəfi bəyi dəlillərlə susdurdu. “Şəfibəyçilik” – bu, kirli və cılız eqodan doğan bir xəstəlikdir, başqa adı yoxdur.
Düşünürəm ki, sosial-demokrat kimliyi ilə guya mübarizə aparan Zərdüşt Əlizadənin bu qalın kitabı da milli azadlıq hərəkatında kök salmış yeni bir “zərdüştçülükdür”. Bu arada, Nitşenin “Zərdüşt belə söylədi” əsərinin Zərdüşt Əlizadə və bu “zərdüştçülük”lə heç bir əlaqəsi yoxdur. Nizami Gəncəvi yazırdı:
“Eyni dəmirdən qılınc da olur, nal da...”
Bir sözlə, “zərdüştçülük” çağdaş milli azadlıq hərəkatımızın firqədaxili ziddiyyətlərini alovlandıran yeni “şəfibəyçilik”dir. Amma Zərdüşt Əlizadə nə Şəfi bəydir, nə də onun qədər tarix qarşısında məsuliyyət hissi daşıyır. Bu da ayrı bir həqiqətdir.
MÜHÜM QEYD. Lütfən bu yazı-statusumu zəhmət çəkib oxuyanlar Zərdüşt Əlizadə və ailəsini aşağılayacaq ifadələr işlətməsin. Kimliyindən asılı olmayaraq bu şərhlər silinəcək. Sayqılarımla.
Muhammed Israfiloglu
TEREF