“Azercell Telekom” MMC irəli sürülən ittihamlara operativ cavab verdi - MÖVQE

30-05-2019, 23:36           
“Azercell Telekom” MMC irəli sürülən ittihamlara  operativ cavab verdi - MÖVQE
Teref.az olaraq dərc etdiyimiz " “Azercell Telekom” MMC reketlik edib.." Ucar sakini şikayət edir..FOTO“ şikayət məktubuna "Azercell Telekom” MMC-nin mövqeyini təqdim edirik:
Hörmətli baş redaktor,
30 May, 2019-cu il tarixində saytınızda yerləşdirilən ““Azercell Telekom” MMC reketlik edib.." Ucar sakini şikayət edir..“ başlıqlı yazıya Azercell Telekom MMC olaraq aydınlıq gətirmək istərdik.
Azercell öz biznesini şəffaflıq və dürüstlük üzərində qurmağı zəruri hesab edən şirkətdir. Lakin saytınızda dərc olunan yazıda şirkətin fəaliyyətinə aid məlumatlar “Azercell Telekom” şirkətinin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq, şirkətin müsbət yöndə olan fəaliyyətinə kölgə salmaq cəhdi təəsüratını yaradır. Məsələyə aydınlıq gətirmək üçün aşağıdakı məqamlara toxunmaq istərdim:
07.12.2018-ci il tarixində Yusifova Xanım Mütdəlif qızının tələbi ilə icarə üzrə iki illik ödəniş bir dəfəyə öncədən icra edilib. Daha sonra Yusifova Xanım Mütdəlif qızı tərəfindən ödənişin artırılması ilə bağlı şirkətimizə müraciətinə cavabda zona üzrə təyin olunan maksimal məbləğ ödənildiyindən, müqavilə qiymətinin artırılmasının mümkün olmadığı sonuncuya bildirilib.
Bundan savayı qeyd edilməlidir ki, radio-baza stansiyalarının fəaliyyəti yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsinə və inkişaf etdirilməsinə, respublikanın bütün ərazisi üzrə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərinə çıxışının təmin olunmasına istiqamətlənməklə «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»nın yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı şəbəkənin qurulması və onun əsasında, kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli xidmətlərin göstərilməsini nəzərdə tutan 7.2.1-ci bəndindən irəli gələn vəzifələrin icrasına bilavasitə xidmət edir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq saytda dərc edilən qərəzli məqalə ilə bağlı bu təkzibin dərc edilməsini, həmçinin gələcəkdə “Azercell Telekom” MMC-nin fəaliyyətinə aid məlumatların dərcindən əvvəl jurnalist etikasına uyğun olaraq aparılan araşdırma çərçivəsində “Azercell Telekom” şirkətinin mövqeyinin nəzərə alınmasını xahiş edirik.


Hörmətlə,
“Azercell Telekom” MMC-nin
Korporativ Ünsiyyət şöbəsinin rəhbəri

Nigar Şıxlinskaya












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.