Şəhid zabit ailəsi Ayna Hacıyevanı Bakıxanovda yaşadığı mənzildən çıxarmaq istəyənlər məhkəmə davası açdılar

7-09-2019, 08:41           
Şəhid zabit ailəsi Ayna Hacıyevanı Bakıxanovda yaşadığı mənzildən çıxarmaq istəyənlər məhkəmə davası açdılar
Bir neçə ay əvvəl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 24, mənzil 42 ünvanda yaşayan şəhid zabit ailəsi Hacıyeva Ayna Cəlal qızının redaksiyamıza müraciəti haqqında məlumat vermişdik. Ayna xanım onu hazırda yaşadığı evdən bayıra atmaq istəyən şəxslərdən onu qorumağa çağırmışdı.

Vətəndaş A.Hacıyevanı incidən kimlərdir və nə üçün bu işlə məşğul olurlar?

Xanım A.Hacıyeva həyat yoldaşı Mehman Hacıyevlə illər əvvəl Rusiyanın Kaluqa şəhərində yaşadıqlarını, həyat yoldaşının hərbçi zabit olduğunu, Qarabağa erməni təcavüzü başlayanda 2 uşaqlarını götürüb Bakıya qayıtdıqlarını, ərinin 1993-cü ilin avqustunda Zəngilan uğrunda gedən döyüşlərdə həlak olduğunu yazır. Şəhid zabit xanımının yazdığına görə, hələ Kaluqada yaşayanda Bakıdan onlara ərinin dostu, Oleq adlı bir rus tez-tez gəlib-gedərmiş. “Biz Bakıya qayıtdıqdan sonra da Oleqlə ailəvi dostluğumuz davam edirdi. Mehmanın Vətən uğrunda döyüşlərdə həlak olduğu o ağır günlərdə Oleq daim yanımızda olur, bizə arxa dururdu. 2012-ci ilin avqustunda Oleq özü də qəfil xəstələndi. İki dəfə ailə qurmuşdu. Hər nikahdan bir övladı var. Bir qız, bir oğlan atası idi. Ancaq ağır günlərində ona tək biz baxırdıq. Elə həmin dövrdə rəhmətə getdi və mən onun bütün dəfn işlərini öz üzərimə götürdüm, çünki ailə dostumuz idi...”.

Ayna xanım yazır ki, Oleq rəhmətə gedəndən sonra öz yaşadıqları ev bərbad vəziyyətdə olduğu üçün yığışıb Oleqin evinə köçüblər: “Xeyli pul qoyub evi təmir etdim və birotaqlı ev nisbətən yaşamalı vəziyyətə salındı. Rahatlığımız uzun çəkmədi. Az sonra məlum oldu ki, Bakı şəhəri, 3 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Oleq Lixoçevin Rusiyada yaşayan oğlu ilə razılaşaraq, Oleqin digər rəsmi nikahdan olan qızından xəbərsiz evi öz yaxın adamlarının adına sənədləşdirib. İndi mənə, heç bir yaşayış yerim olmadığı halda, evdən çıxarmaq üçün təzyiq göstərirlər, özünü evin sahibi kimi təqdim edən Səfər Soltanov adlı şəxs mənə təzyiq göstərmək üçün, əslində, mənə hörmət etmiş rayon məmurlarının – başçının, prokurorun adını heç bir əsas olmadan hallandırır, cürbəcür saytlarda böhtan və şər yazdırır. Halbuki, bu məsələnin nə Sabunçu İcra Hakimiyyətinin başçısına, nə də rayon prokuroruna hər hansı aidiyyəti var”.

Ayna Hacıyeva yazır: “Məni evdən çıxarmaq istəyənlərə deyirəm ki, evin təmirinə 20 min pul xərclədiyim halda, saxta sənədlərlə evə sahiblənmək istəyənlərə niyə güzəştə getməliyəm?” A.Hacıyeva deyir ki, məsələdə başçının, ya prokurorun adını hallandırmaqdansa, məhkəməyə müraciət etsinlər və məhkəmədə hər şeyi aydınlaşdıraq.

Həqiqətən də maraqlıdır ki, evin sahibi olduğunu iddia edən Səfər Soltanov haqlıdırsa, niyə xanımı evdən çıxarmaq üçün məhkəməyə müraciət etmir və qanuni yolla məsələnin həllinə nail olmaq istəmir? Bu sualın dəqiq cavabını da Ayna xanım özü verir: “Məhkəməyə müraciət etməkdən qorxurlar. Çünki Oleqin qanuni nikahdan iki övladı qaldığı halda, onlar Oleqin tək oğlan övladı ilə sövdələşiblər. İndi qorxurlar ki, məhkəməyə müraciət etsələr, Oleqin qız övladı da ortaya çıxaraq onların etdiyi qanunsuzluğu ifşa edəcək və hər hansı sənəd əldə ediblərsə, məhkəmə o sənədi ləğv edəcək. Bax, burada bəzi şeylər aydınlaşır. Görünən odur ki, Oleqin hər iki övladının vərəsəlik hüququ nəzərə alınmadan evi öz adına sənədləşdirənlər nə həmin sənədləri üzə çıxara, nə də məhkəməyə müraciət edə bilirlər. Qanuni həll yolunda perspektiv görmədikləri üçün, şantaj və təzyiq yolu seçir, rayon rəhbərlərinin adını əsassız şəkildə hallandırmaqla evi tərk etməyə məcbur etmək istəyirlər”.

Burada məsələnin mənəvi tərəfi də var. Ayna Hacıyeva kimi şəhid ailələrinə dövlət, cənab Prezident bütün vasitələrlə himayə göstərdiyi halda, canını Vətənə fəda etmiş şəhid zabitin həyat yoldaşını köməksiz vəziyyətdə evdən bayıra atmaq heç bir vicdan normasına uyğun gəlmir.

Bu gün redaksiyamızla əlaqə saxlayan Ayna Hacıyeva ona qarşı adıçəkilən şəxslərin Sabunçu Rayon Məhkəməsində artıq iddia qaldırdıqlarını və prosesin başladığını bildirdi.

Yaxın günlərdə məhkəmənin gedişi ilə bağlı məlumatlar verəcəyik. Oxucular üçün də maraqlıdır ki, Oleq dünyasını dəyişəndən sonra onun iki qanuni övladının birindən rəsmi icazə almadan onun evi necə və kimin adına özəlləşdirilib? Məhkəmədə Oleqin digər övladının pozulmuş hüququnun bərpasına necə baxılacaq? Şəhid ailəsi Aynanın taleyi necə olacaq? Şəhid ailəsi illərlə yaşadığı evdən necə çıxarılacaq? Qəzet və saytımızı izləyin.
baki-xeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.