Azərbaycanda kazinoların fəaliyyətinə icazə verildi

Bu gün, 11:12           
Azərbaycanda kazinoların fəaliyyətinə icazə verildi
Milli Məclis süni torpaq sahələrində kazino fəaliyyətini leqallaşdıran qanun layihəsini növbədənkənar sessiyasının iyulun 8-də keçirilən iclasında, üçüncü oxunuşda qəbul edib.

Layihəyə əsasən, Azərbaycanda kazino yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində təşkil oluna bilər. Üstəlik, onlar yalnız xüsusi lisenziya əsasında fəaliyyət göstərəcək, lisenziya üçün müraciətdən başlayaraq fəaliyyət dövründə dövlət nəzarəti həyata keçiriləcək.

Habelə sənədə görə, kazino təşkilatçısı yalnız hüquqi şəxs ola bilər və maliyyə əməliyyatlarında şəffaflıq, AML/CFT tələblərinə əməl etməlidir.

Oyunlarda yalnız 21 yaşdan yuxarı şəxslərin iştirakı nəzərdə tutulur, virtual kazinolar isə qadağan edilir.

27 il öncənin qadağasına yaşıl işıq
Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunub. Onunla bağlı keçmiş prezident "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda qərar "Azərbaycan xalqının mənəviyyatına mənfi təsir göstərən,... hallara yol verməmək, iqtisadi sahədə cinayətkarlıqla mübarizənin möhkəmləndirildiyi və bazar münasibətlərinin bərqərar olduğu bir zamanda həmin sahədə müxtəlif əyintilərin qarşısını almaq məqsədi ilə" izah edilmişdi.

Amma son illər hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra iş adamları və deputatlar kazino oyunlarına icazə verilməsi ilə bağlı təkliflər səsləndirmişdilər. Onlar bunun ölkədə turizmin və iqtisadiyyatın inkişafına fayda verəcəyini düşünürdülər. İndi də Azərbaycan parlamentində təmsil edilən bəzi deputatların yerli mediaya bildirmələrinə görə, keçmiş dövrdə "effektiv nəzarət mexanizmlərinin olmaması, dünya təcrübəsinin öyrənilməməsi" bu cür fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı. Onların fikrincə, indi dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir.

Amma ayrı-ayrı müxalifət təmsilçiləri zaman-zaman açıqlamalarında kazinolara yenidən yaşıl işıq yandırılmasına mənfi münasibətlərini bildiriblər. Onların fikrincə, hakimiyyət belə hallara yol verməkdənsə, əhalinin sosial güzəranın yaxşılaşdırılmasına diqqət ayırmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.