Tanınmış iqtisadçı od püskürdü: “Aylıq 40 min manat pul hara gedir?”
18-02-2021, 20:29

“Azərbaycan Respublikasının qanunlarının işləmədiyi “Xırdalan”da məişət tullantılarının yığılması və daşınması tarifləri artırılıb”.
KONKRET.az xəbər verir ki, bu iddia ilə tanınmış iqtisadçı Samir Əliyev səsləndirib. O, bildirib ki, hazırda Xırdalanda adambaşına düşən “zibil” pulu aylıq 50 qəpikdir: “Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən, bu məbləğ adambaşı aylıq 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini “Xırdalan” şəhər rəhbərliyinə tabe olan “JEK”lər həyata keçirir. O JEK-lər ki, statusu Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənmir”.
İqtisadçı əlavə edib ki, şəhərdə yaşayan əhalinin sayı barədə dəqiq məlumat yoxdur: “Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına görə, rayonda ümumilikdə rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir. Bu vəsait hara gedir və necə rəsmləşdirirlir?. Xırdalan camaatına müraciət edərək bildirmək istəyirəm ki, “zibilə” görə adambaşı 30 qəpikdən artıq pul verməyin”.
Qeyd edək ki, sözügedən iddia ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli “Qafqazinfo”ya açıqlamasında Tarif Şurasının qərarına əsasən qiymətin 30 qəpik olaraq qaldığını və heç bir artımın olmadığını bildirib.